Yuxarı

Qərbin yanlış Azərbaycan siyasəti

Qərbin yanlış Azərbaycan siyasəti

Qərb Azərbaycana qarşı sanksiya yolunu tutub. Avropa Şurası və bir sıra Qərb dairələri Azərbaycanda insan hüquqları və siyasi məhbus problemini əsas  gətirərək, rəsmi Bakının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırır. Qeyd edək ki, artıq Avropa Şurası siyasi məhbusların azad edilməsi üçün Azərbaycana oktyabrın 25-nə qədər vaxt verib. Bu zaman ərzində Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etməsə, Azərbaycana qarşı sanksiyalar müzakirəyə çıxarılacaq. 

Məsələ ondadır ki, bu məsələdə Qərb mətbuatı özü də Azərbaycana qarşı Avropanın tutduğu yolun yanlış olduğunu yazır. Qərb mətbuatı yazır ki, Azərbaycana qarşı nəzərdə tutulan sanksiyaların ləğv olunması vacibdir. Əgər sanksiyalar ləğv olunmazsa,  təzyiqlər davam edərsə, rəsmi Bakı Qərbdən üz döndərəcək. Bu isə təbii ki, Qərbin maraqları çərçivəsində deyil.

Azərbaycan faktiki olaraq regionun lider dövlətlərindən biridir. Ciddi enerji resurslarına sahib olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində  mühüm rola malikdir. Bu baxımdan Qərb Azərbaycan kimi partnyoru itirmək marağında deyil. Digər tərəfdən sanksiyalar tətbiq olunarsa, bu bölgədə Rusiyanın mövqeyini  daha da gücləndirəcək. 

Siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, həm hakimiyyət, həm də onun maraqlarını müdafiə edən lobbi qrupları bu fikrə daha çox üstünlük veriblər: "Düşünürlər ki, əgər Azərbaycana təzyiqlər olarsa, konkret sanksiyalar tətbiq olunarsa, bu Azərbaycanın Qərbdən uzaqlaşmasına və Rusiyaya yaxınlaşmasına gətirib çıxara bilər. Bu nəzəri olaraq qəbul olunan bir fikirdir. Digər tərəfdən isə belə bir sual yaranır ki, Azərbaycan Rusiyaya yaxınlaşaraq nə qazanacaq? Məsələnin əsas mahiyyəti məhz budur. Əslində isə Azərbaycan heç bir zaman Rusiyadan uzaq olmayıb. Azərbaycan müstəqillik qazanandan bəri Rusiya ilə bağlı problemlərini həll edə bilməyib. Azərbaycanın həyatı məsələ kimi ortalığa qoyduğu Dağlıq Qarabağ problemi məhz Rusiyanın ədalətsiz mövqeyi ucbatından həll olunmayıb. Bu gün Dağlıq Qarabağ cəbhəsində bu problemlə bağlı status- kvonun qorunmasında əsas həlledici geosiyasi faktor Rusiyadır. Ona görə də düşünürəm ki, səslənən arqumentlər öz təsirini çoxdan itirib”. 

Natiq Miri hesab edir ki, Qərb özü də Azərbaycanla bağlı məsələlərə ikili standartlarla yanaşır: "Təəssüf ki, Qərbin özünün davranışlarında ikili standartlar mövcuddur. Bu həm Dağlıq Qarabağ probleminə, həm də demokratiya və insan hüquqları məsələlərinə yanaşmada özünü göstərir. Bu da Azərbaycan ictimaiyyətinin Qərbə inamını sarsıdır. Düşünürəm ki, həm Qərbin, həm də Azərbaycanın yanaşmasında müəyyən problemlər mövcuddur. Biz bunu Azərbaycanla Avropa Birliyi arasında strateji tərəfdaşlıq sazişinin uzanmasında da görürük. Bir müddət öncə Azərbaycanın xarici işlər nazirinin müavini bəyan etdi ki, Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq saizişi bu il imzalanmayacaq. Bu məsələ 2018-cı ildə həll olunacaq. Bu faktın özü də göstərir ki, bu sazişin imzalanmasında müəyyən problemlər var”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları