Yuxarı

Vahid namizəd, yoxsa yarışa təkbaşına?

Vahid namizəd, yoxsa yarışa təkbaşına?

2018-ci il prezident seçkiləri yaxınlaşdıqca müxalifət partiyalarının fəalliyyətində aktivlik hiss olunur. Müxalifətin seçkilərə necə və hansı şərtlərlə gedəcəyi isə hələ ki, bəlli deyil. Bu günə qədər yalnız 2 partiya, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) 2018-ci il prezident seçkilərində iştirak edəcəyini rəsmən bəyan edib. Maraqlıdır, müxalifət seçkilərdə hansı formada iştirak etsə, uğur qazana bilər? Vahid namizəd taktikası uğurlu ola bilərmi? 

AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında təmsil olunduğu partiyanın vahid namizəd məsələsini gündəmə gətirdiyini deyib:

"Müxalifət partiyaları seçkilərə ayrı-ayrılıqda hazırlaşır. Təbii ki, siyasi müxalifətin bir araya gəlib, vahid namizədlə seçkiyə getməsi daha da məqsədəuyğundur.AXCP və partiyanın lideri Razi Nurullayev daim müxalifətin seçkiyə vahid namizədlə getməsinin vacibliyini vurğulayıb.Ötən ay AXCP bununla bağlı dəyirmi masa keçirdi, orda muxalifətin seçkidə vahid namizədlə iştirakı məsələsi müzakirə olundu. Göründüyü kimi AXCP bu istiqamətdə daim iş aparır”.

Ənənəvi müxaifətin daim birliyə mane olduğunu xatırladan AXCP funksioneri deyib ki, böyük ehtimalla gələn ilkeçiriləcək seçkilərdə də eyni ssenari işə salınacaq:

"Siyasi partiyalar vahid namizəd məsələsində ortaq məxrəcə gəlməlidirlər. Müxalifət vahid namizədlə seçkiyə gedərsə, ciddi dəyişikliklər mümkündür.AXCP seçkidə iştirak edəcək, biz vahid namizəd məsələsində danışıqlara hazırıq.Əgər müxalifət bu məsələdə razılığa gəlməsə, AXCP seçkiyə öz namizədi ilə gedəcək.Namizədimiz isə AXCP sədri Razi Nurullayev olacaq”.

Ağ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, bu gün müxalifətin vəziyyətini nəzərə alsaq, mövcud hakimiyyətlə mübarizə aparacaq gücdə partiya yoxdur:

"Hər il seçkilərdən öncə bu məsələ ortalığa çıxır. Mövcud vəziyyət birgə mübarizəni zəruri edir.Reallıqları da dəyərləndirəndə görürük ki, müxalifət arasında olan münasibətlər birgə fəaliyyətə imkan vermir.Təklif edirəm ki, bütün müxalifət partiyaları öz namizədlərini irəli sürsünlər.Qeydiyyatdan keçməyə cəhd göstərsinlər, imza toplasınlar.Qeydiyyatdan keçən namizədlər öz təbliğatlarını davam etdirsin.Seçkiyə 1 həftə qalmış öz aralarında toplantı keçirsinlər, hansı namizədin şansı çoxdursa, digərləri öz namizədliklərini onun xeyrinə geri çəksinlər.Hansı ki, bunun özü də inandırıcı deyil.Çünki istər müxalifətdə, istərsə də iqtidarda bir masa ətrafında oturub müzakirə aparmaq problemi var. Odur ki, zaman göstərəcək.Amma ən məntiqlisi budur.Çünki kiməsə "namizəd olma”, "məni dəstəklə” demək də ədalətsizdir.Ən azı yarış başlamalı və şərtlər bəlli olmalıdır.Ondan sonra vahid namizəd haqqında fikir mübadiləsi aparmaq olar.Yoxsa, xəyali vahid namizəd təyin etmək effektli olmur”.


Ümid Partiyası sədrinin müavini Taleh Əliyev isə müxalifətin vahid namizədlə seçkiyə getməsinin mümkün olmadığını deyib: 

"Müxalifətin indiki vəziyyətdə vahid namizədlə seçkiyə qatılıb uğur qazanması inandırıcı görünmür. Amma hesab edirəm ki, ən real variant bu ola bilər. Düşünürəm ki, müxalifət demokratiya naminə əməkdaşlıq modelini seçməlidir.Seçki öncəsi vəziyyətin demokratikləşməsi, seçki komissiyalarının təşkili və s məsələlərdə əməkdaşlıq vacibdir.Ancaq müxalifətin vahid namizədlə seçkiyə qatılması bu günün reallıqları ilə uyğun gəlmir”.

Vilayət







Həftənin ən çox oxunanları