Yuxarı

Ənənəvi müxalifətdə "mənəmlik” mübarizəsi

Ənənəvi müxalifətdə

Bu adamlar hələ də müxalifətçilik uğrunda savaşırlar

Ənənəvi müxalifətin missiyası və bəlası müxalifətçilik uğrunda bitmək bilməyən savaşıdır. Gah "Yurd”, gah da Müsavat tez-tez müxalifətçilik uğrundakı səngərdən "atəş açırlar”. "Kim əsl müxalifətdir?” deyə yaş barıtlarını partlatmaq istəyi ilə. Fəqət cəmiyyət bilir ki, bunlar real və əsl müxalifət deyil, olsa-olsa, heç zaman iqtidar olmayacaq siyasi şoumenlərdir. Yenə də "atəşkəs” pozulub və "Yurd” sədri Əli Kərimli Müsavat, "REAL” Hərəkatı və digər siyasi təşkilatları hakimiyyətə satılmaqda ittiham edib. O, Milli Şura və "Yurd”dan başqa müxalifətdə heç bir siyasi təşkilatın olmadığını da iddia edib. Əli Kərimli həmçinin Müsavat rəhbərliyini müxalifəti yarıyolda qoymaqda suçlayıb və bu partiyanın Milli Şuradan çıxmaq qərarını "yanlış” adlandırıb. Qeyd edib ki, şuranın dağılmasının əsas iştirakçılarından biri Müsavatdır.

Müsavatdan Əli Kərimliyə cavab gecikməyib. Partiya başqanın müavini Yadigar Sadıqov onun ittihamlarının əsassız olduğunu deyib. Həmçinin Müsavatın Milli Şuradan çıxmaq qərarına aydınlıq gətirən Y.Sadıqov qeyd edib ki, bu, həmin vaxt birliyin vahid namizədi məsələsində yaranmış mübahisəyə görə olub. Əli Kərimlinin vahid namizəd kimi təklif etdiyi tarixçi Cəmil Həsənlinin əvəzinə Müsavat sabiq başqan İsa Qəmbər variantını irəli sürüb. Müsavatın mətbuat katibi Gülağa Aslanlı da "Yurd” sədrinin ittihamlarını qəbul etməyib və təmsil olunduğu partiyasının müxalifət daxilində pozuculuq etmədiyini, hakimiyyətə qarşı mübarizə apardığını bildirib.

Ənənəvi dava yenidən gündəmdə

Görünən budur ki, uzun zamandır soyuq-isti məcrada davam edən "Yurd” - Müsavat münasibətləri seçki yaxınlaşdıqca yenidən gərilməyə başlayıb. Təşkilatların rəhbər şəxslərinin bir-birilərinə qarşı ittihamlarını təsadüfi hesab etmək olardı. Hətta iddia etmək olardı ki, münasibətləri qıran görünməz səbəblər var. Amma  dava bu günün məsələsi deyil. 1993-cü ildən bu günədək Əli Kərimli və Müsavat rəhbərliyi arasında məhz müxalifətçilik yarışı gedir. Tərəflərdən heç biri, hətta seçki ilində müxalifətin birləşməsi zərurəti yarananda belə, digərini qəbul etməyib. 

Neçə seçki bloku məhz bu iki təşkilatda təmsil olunanlar  arasındakı şəxsi münasibətlərdəki konfliktlərdən, şəxsi ambisiyalardan doğan, şəxsi mənfəət üzərindən yaranmış münaqişələrin güdazına gedib. Müxalifətin parçalanması və cəmiyyət arasında nüfuzunu itirməsində də "Yurd” - Müsavat çəkişməsinin ağır çəkisi var. Vaxtilə Avropa və ABŞ-ın siyasi mərkəzlərinin diqqətində olan Azərbaycan müxalifətinə həmin nöqtələrdən verilən dəstəyin kəsilməsi də bununla bağlıdır. Məişət səviyyəsindəki bu çəkişmə həmişə müxalifət haqqında qeyri-ciddi fikrin formalaşmasına zəmin yaradıb. Beləliklə, bu çəkişmə müxalif düşərgənin parçalanmasında dağıdıcı rol oynayıb. Müxalifət yeni qüvvələrlə dirçələndə tapılan dayaq nöqtəsinin aşırılmasına bütün cəhdlər də "Yurd” və Müsavatın məişət söhbətlərini  əks etdirən münasibətlərinin nəticəsidir.

Hakimiyyətin əlinə oynanılan oyun

"Yurd”un təşkil etdiyi mitinqlərə Müsavatın, Müsavatın mitinqlərinə "Yurd”un dəstək verməməsi də bu soyuq münasibətlərdən qaynaqlanır. Bir inamsızlıq mühitində davam edən soyuq münasibətlərin indiki məqamda yenidən gərginləşməsini də Milli Şuranın ayrı, Müsavatın da ayrı - fərdi qaydada kiçik diapazonlu aksiyalara start verməsi ilə də əlaqələndirmək olar. Əli Kərimli meydandakı boşluğu görüb Milli Şura adına təşkil etdiyi mitinqlərlə yenidən özünü "əsl müxalifət” qismində gündəmə gətirməyə çalışır. Müsavat əleyhinə məlum açıqlaması da bundan sonraya təsadüf edir. Bu ittihamlardan sonra Müsavat rəhbərliyinin aksiya təyin etməsi də guya hakimiyyətə iddialı bu iki qüvvənin əslində sadəcə müxalifətçilik uğrunda yarışla siyasət meydanında qalmaq arzusundan başqa bir şey deyil. 

Uşaq çığallığı ilə "mənimdir-mənimdir” oyunu oynayan "Yurd” və Müsavat bununla yenə də hakimiyyətin əlinə oynayırlar. Seçkilərə az qalmış yenidən müxalifətin bir siyasi termin olaraq nüfuzdan salınması işinə girişən hər iki təşkilatın şəxsi çəkişmələrini yenidən gündəmə gətirməklə nə demək istədiklərinin düyünü də burada açılır. Bəllidir ki, seçkilər və hakimiyyət uğrunda mübarizəni bir kənara atan "Yurd” və Müsavatın bu işdə müəyyən qazancları olacaq. Hər halda biri "Hakimiyyətin Müxalifət Nazirliyi” (Müsavat), digər təşkilatın - "Yurd”un sədri Əli Kərimli də "hakimiyyətin müxalifətdəki kəşfiyyatçısı” kimi tanınır.

Mənsur





Həftənin ən çox oxunanları