Yuxarı

Ermənilər müharibə etməyəcək

Ermənilər müharibə etməyəcək

Avropa İttifaqı Şurası Ermənistanla Aİ arasında razılaşdırılan genişləndirilmiş və hərtərəfli əməkdaşlıq sazişinin mətnini yayıb. Sazişin noyabr ayında Brüsseldə Avropa ittifaqı Şərq Tərəfdaşlıq forumu çərçivəsində imzalanması gözlənilir. Yeni sazişdə Ermənistanın Avrasiya İqtisadi Birliyinin (AİB) xeyrinə imtina etdiyi Aİ ilə Assosiasiya sazişi layihəsinin elementləri də yer alıb. Ermənistanla yeni bağlanacaq sazişdə Dağlıq Qarabağ münaqişəsinə də yer ayılıb.

Sənəddə Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına dair öhdəlik götürüb: 

"Ermənistan Respublikasının Dağlıq Qarabağ münaqişəsinin sülh və davamlı nizamlanması yoluna sadiqliyi, həmçinin münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi çərçivəsində danışıqlar yolu ilə tez bir zamanda həllinin vacibliyini tanıyırıq. Həmçinin, bu nizamlanmanın BMT nizamnaməsi və Helsinki Yekun Aktında, ATƏT Nazirlər Şurasının 2008-ci ildə baş tutan 16-cı iclasından sonra ATƏT-in Minsk qrupunun yaydığı bütün bəyanatlarda göstərilən prinsiplər əsasında (təhdid və ya güc tətbiqi, dövlətlərin ərazi bütövlüyü və bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə) nail olunmasının vacibliyini tanıyırıq; həmçinin Avropa İttifaqının nizamlanma prosesini dəstəkləməsi barədə bəyanata sadiqliyini vurğulayırıq”.

Qeyd edilən öhdəliyin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təsir imkanlarına gəlincə, ekspertlər sözügedən sənədin müsbət nəticə verəcəyinə inanmır. 

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərin sözlərinə görə, Ermənistanla Avropa Birliyi arasında imzalanacaq müqavilə indiki şəraitdə münaqişənin dondurulmasına xidmət edir: "Çünki Ermənistanın və ya Azərbaycanın götürməsindən asılı olmayaraq, bu öhdəlik münaqişənin hərbi yolla həllinin qarşısını almağa xidmət edir. Ermənistan Rusiyanın dəstəyi ilə Dağlıq Qarabağı, ətraf bölgələri işğal edib. Dağlıq Qarabağın ətrafında təhlükəsizlik zonası adı altında öz mövqelərini möhkəmlədib. Qarşıya qoyulan həm siyasi, həm də hərbi hədəflərə nail olunub. Bundan sonra qarşıya qoyulan məqsəd əldə olunan nailiyyətin diplomatik yolla möhkəmləndirilməsidir. Hazırlanmış saziş layihəsi də bu istiqamətdə atılan növbəti addımdır və Ermənistanın strateji maraqlarına xidmət edir. Başlıca məqsəd Azərbaycanın öz torpaqlarının hərbi yolla işğaldan azad etməsinin qarşısını almaqdır. Həm BMT nizamnaməsinin 51-ci maddəsi, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Azərbaycana öz ərazilərini işğaldan azad etmək üçün hüquqi əsas verir”. 

Dağlıq Qarabağı münaqişəsinin yaranmasında və status-kvonun saxlanılmasında Rusiyanın siyasi dominantlıq etdiyini nəzərə alsaq, Ermənistanla Şərq Tərəfdaşlığı çərçivəsində imzalanacaq strateji saziş layihəsi Avropa Birliyinin nizamlanma prosesində rolunu artırmaq imkanı yaradır. Lakin Sülhəddin Əkbər hesab edir ki, imzalanacaq saziş problemin həllində Qərbin üstünlüyünü təmin etmir: "Ermənistan onsuz da Rusiyanın vəkilliyini edir. Ermənistanın Rusiya ilə münasibətləri bundan da irəli aparması mümkün deyil. Sadəcə olaraq, şərq cəbhəsini möhkəmləndirən Ermənistan indi də bu siyasəti qərb cəbhəsində həyata keçirir. Çox təəssüf ki, belə bir vəziyyətdə Azərbaycan özünün potensial müttəfiqi olan Qərblə, ABŞ-la münasibətlərini soyuqlaşdırır, digər tərəfdən, ona qarşı vəkalət müharibəsi aparan Rusiya ilə yaxınlaşır. Bu isə absurd siyasətdir”. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, Avropa Birliyinin imzalanması nəzərdə tutulan saziş layihəsi Ermənistanın maraqlarına uyğun hazırlanıb: "Əfsuslar olsun ki, Avropa İttifaqı növbəti dəfə Ermənistanın istəklərinə uyğunlaşmağa çalışır. Sənəddən də göründüyü kimi, orada münaqişənin yalnız bir yerdə münaqişənin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli vurğulanır. Ermənistanın da bu məsələdə nə qədər səmimi olduğunu demək çətindir. Çünki Ermənistan dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır, amma Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmir. İndi məlum deyil, Ermənistan yenə bu mövqeyində qalır, yoxsa Avropa Birliyinin tələbii ilə ərazi bütövlüyü məsələsinə razılıq verir.

Avropa Birliyinin Ermənistanın qarşısında belə bir tələb qoyması inandırıcı deyil. Ərazi bütövlüyü prinsipi istisna olmaqla, yerdə qalan şərtlər Minsk qrupu həmsədrlərinin mövqeyini ifadə edir. Ermənistan da dəfələrlə bəyan edib ki, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. İndiki şəraitdə Ermənistan Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün güc tətbiq etməsindən çox qorxur. Həmin sənəddə çatışmayan cəhətlərdən biri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin və BMT Baş Assambleyasının 2008-ci il 14 mart tarixli qətnaməsinin tələblərinin yerinə yetirilməsi barədə öhdəliyin qoyulmamasıdır. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə tanınır və Ermənistandan işğal etdiyi ərazilərdən qoşunlarını çıxartması tələb olunur.

Göründüyü kimi, ATƏT-in prinsiplərini hallandırırlar, lakin BMT Baş Assambleyasının qətnaməsini qeyd etmirlər. Hətta Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi obyektiv bir qətnamə var. Ancaq həmin tələblər də saziş layihəsində əks olunmayıb. Ona görə də hesab edirəm ki, sənəd Ermənistanın maraqlarına uyğun tərtib olunub. Ermənistanın həmin sazişi imzalayıb-imzalamayacağı hələ dəqiq məlum deyil. Bu, Rusiyanın razılıq verməsindən asılıdır. İstənilən halda, bu müqavilənin Dağlıq Qarabağ probleminin həllinə müsbət təsiri olmayacaq”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları