Yuxarı

Moskva və İrəvanı qıcıqlandıran Bakı səfəri

Moskva və İrəvanı qıcıqlandıran Bakı səfəri

Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin Azərbaycana səfəri gözlənilir.

Bu barədə  "Report”a Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev məlumat verib. "Bilirsiniz, keçən il faciəli hadisə baş verdi. Özbəkistanın ilk prezidenti İslam Kərimov vəfat etdi. Biz onun səfərinə hazırlaşırdıq. Ancaq bu hadisə planlarımızı pozdu. Sonradan biz Özbəkistanın yeni prezidentinə Azərbaycana səfər etmək təklifilə məktub təqdim etdik və təklif minnətdarlıq hissi ilə qəbul olundu. Səfərin bu il baş tutacağı açıqlandı", - Hüseyn Quliyev vurğulayıb.

Ölkələr arasında ikitərəfli əlaqələri şərh edən səfir münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabr ayının 2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Özbəkistanla Azərbaycan arasında ikitərəfli əməkdaşlıq üzrə ticarət-iqtisadi, mədəni və parlamentlərlərarası əlaqələr mövcud olub.

Məlum olduğu ki, Qarabağ münaqişəsinə görə Türkiyə ilə Ermənistan arasında heç bir diplomatik əlaqə yoxdur. Özbəkistan da Ermənistanla heç bir diplomatik münasibət qurmayıb. Ümumən türk dövlətlərinin qarşılıqlı əlaqələri milli maraqlar konsepsiyasına və dövlətlərin suveren mövcudluqlarına əsaslandığından, siyasi, iqtisadi və mədəni əlaqələr çoxtərəfli münasibətlər çərçivəsindən daha intensiv şəkildə inkişaf edir.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Cebhe.info-ya bildirib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər tarixən yüksək səviyyədə olub: "Hər iki ölkə qardaş xalqdır və eyni soyun, kökün, mədəniyyətin daşıyıcılarıdır. Azərbaycanda hər zaman özbək mədəniyyətinə, ədəbiyyatına böyük sayğı göstərilib. Eyni sayğı da Özbəkistanda Azərbaycana qarşı var. İki ölkə mədəniyyəti çox qardaşlaşıb və yaxınlaşıb. Son dövrlərdə hər iki ölkə arasındakı mədəniyyət əlaqələrinin inkişafında müxtəlif addımlar atılıb. Mədəniyyət çox ciddi bir təməldir. Bunun üzərindən də irəliyə doğru digər sahələri inkişaf etdirmək daha asan olar. Özbəkistan prezidentinin Azərbaycana səfərini bu konteksdən yüksək dəyərləndirmək lazımdır. Bu münasibətlərin intensivləşməsinə xüsusi ehtiyac var”.

Politoloqun qənaətincə, Özbəkistanın türk dövlətlərinin ortaq layihələrində iştirak etməsi də çox vacibdir: "Uzun illə bu proseslərdən qismən də olsa, kənarda qalıb və məsələlərə müşahidəçi kimi yanaşıb. Amma hesab edirəm ki, artıq eyni davranışların sərgilənməsi istiqamətində də müəyyən addımlar atılacaq. Ölkələr arasındakı iqtisadi əlaqələrin inkişafı üçün çox geniş perspektivlər var. Özbəkistan ciddi resursları olan bir dövlətdir. Azərbaycanla Özbəkistan arasında enerji və nəqliyyat dəhlizi istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər perspektivlər görünür”.

Elçin Mirzəbəylinin sözlərinə görə, Özbəkistanın Ermənistanla diplomatik əlaqələri olmayıb: "Bu iki ölkə arasında münasibətlər yalnız MDB çərçivəsində formalaşıb. Ermənistanda Özbəkistanın səfirliyi olmayıb və bu, qarşılıqlı olub. Məsələyə iki konteksdən yanaşmaq lazımdır. Ermənilər tək Azərbaycan türklərinə qarşı deyil, eyni zamanda özbək türklərinə qarşı da soyqırımı həyata keçiriblər. Ermənilər çox vəhşi qətliamlar törədiblər. Orta Asiyada da ermənilərin əli türklərin qanına bulaşıb. Bu aspektdən də Özbəkistan- Ermənistan münasibətlərində həmin tarixi amillər nəzərə alınır.

Digər tərəfdən, Özbəkistan hər zaman Azərbaycanın ərzi bütövlüyünü dəstəkləyib və işğala son qoyulmasının zəruri olduğunu vurğulayıb. Azərbaycanla Özbəkistan arasında həm MDB çərçivəsində, həm də beynəlxalq müstəvidə bütün məsələlərdə hər zaman ortaq mövqe olub. Hər iki dövlət birmənalı şəkildə bir-birini müdafiə edib. Ümid edirəm ki, Özbəkistanın bu siyasəti dövlətin strateji xəttini təşkil edir. Yeni prezidentin dönəmində də münasibətlər davam etdiriləcək. Ümumiyyətlə, Özbəkistan prezidentinin Azərbaycana səfərini tarixi hadisə kimi qiymətləndirirəm. Bu, yeni münasibətlərin formalaşmasıdır. Özbəkistanda islahat xarakterli addımlar atılır, bu kontekstdə də səfər Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Özbəkistanı yaxından tanımaq lazımdır”. 

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları