Yuxarı

AXCP-dən Kərkükə dəstək

AXCP-dən Kərkükə dəstək

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Tural İrfan və Ehtiram Mehtiyev İraq Kürdüstanında "müstəqillik referendumu”na etiraz etmək, İraqın ərazi bütovlüyü və suverenliyinə dəstək vermək məqsədilə bu ölkənin səfirliyində müvəqqəti işlər vəkili Fadil Avad Əl-Şuveyli ilə görüşüb. 

Cebhe.info xəbər verir ki, keçirilmiş görüş barədə AXCP sədrinin müavini Tural İrfan danışıb: 

"AXCP İraqın şimalında keçirilmiş, beynəlxalq aləmlə razılaşdırılmamış referendum nəticəsində Kürdüstana ilhaq edilməklə üzləşən kərküklü soydaşlarımızın hüquq və tarixi torpaqlarının qorunmasına dəstək məqsədilə piket keçirməyi planlaşdırmışdı. İraq Respublikasının ərazi bütövlüyü, suverenliyini dəstəkləmə xarakterli dinc piket keçirmək niyyətilə Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq Bakı şəhər İcra hakimiyyətinə müraciət də ünvanlamışdıq. Meriya piketin keçirilməsinə icazə vermədi və müvafiq qətnamənin aidiyyatı ünvana təqdim olunması tövsiyyə olundu. İraqın ərazi bütövlüyü və kərküklü soydaşlarımızın normal, beynəlxalq hüquq və qanunlar çərçivəsində təhlükəsiz yaşamasının vacib olduğunu qeyd etdiyimiz qətnamə bu gün İraq səfirliyinə təqdim edildi”. 

AXCP sədrinin müavinləri və İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl-Şuveylinin görüşündə tərəflər İraq xalqının düşdüyü ağır durumu müzakirə edib. Tural İrfan əlavə edib ki,  söhbət əsnasında cənab səfirə AXCP-nin vəziyyətdən ciddi narahatlığı çatdırılıb: 

"Vurğuladıq ki, İraq xalqının düşdüyü ağır durum, eləcə də  kərküklü soydaşlarımızın hazırki vəziyyəti eyni soy- kökün nümayəndələri olaraq bizi daha çox narahat edir. Bu baxımdan biz İraqın bütövlüyünü və Kərkükün də vahid İraq dövlətinə bağlı qalmasını dəstəkləyirik. Qeyd etdik ki, AXCP İraqın bölünməzliyinin tərəfdarıdır və Kərkükdəki bütün xalqların, əsasən də soydaşlarımızın rahat yaşamının, İraqdan ayrılmazlığının dəstəkçisidir. Tarixən ölkələrimiz və xalqlarımız arasında bağlılıq olub, kərküklü soydaşlarımıza görə bu bağlar daha da möhkəmlənib. Biz İraq xalqının demokratik dəyərlərə sadiqliyi, ölkənin bölünməzliyi, suverenliyinin tərəfdarıyıq. Həmçinin cənab səfir də bildirdi ki, İraqın bütövlüyü vacibdir və Kərkük də İraqın ayrılmaz hissəsi olaraq bir çox millətlərin yaşadığı tarixi İraq şəhəri kimi qalacaqdır. Kərkük təkcə türkmanların yox, orada yaşayan ərəblərin, kürdlərin və digər etnik qrupların şəhəridir. Ona görə də Kərkükün İraqdan ayrılması mümkün deyil. Şimali İraqdakı referendumdan sonra yaranmış problemlə bağlı olaraq da səfir bildirdi ki, bu məsələ sülh və danışıqlarla İraqın daxili işi olaraq müsbət həllini tapacaq. Səfir İraqda yaşayan dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların haqlarının bərabər şəkildə qorunacağına əmin etdi”.

Cebhe.info





Həftənin ən çox oxunanları