Yuxarı

"Mühacir bazarı” uğrunda savaş

Avropada yaşayan azərbaycanlı mühacirlərin yaratdığı AND (Azərbaycan Naminə Demokratiya) hərəkatı Milli Şuranın 23 sentyabr mitinqi ilə bağlı müraciət yayıb. Hələ ki, AND Milli Şuranın mitinqini dəstəkləyən yeganə qurumdur. Lakin bu da təqdim olunduğu qədər müstəqil deyil. Düzdür, təşkilatın Avropada yaşayan və siyasi baxışlarından fərqli olmayaraq azərbaycanlı mühacirlər tərəfindən yaradıldığı bildirilsə də bunun qurulma təşəbbüsünün "Yurd” sədri Əli Kərimlidən gəldiyi də sirr deyil. Məhz buna görə AND Milli Şuranın bütün mitinqlərinə dəstək verir. AND-da təmsil olunan insanların hamısı "Yurd” üzvləri və Əli Kərimlinin saxta sənədlər mühacirətə göndərdiyi "cəbhəçilərdir”.

AND-ın 23 sentyabr mitinqinə dəstək kampaniyasına start verdiyi bu günlərdə Müsavat Partiyasına bağlı olan və Avropada fəaliyyət göstərən Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) Azərbaycan hakimiyyəti əleyhinə mitinqlər keçirir. Mitinqlərdə siyasi məhbusların azad edilməsi tələb edilib.

Bazar uğrunda savaş

Uzun müddətdir passiv fəaliyyət göstərən AKM və AND-ın bu günlərdə eyni vaxtda fəallaşması təsadüfi hesab edilmir. Aktivləşmə qarşıdan gələn seçkilərlə əlaqələndirilsə də ortada tamam başqa məqamlar var. Bu da uzun illərdir "mühacir biznesi”ndə biri-birilərinə rəqib olan Müsavat və "Yurd”un Avropa bazarı uğrunda apardıqları mövqe savaşı ilə bağlıdır. Son zamanlarda AND-dan Müsavat AKM-ə gedənlərin sayının artması tərəflər arasında gərginlik yaradıb. Buna görə də təşkilatlar ortaq maraq kəsb edən məsələlərdə belə fəaliyyətlərini birgə koordinasiya etmək istəmirlər. Hər iki qurumun əsas fəaliyyət istiqaməti də "mühacir biznesi” ilə əlaqədar olduğuna görə, hər kəs nəzarət etdiyi "bazar”da mövqeyini gücləndirməyə çalışır. AND və AKM-i üz-üzə qoyan əsas məsələ də budur.

"Seçki mübarizəsi”

AND və AKM-in fəallaşması seçkilərlə əlaqələndirilir. Lakin bu iddia həqiqət olsa belə, məsələnin mahiyyətində qeyri-ciddilik var. Çünki bu təşkilatların "Yurd” və Müsavatın adına apardıqları seçki mübarizəsində əsas məqsədin və qarşıya qoyulmuş missiyanın nədən ibarət olduğu da bir müəmmadır. Çünki Azərbaycanın seçici elektoratının əsas hissəsi Azərbaycandadır, Avropada isə vur-tut 10 min seçici olmaz. Buna görə də əgər gərginlik seçki məsələsidirsə, hansı mübarizədən söhbət gedə bilər. Məsələ bu qədər ciddidirsə, mövqe niyə seçkinin keçirildiyi mərkəzdə - Azərbaycanda aydınlaşdırılmır? Bəs, AND və AKM-in öz-özlüyündə nə qədər etirazçı elektoratı var? Ümumiyyətlə, elektoratları varmı? Hər halda bu suallara cavab vermək "Yurd” və Müsavat üçün asan deyil. 

Təşkilatların Avropanın siyasi institutları yanında elə bir nüfuzları da yoxdur ki, bu fəallaşmaya reaksiya veriləcəyinin gözləntisi yaransın. Ən əsası da budur ki, AND və AKM Avropada mühacir həyatı yaşayan, yəni Avropa dövlətlərindən sığınacaq almış insanlar arasında mübarizə aparırlar və işlərini də onlarla koordinasiya edirlər. Buna görə də o ehtimal doğrudur ki. Bu fəallaşma daha çox "mühacir bazarı” uğrunda gedən  bir mübarizədir.

Mənsur





Həftənin ən çox oxunanları