Yuxarı

Azərbaycandan Avrasiya İttifaqına şərt

Azərbaycandan Avrasiya İttifaqına şərt

Avropa Şurası ilə Azərbaycan arasında yaranmış gərginlik müxtəlif ehtimalları üzə çıxarıb. Bir sıra ekspertlər hesab edir ki, Avropa Şurasının Azərbaycana qarşı tutduğu ədalətsiz mövqe rəsmi Bakının Avrasiya İttifaqı ilə münasibətlərini istiləşdirə bilər. Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü realdırmı? Qeyd edək ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan Avrasiya İttifaqında təmsil olunur. "Modus Vivendi" analitik mərkəzinin rəhbəri, erməni politoloq Ara Papian da hesab edir ki, Azərbaycanın Avrasiya İttifaqında təmsil olunması Ermənistan üçün mənfi nəticələrə səbəb ola bilər. 

Yəni, ermənilər Azərbaycanın bu ittifaqda təmsil olunmasına qarşıdır. Digər tərəfdən, Azərbaycanın Avrasiya İttifaqında təmsilçiliyi və buna hansı şərtlərlə razılaşacağı haqqında rəsmi Bakının mövqeyi yoxdur. Maraqlıdır, Azərbaycan Avrasiya İttifaqına hansı şərtlərlə üzv ola bilər və Ermənistan bu prosesə maneə yaradarmı?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanın yeganə şərtinin torpaqlarının azadlığı olduğunu deyib:

 "Avrasiya İttifaqı təsis ediləndən bəri Rusiya Azərbaycanın bu quruma üzvlüyündə israr edir. Qeyd edim ki, Avrasiya İttifaqı Rusiyanın iqtisadi inteqrasiya adı ilə post-sovet ölkələri üzərində nəzarətini həyata keçirmək üçün yaradılmış bir qurumdur. Rəsmi Kreml bu qurum vasitəsilə Avropa İttifaqına alternativ yaratmaqla ABŞ-ın post-sovet ölkələrinə siyasi nüfuzunun qarşısını almağa çalışır. Bu İttifaqda Cənubi Qafqazdan Ermənistan təmsil olunur. Rusiya çalışır ki, Azərbaycan da bu ittifaqa qoşulsun. Hazırda Rusiya ekspertləri və digər rəsmi şəxslər bu istəklərini dilə gətirirlər”. 

Politoloq hesab edir ki, Rusiya hakimiyyəti Azərbaycanın bu şərtinə əməl edə bilər:

"Çünki Qarabağın işğalda qalmasında Rusiya özü maraqlıdır. İşğalçını Moskva himayə edir. Ötən həftə Rusiya prezidentinin Avrasiya məsələləri üzrə muşaviri deyib ki, Azərbaycan bu ittifaqa girərsə, qarşılıqlı inam şəraitində münaqişənin həlli mümkündür. Göründüyü kimi, Azərbaycanın ilkin şərtini də qəbul etmirlər. Vaxtı ilə Jirinovski də "Siz gəlin, daxil olun, sonra problemi həll edərik” demişdi. Təbii ki, bu da rəsmi Bakının mövqeyinə uyğun deyil. Azərbaycan ilkin şərt olaraq yalnız işğal olunan ərazilərin boşaldılmasını, Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsini, yalnız ondan sonra quruma üzv ola biləcəyini qeyd edir”. Ermənistanın narazılığına gəlincə, Məhəmməd Əsədullazadə hesab edir ki, ermənilərin Azərbaycanın üzvlüyünə veto qoyması Rusiyanın siyasətinə qarşı çıxmaq deməkdir: "Ermənistan Rusiyadan asılı bir ölkədir. İrəvan heç bir şəkildə Moskvanın iradəsindən kənar siyasət apara bilməz. Qeyd edim ki, Rusiyanın "beş rayonun qaytarılması, əvəzində öz sülhməramlı qüvvələrini Qarabağa yerləşdirməsi, Azərbaycanın buna paralel olaraq Avrasiya İttifaqına üzvlüyü” ideyası müstəqilliyimizə təhlükədir. Əgər heç bir şərt olmadan ərazilər boşaldılarsa, beynəlxalq sülhməramlılar ərazidə yerləşdirilərsə, Qarabağa aralıq statusu verilərsə, Azərbaycan yenə də İttifaqa üzv ola bilər. Hazırda diplomatik danışıqlar aparılır. Prezidentlərin növbəti görüşündən hər hansı irəliləyiş gözləmirəm. Çünki danışıqlar ərəfəsində Ermənistan yenə də atəşkəsi mütəmadi pozur. Bu, onu göstərir ki, Ermənistanın danışıqlar ərəfəsində belə bir təxribata əl atması danışıqları ləngitmək, prosesi pozmaqdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları