Yuxarı

"Qarabağ oyunu”nda işğalçıya "qırmızı kart”

ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Endryu Şaffer Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. "Cümhuriyət” qəzeti xəbər verir ki, o, separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Amerikalı həmsədr bölgədəki vəziyyətlə tanış olub. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 6-da İrəvanda, oktyabrın 7-də isə Bakıda rəsmi görüşlər keçirəcəklər. Diplomatların Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.

Həmsədrlərin bölgəyə səfərlərinin prezidentlərin ilin sonunadək keçirilməsi planlaşdırılan görüşü üçün hazırlıq olduğu bildirilir. Ekspertlər son zamanlarda ABŞ və Rusiyadan Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağı ilə bağlı bəyanatların verildiyi bu günlərdə münaqişə ətrafında yaranmış hərəkətliliyin strateji dəyişiklikdən xəbər verdiyini istisna etmirlər. Nəzərə alsaq ki, ABŞ dövlət katibi Reks Tillerson və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son açıqlamalarında ətraf rayonların Azərbaycana qaytarılmasının, münaqişənin həll prosesində dönüş yaradacağının vacibliyinə diqqət çəkiblər. Bu baxımdan ehtimal etmək olar ki, prezidentlərin görüşündə həmsədrlərin hazırladıqları yeni həll planı üzərində müzakirələr gedəcək. Görüşdə əsas məsələnin münaqişə tərəflərini qarşılıqlı formada razı salacaq təhlükəsizlik tədbirlərinin görülməsi məsələsinin üzərində dayanılacağı da ehtimallar arasındadır.

İşğalçı geri çəkilir?

Ekspertlərə görə, münaqişənin qarşılıqlı maraqlar əsasında həll edilməsi məsələsi Rusiya və ABŞ baxımından razılaşdırılsa da Ermənistan tərəfinin narazılığı - ətraf rayonları Azərbaycana qaytarmaq istəyindən boyun qaçırması danışıqları pozur. Lakin hazırkı vəziyyətdə həmsədrlərin həm Azərbaycan, həm də Ermənistanın maraqlarını əks etdirəcək plan üzərində işlədiklərinə diqqət çəkilir. Yeni gəlişmələrin ortaya çıxardığı ehtimallara inansaq, münaqişənin mərhələli həlli və ilkin mərhələdə Qarabağətrafı rayonların Azərbaycana qaytarılması razılaşdırılıb. Buna görə də ilin sonunadək prezdidentlərin gözlənilən görüşündə ətraf rayonların qaytarılmasından sonra Dağlıq Qarabağda təhlükəsizlik tədbirlərinin görülməsi məsələsinin əsas müzakirə predmeti olacağı deyilir. Amerikanın təqdim etdiyi son prinsiplərdə ("Hoqland prinsipləri”) təhlükəsizlik tədbirlərinin beynəlxalq sülhməramlı qüvvələrin müşayiəti altında həyata keçirilməsini ön plana çəkir ki, Rusiyanın da belə bir varianta razılıq verdiyi gözləntilər arasındadır. 

Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının Nyu-York sammitində çıxışında "Ermənilər Qarabağda yaşayacaqlar”, vurğusunun üzərində dayanması da o ehtimalı yaradır ki, rəsmi İrəvan həmsədrlərin görünməyən təzyiqlərinə adekvat cavab verərək, münaqişənin həll prosesindəki mövqelərindən geri çəkilməyə başlayıb.

Münaqişənin həllində strateji dəyişiklik gözlənilirmi?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, münaqişənin həll prosesində strateji dəyişiklik hiss olunmur. Politoloqun sözlərinə görə, Azərbaycan prezidenti Avropadan olan diplomatları qəbul edəndə də dedi ki, ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonları da boşaltmaq istəmirlər. Böyük dövlətlər də  Ermənistan hakimiyyətinə təsir etmək istəmirlər: "Bu təsirlər olmadığına görə, Ermənistan ən azından Qarabağ ətrafındakı rayonları boşaltmaq istəməyəcək və bundan Azərbaycana qarşı şantaj vasitəsi kimi istifadə etməyə çalışacaq ki, sülh sazişində referendumun konkret tarixi qeyd olunsun. Amma Azərbaycan heç vaxt buna razı olmayacaq. Bu vəziyyətdə həmsədrlər bölgəyə səfər edirlər, amma yeni planın olduğunu düşünmürəm. Köhnə planları da həyata keçirə bilmirlər. Beləliklə, ortada həll üçün münbit şərait yoxdursa, prezidentlərin görüşü də sual altında qalacaq. Bu görüş keçirilsə belə, bunun müsbət nəticə hasil edəcəyinə inanmıram”.

Moskvadan Ermənistana təzyiq edildiyi iddiasına gəlincə, Elxan Şahinoğlu vurğulayıb ki, Rusiyadan yalnız ekspertlər və politoloqlar səviyyəsində Qarabağla bağlı mesajlar verilir:

"Lavrov və Putinin dilindən Qarabağ ətrafındakı rayonların qaytarılacağı ilə bağlı bu günədək bir bəyanat eşitməmişik. Bunu ancaq ayrı-ayrı politoloqlar deyirlər. Rəsmi səviyyədə heç vaxt deyilməyib ki, ətraf rayonlar boşaldılmalıdır. Halbuki Amerikanın keçmiş və indiki həmsədri, bir sıra rəsmi adamları bildiriblər ki, münaqişənin həlli üçün ilk növbədə Qarabağ ətrafındakı rayonlar azad olunmalıdır. Amma Rusiya rəsmilərinin dillərindən bunu heç vaxt eşitməmişik. Bəzi politoloqların dediklərini isə Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olmaz”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları