Yuxarı

Ənənəvi müxalifətin elektoratı parçalamaq cəhdi

Ənənəvi müxalifətin elektoratı parçalamaq cəhdi

"Yurd” və həmfikirləri yeni siyasi güclərə qarşı mübarizəyə köklənib

Milli Şura azsaylı mitinqlərə start verib. Artıq iki dəfə "Məhsul” stadionunda piket xarakterli mitinq keçirən qurumun  növbəti aksiyaya hazırlaşması barədə məlumat yayılıb. Yaxın günlərdə ənənəvi olaraq "Məhsul”a toplaşacaq azsaylı Şura və "Yurd” tərəfdarları bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyə hazırlaşır.

Mitinqlərin sifarişçisi olan "Yurd” təşkilatının fəallaşdığı bu günlərdə Azərbaycan parlamentinin ABŞ-da yaşayan keçmiş sədri Rəsul Quliyevin aktivliyi də diqqətdən yayınmır. Gələn il Azərbaycanda prezident seçkilərinə qatılacağını elan edən eks-spikerin Azərbaycandakı bir qrup tərəfdarı yaxın günlərdə onun namizədliyini elan edəcək. R.Quliyev bununla əlaqədar gələn il Azərbaycana gəlməyi də planlaşdırır. Hər halda özü belə deyib. 

"Yurd” sədri və eks-spikerin ortaq məxrəci

İki fərqli məkanda və bu günədək bir-birinə daban-dabana zidd mövqedə dayanan iki cəbhənin fəallığında eynilik də diqqətdən qaçmır. Rəsul Quliyevin Milli Şuranın mitinqlərinə dəstək verən tərəfdarları bu nümayişlərdə fəallıq da göstərirlər. Quliyevin tərəfdarları mitinqlərin sosial şəbəkələr və bir sıra xəbər saytlarındakı təbliğatının müəyyən hissəsini öz üzərlərinə götürüblər.

Məlumdur ki, Rəsul Quliyev Milli Şuranın ən kəskin əleyhdarlarından biri idi və indi də bu istiqamətdə nələrsə deyir. O açıqlamalarında Şura və "Yurd”un eybəcərliklərindən danışan  eks-spiker bu qurumları hakimiyyətlə işbirliyində də ittiham edirdi. Lakin son günlərdə həm şuraya, həm də "Yurd”a qarşı mövqeyində liberallıq göstərən Rəsul Quliyevin kəskin dönüş edərək, seçkilər üçün Əli Kərimli ilə sövdələşmək niyyətində olduğu ehtimal olunur. Əli Kərimli ilə yanaşı, Müsavat və ənənəvi müxalifətin digər siyasi təşkilatlarıyla təmaslar quran eks-spiker yaratmağa çalışdığı yeni birliyin vahid namizədi olmaq niyyətini də Bakıdakı tərəfdarları vasitəsilə dilə gətirib. Rəsul Quliyevlə işbirliyində maraqlı olan bir sıra siyasi partiyalardan mətbuata verilən açıqlamalardan da məlum olur ki, dəfələrlə uğursuzluğa məhkum olmuş ənənəvi müxalifət ("Yurd”, Müsavat və digərləri) eks-spikerin ətrafında toplaşmaqda maraqlıdır.

Rəsul Quliyevlə oynanılan oyun

Görünən budur ki, ənənəvi müxalifətin başbilənləri azsaylı protest elektoratını Azərbaycana gəlmək imkanı və ehtimalı sıfırdan da aşağı olan Rəsul Quliyevin ətrafında toplamaqla, ölkədə ciddi siyasi dəyişikliklərin tərəfdarı olan yeni qüvvələrin  yoluna əngəl çıxarmaq istəyirlər. Müsavat və "Yurd” kimi təşkilatların bu təşəbbüsə "isti” yanaşmaları da göstərir ki, müxalifət adına baş verən bu gəlişmələrdə əsas məqsəd seçkilərdə qalibiyyət yox, mənfəətdir. Vaxtilə Milli Şuranı yaradan qüvvələr seçkilərə az qalmış müxalifətin məğlubiyyətini rəsmiləşdirərək, Rusiyadan bu layihə üçün ayrılmış pullardan öz paylarını götürüb geri çəkilmişdilər. İndi də bu oyun növbəti dəfə milyonlarla dollar maddi vəsaiti olduğu deyilən və hakimiyyətlə geniş əlaqələri olan Rəsul Quliyevlə oynanılır.

Layihənin müəllifi kimdir?

Ənənəvi müxalifət yeni siyasi qüvvələrdən narahatdır. Həmin siyasi partiya və hərəkatlar ciddi siyasi dəyişiklikdə maraqlı olduqlarını bildirirlər və heç bir siyasi qüvvə ilə də gizli əlaqələrdə deyillər. Üstəgəl, kənardan, xüsusilə də Qərbdən bu təşkilatlara nəzəri bir dəstək də var ki, ənənəvi müxalifətin heç bu imkanları da yoxdur. Şübhəsiz ki, Razi Nurullayevin sədrlik etdiyi  Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), REAL Hərəkatı, AG Partiya və digər siyasi qüvvələrin meydanda ciddi və real siyasi qüvvəyə çevrilməsi, cəmiyyətlə qurduğu təmaslar ənənəvi müxalifət üçün arzuolunmazdır. Bu günədək də ortaya çıxan siyasi qüvvələrə rəqib kimi baxan ənənəvi müxalifət onları zərərsizləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə edib, bunun üçün bəzi ölkələrlə müttəfiqliklən belə çəkinməyib. "Yurd” və Rəsul Quliyevin son zamanlardakı fəallığı da göstərir ki, yeni siyasi qüvvələrin seçki marafonunda qarşılarını kəsmək üçün ciddi işlər gedir. Ehtimal etmək olar ki, bu, hökumətdə öz yerini qorumaq istəyən müəyyən qrupların da işinə yarayır. Əsas təşəbbüs isə sözügedən təşkilat və şəxslərindir. Məqsəd isə təkcə yeni siyasi qüvvələrin mövqelərini zəiflətməklə seçkiləri əvvəldən hakimiyyətin lehinə həll etmək deyil, həm də pul qazanmaqdır. Bunun üçün layihəyə külli miqdarda maliyyə vəsaitinin ayrılmasına da şübhə yoxdur.

Cəmiyyətə göstərilən "zəif müxalifət”

Milli Şuranın başladığı mitinqlərə və ənənəvi düşərgənin Rəsul Quliyevlə sövdələşməsinə gəlincə, bunlar ayrı-ayrılıqda da eyni məqsədlərə xidmət edir: narazı və seçici elektoratını parçalamaq, seçiciləri seçkilərdə qələbə qazanmayacaq tərəfə yönəltmək. Əgər şuranın piket xarakterli mitinqləri ölkə müxalifətinin nə qədər zəif və bacarıqsız olduğunu cəmiyyətə göstərmək cəhdidirsə, digər siyasi təşkilatların da eks-spikerlə anlaşmaları müxalifət daxilində parçalanma yaratmağa xidmət edir. Məlumdur ki, bir qayda olaraq parlamentdə təmsil olunan müxalifyönümlü şəxslər və  siyasi partiyalar bu birlikdə təmsil olunmaqdan imtina edəcəklər. Yerdə qalan siyasi partiyalar da hakimiyyətin xeyrinə olan bloka girəcəklər. Bir sözlə, ənənəvi müxalifətin əsas hədəfi yeni siyasi qüvvələrə qarşı yönəlib. Məqsəd də müxalifətçiliyi peşəyə çevirmələrinin qarşısındakı gücü gücdən salmağa hesablanıb. Çünki yeni sisyai güclər formalaşdıqca, cəmiyyətdə aparıcı mövqe tutmaqla, ilk növbədə bu ənənəvi müxalifəti sıradan çıxarır. 

Mənsur





Həftənin ən çox oxunanları