Yuxarı

Mitinq oldu, bəs sonra?

Mitinq oldu, bəs sonra?

Milli Şura "Yurd”un məlum kontingentinin dəstək verdiyi daha bir mitinqini keçirdi. Aksiya yenə köhnə tezislər üzrə trafaret çıxışlar, xalqı maraqlandırmayan şüarlarla yadda qaldı. "Məhsul”dakı aksiya "Milli Şuranın təşkil etdiyi mitinqlər konkret olaraq bir nəfərin şəxsi maraqlarına xidmət edir” deyimini təsdiq etdi. Xalq yenə də Milli Şuranın aksiyasına dəstək vermədi.

Maraqlıdır, bəs bu  mitinqin effekti nə oldu? 

"Xalq aldadılmaqdan yorulub”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev "Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanın siyasi sistemində ciddi dəyişikliyə ehtiyac olduğunu deyib. AXCP yetkilisi hesab edir ki, Milli Şuranın mitinqləri yalnız maliyyə maraqlarına hesablanıb:

"Bu gün insanlara siyasi oyunlar deyil, problemlərdən uzaq yaxşı güzəran lazımdır. Mitinqlərə insanların maraq göstərməməsinin səbəbi də elə budur. Xalq artıq aldadılmaqdan yorulub. 20 ildən çoxdur ənənəvi müxalifətin mitinq taktikası  heç bir fayda vermir. Xalq eyni simalar, eyni vədlər, mitinqlər, pafoslu çıxışlar eşidir, amma lazım olan arzularına çata bilmir. Çünki, ənənəvi müxalifətdə o dəyişikliyi edə biləcək səmimi, dürüst lider yoxdur. Olanlara da ənənəvi liderlər imkan vermir. Axı hakimiyyətin öz sıralarından dışladığı Gültəkin Hacıbəyli xalqın problemlərini necə danışa bilər? Bu gün Milli Şura 1000-2000 adamla mitinq keçirə bilər. Bu say isə hakimiyyəti həyəcanlandıracaq say deyil. Baxın, mitinqlərdən sonra cəmiyyətdən hər hansı reaksiya da olmur. Eyni mitinqləri vaxtilə eyni simaların birləşdiyi İctimai Palata da edirdi. İllər keçdi, amma nə nəticə, nədə ki, simalar dəyişmədi. Dəyişən pullar oldu. Milli Şuranın mitinqləri böyük pulların yuyulmasına hesablanıb. Başqa sözlə desək, mitinq keçirib azalan maliyyələrini artırmaq istəyirlər. Ümumiyyətlə, müxalifət mitinqlərə hazır deyil. 

Çünki, ənənəvi müxalifətin heç bir sosial bazası yoxdur. Bütün müxalifət birləşsə, o, stadionu doldura bilməz. Ümumxalq mitinqləri keçirilməlidir. Mitinqlərin kütləvi olması üçün xalqın iştirakı və dəstəyi vacibdir. Buna hazır olmaq üçün ilk növbədə ənənəvi sifətləri, pafoslu çıxışları, iş üslubunu ümumiyyətlə, köhnə olan hər şeyi dəyişmək lazımdır. Xalq meydanda yeni simalar görməlidir. O simalar ki, öz maraqlarını deyil, xalqın maraqlarını düşünsün. Düzdür, indiki şərtlər altında buna nail olmaq çox çətindir. Hakimiyyət bütün gücü ilə ölkədə siyasi aktivliyin qarşısını alır”.

"Mitinq atmosferi yoxdur”

Ağ Partiyanın sədri Tural Abbaslı da hesab edir ki, keçirilən mitinqlər birbaşa şəxsi maraqlara hesablanıb:

"Keçirilən mitinqlərin effektivliyini mübarizə baxımından yüksək qiymətləndirmirəm. Bu aksiyaları daha çox hansısa siyasi qüvvələrin özünün siyasi səhnədə qaldığını  və ya hələ də yaşadığını göstərmək məqsədilə keçirdiyi tədbir hesab edirəm. Çünki cəmiyyətdə mitinq atmosferi yoxdur. Üstəlik, qoyulan tələblər o qədər də güclü  deyil ki, xalq gəlsin. Digər tərəfdən, bu cür aksiyalar  xalqda müxalifətə, mitinqin gücünə olan etimadı da zəiflədir. Ona görə də son keçirilən mitinqləri effektiv hesab etmirəm. 

Bunu mübarizəyə hesablanmış kimi yox, daha çox taktiki addım kimi qiymətləndirirəm. Məqsədləri də daha kiçikdir. Hansısa siyasətçinin siyasi səhnədə qalması üçün xalqın etimadını sarsıtmaq olmaz”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları