Yuxarı

Əli Kərimlinin mühacir biznesi başsız qaldı?

Əli Kərimlinin mühacir biznesi başsız qaldı?

Fikrət Hüseynlinin yerinə "kadr” axtarır

2006-cı ildə Azərbaycandan Hollandiyaya mühacirət edən jurnalist Fikrət Hüseynlinin Ukraynada saxlanılması xəbəri bir neçə gündür mediada dolaşsa da, "patronu”, "Yurd” sədri Əli Kərimli bu xəbərlərə susqunluqla yanaşır. Bu davranışla ilk baxışda həbsin onun üçün gözlənilməz olmaması, sanki həbsi gözləyirmiş kimi bir görüntü yaradır. Fikrət Hüseynlinin Əli Kərimlinin mühacir biznesində əsas "oyunçu”larından biri olduğunu nəzərə alsaq, "Yurd” sdərinin bu susqunluğunun arxasında nələrin dayanmasını təxmin etmək çətin deyil. 

Əli Kərimlinin saxta arayışlarla xarici ölkələrə mühacirətə göndərdiyi "müxalifətçiləri” Avropada məhz Fikrət Hüseynli yerləşdirirdi. O, bir növ "mühacir biznesinin boz kardinalı” rolunu oynayırdı və insaf naminə, "vəzifəsinin” öhdəsindən bacarıqla gəlirdi. Ta o zamana qədər ki, onun və Əli Kərimlinin biznesinə qurban gedənlərdən etiraz səsləri ucalmağa, şikayətlər konkret ünvanlara göndərilənə qədər. Bax, o zaman "Yurd” sədrinin xisləti bir daha üzə çıxdı, öz silahdaşlarını hər zaman yarıyolda qoymaq ənənəsini siyasətdə olduğu bütün sahələrdə yaşadan Əli Kərimli bu dəfə də xislətinə dönük çıxmadı. Ətrafındakı bütün adamlardan maksimum öz maraqları naminə istifadə edən Əli Kərimli problem yaranan kimi dərhal kənara çəkildi. Yəqin elə buna görədir ki, Əli Kərimli Fikrət Hüseynlini müdafiə edəcək, ona haqq qazandıracaq heç bir söz demədi. Özü də heç də az gəlirli olmayan mühacir biznesinin Avropada "başsız” qalacağına rəğmən susdu və Fikrət Hüseynlinin "dadına yetişməyə” cəhd belə etmədi.

Yəqin ki, ara sakitləşəndən, Fikrət Hüseynli ilə bağlı hadisələr ümumi aydınlıq qazanandan sonra "Yurd” sədri Fikrət Hüseynlini müdafiə edəcək, ən azı onun həbsini pisləyəcək, azadlıq tələb edəcək, Avropanı insan haqlarına sahib çıxmağa çağıracaq. Ancaq bu, nə zaman baş verəcək, bunu söyləmək mümkünsüzdür. İndilik isə Əli Kərimli böyük ehtimalla Fikrət Hüseynlini əvəz edəcək "kadr” axtarışındadır. Bazarı boş buraxmaq, meydanı kimlərəsə vermək odu başqasının qarşısına itələmək olardi. Bir halda ki, həmin odda Əli Kərimlinin qızınmaq imkanı var, onu niyə başqasına güzəştə getsin ki? Fərqi nədir, o odda kimlər yanacaq? "Siyasətdə adamlar yox, maraqlar var” deyimini əlində bayraq edən Kərimli üçün şəxsi maraqları və bu maraqların təmininə çevrilən biznesi ilk yerdədir. Yaxın keçmişə nəzər salsaq, oxşar hadisələri bir-birinin ardınca sadalamaq olar. Məsələn, "Yurd”un "vuran ürəyi” kimi təqdim olunan Fuad Qəhrəmanlı həbs olunanda da Əli Kərimli eyni mövqedən çıxış etdi. Məhkəmənin qərarına qədər Fuad Qəhrəmanlı haqqında bir kəlmə yazmadı, demədi. 

Nəzərə alsaq ki, Fuad Qəhrəmanlı dini radikalizmi təbliğ etdiyi üçün saxlanılmışdı, Əli Kərimlinin susqunluğunun arxasında nələrin dayandığını təxmin etmək mümkün idi. Yaxınındakı barmaqla sayılacaq qədər adamı da beləcə bir-birinin ardınca "yandıraraq” qurban verən Əli Kərimli üçün növbəti qurbanın seçilməsinə qədər olan dövr susqunluq dövrüdür. Bu dövrü Əli Kərimli "siyasi təmkin” nümayiş etdirimiş görüntüsü yaradaraq heç bir vicdan əzabı çəkmədən sakitcə başa vurur və növbəti mərhələyə- yeni qurban axtarışına başlayır.  

Fikrət Hüseynlinin saxlanılmasında isə mənzərə nisbətən fərqlidir. O, Azərbaycan sərhədini qanunsuz keçməkdə itiham edilir. İttihamın motivində Əli Kərimlinin "siyasi nüfuz”una xələl xətirəcək heç nə yoxdur.

Bəs niyə "Yurd” sədri özünün rəhbərlik etdiyi "mühacir biznesi”nin "xaç atası”nı müdafiə etmir?

Təbii ki, bunun səbəbləri Əli Kərimlinin özündə və bir də Fİkrət Hüseynlinin bildiklərində gizlidir. Hələlik isə, "Yurd” sədrinin başı 28 oktyabra nəzərdə tutduğu mitinqə qarışıb. Hazırda onun üçün ən vacib məsələ məhz budur. Xalqın etiraz ruhunu qırmaq, götürdüyü öhdəlikləri yerinə yetirmək və nəhayət ona vəd olunan "mükafatı” almaq. Effekt vermədiyi halda ard-arda heç kimə lazım olmayan, xalq tərəfindən dəstəklənməyən, yalnız "Yurd”un azsaylı fəallarının iştirak etdiyi mitinqlərin keçirilməsi də məhz vəd olunan "mükafatı” almağa hesablanıb. Nağdı qoyub nisyənin (Fikrət Hüseynlinin sonrakı naməlum taleyinin-müəll.) arxasınca qaçmaq Əli Kərimli üçün qəbuledilməzdir. İndilik ən yaxşısı susmaqdır. Bu susmaq "qızıl susqunluq”dan deyil. Bu susmaq danışmağa söz tapmamaq və eşidilməmək suqunluğudur. Görəsən, Ukraynada, ya da elə Fikrət Hüseynlinin yaşadığı ölkədə Əli Kərimlinin sözünü kim eşidəcək? "Yurd” sədri həm də cavabı bildiyi üçün susur. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları