Yuxarı

Sorosun 18 milyardına dikilən gözlər

Sorosun 18 milyardına dikilən gözlər

Amerikalı milyarder Corc Soros öz adını daşıyan fondun hesabına 18 milyard dollar köçürüb.

"Cümhuriyət” qəzeti xəbər verir ki, 87 yaşlı maliyyəçi bu vəsaitdən fond bazarında istifadə etməyi düşünür. Bu məqsədlə Sorosun ancaq şəxsi vəsaitindən istifadə ediləcək. Fonddan verilən məlumata görə, Soros həmçinin "Açıq Cəmiyyət” investisiya komitəsi yaradaraq ona rəhbərlik edir. Təşkilatın xərcləri ilə Don Fitspatrik məşğul olur. Bundan sonra Soros Fondu ABŞ-da böyüklüyünə görə ikinci olacaq. Xatırladaq ki, "Açıq Cəmiyyət” İnstitutu və Soros Fondu 40 təşkilatlı şəbəkə vasitəsilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir. Onu da qeyd edək ki, Sorosun rəhbərlik etdiyi qurumların bəzi ölkələrdə inqilablara külli miqdarda vəsait ayırdığına dair iddia və faktlar var.

Sorosun hədəfləri...

Sorosun ayırdığı 18 milyard dolların ayrı-ayrı ölkələrdəki siyasi layihələrə xərclənəcəyi də iddialar arasındadır. Bura bir sıra Asiya, o cümlədən, Avropa dövlətləri daxildir. Sorosun külli miqdarda maliyyə vəsaiti ayırmasından sonra bu fondun ölkə üçün təhlükəli olduğunu nəzərə alan Avstriya hökuməti qurumun fəaliyyətini dayandırıb. Qeyd edək ki, Avstriyadan əvvəl Azərbaycan da daxil olmaqla bir çox dövlətlər təhlükəli fəaliyyətini nəzərə alaraq, fondun fəaliyyətinə qadağa qoyublar.

İddiaya görə, Soros Fondunun ayırdığı 18 milyard dollar bir sıra ölkələrdə keçiriləcək prezident və parlament seçkiləri üçün istifadə olunacaq. Fondun hədəfində olan ölkələr arasında 2018-ci ildə prezident seçkilərə keçiriləcək Rusiya, Azərbaycan və parlament seçkilərinin keçiriləcəyi Ermənistanın adı var. Son zamanlarda xalq kütlələri və müxalifətin Pyotr Poroşenko hökumətinə qarşı fəallaşdığı Ukraynanın da adı çəkilir. 

Azərbaycanda keçiriləcək prezident seçkilərinə xeyli vaxt qalmasına baxmayaraq, ölkə daxilində ilginc siyasi gəlişmələr baş verir. ABŞ-da yaşayan keçmiş spiker  Rəsul Quliyev də fəallaşıb. O, prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Ənənəvi  müxalifətin digər təşkilatları da  artıq "toparlanmağa” başlayıb. Sorosun 18 milyard dollarına ümid edən ənənəvi düşərgə xalq kütlələrini öz tərəfinə çəkmək üçün yox, məhz həmin vəsaitdən pay almaq üçün mübariz görüntüsü yaratmaq xatirinə mitinqlərə də start verib. Məlumdur ki, ənənəvi müxalifət hələlik xalqı meydana cəlb edəcək qədər bacarıqlı deyil. 

İnqilab nə vaxt baş verir?

İnqilab hakimiyyətlə xalq arasındakı iqtisadi-ictimai zəmin qırılanda başlayır, milli şüurun oyanması ilə hərəkətə keçir. Əgər bu zəmin qırılıbsa və iqtidar öz yanlış addımından geri çəkilmirsə, nüfuzunu itirməyə başlayır və başlayan gərgin proseslərin son nəticəsinə doğru devrilmə prosesinə daxil olur. Tokvill "Keçmiş rejim və inqilab” kitabında yazırdı: "Xalqın dəstəyindən təcrid olmuş iqtidar narazı kütlənin içində tək qalır. O, bu vaxt orduya əmr verən zabit kimi görünür. 

Həqiqətdə isə onun əsgərlərinin tərk etdiyi zabit olduğuğunu düşünsək, bir gecənin içində necə devriləcəyini təsəvvür etmək mümkündür”. Belə desək, inqilab xalqın iqtidarın onun üzərinə göndərdiyi polisdən qorxub geri qayıtmayanda olur. Xalqın şüuru azadlıq üçün mübarizə aparan suveren sinfin ideologiyası ilə zəncirvari birləşməlidir. Bu halda iqtidarın əlləri buxovlanır. Şübhəsiz ki, bunun üçün iqtidarın təzyiqləri altındakı kütlənin şüurunun azadlığa çıxması əsas şərtdir. İnanılmış liderin olması lazımdır. Bu zaman meydana və küçələrə çıxmış xalq silah əvəzinə ideoloji avadanlıqlarla güclənir. 

Fundamental səbəblər

Marks yazırdı ki, proseslərin inkişafının bəlli bir mərhələsində cəmiyyətin istehsalçı gücləri bu vaxta qədər hərəkət etdikləri istehsal prosesi və mülkiyyət əlaqələrinə daban-dabana zidd mövqedə dayanmağa başlayırlar: "İstehsalçı güclərin inkişafının ölçü vahidi olan bu əlaqələr onların qarşılarına əngəllər çıxarır. Bu zaman cəmiyyət daxilində inqilabi proses başlayır. İqtisadi sektordakı fundamental amillər silkələnməyə və dağılmağa başlayanda bu, hər şeyi alt-üst edir”. Lenin üçün də inqilabın başlaması üçün bunlar əsas faktorlar sayılırdı. Leninə görə, inqilab, böhran içində olan xalqın böyük əksəriyyətinin özlərinin iqtisadi və siyasi tələbləri ilə azad şəkildə küçəyə çıxmasıdır: "Yaxud, inqilab, xalqın böyük əksəriyyətinin - təzyiq altında olan böyük hissəsinin azad şəkildə ayağa qalxmasıdır”. 

Leninə görə, meydana çıxan kütlələrin siyasi enerjiyə sahib olmaları əsas məsələdir. Başqa sözlə, məşhur deyimlə ifadə etsək, inqilab, əzilən xalqın və əzilənlərin mərasimidir.

Mandelin "simptomları”

Lenindən sonra Ernest Mandel də bir ölkənin inqilabi vəziyyətini xarakterizə edən 3 fundamentdal "simptom” irəli sürdü. Mandelin ilk iddiasına görə, inqilab hakim siniflər hakimiyyətlərini heç bir dəyişiklik etmədən davam etdirəndə, bu və ya başqa formada yuxarı siniflər arasında böhran baş verdikdə, hakim sinifə qarşı təzyiq altında olan kütlələrin öz hiddətlərini "püskürmək” üçün imkan yaradan böhran başlayanda ortaya çıxır: 

"Yəni, bir inqilabın reallaşması üçün aşağı siniflərin siyasi-iqtisadi vəziyyətə etiraz etmələri kifayət etmir. Yuxarı siniflərin də öz hakimiyyətlərini qorumaq üçün taqətləri qalmır”. Mandelin ikinci iddiasına görə, təzyiq altında olan sinf ifrat dərəcədə yoxsullaşması da inqilabi proseslərə təkan verir. Mandelin üçüncü "simptom”una görə, yuxarıda sayılan səbəblərin nəticəsi olaraq, inqilab, dinclik dönəmində şikayət etmədən soyğuna məruz qalmağa razı olan, lakin çalxalanmağa başlayan dönəmdə böhranın yaratdığı bütün şərtlər və bilavasitə yuxarı siniflər tərəfindən müstəqil tarixi etirazlara sürüklənən kütlələrin təsiredici gücü diqqət mərkəzində olduğu vaxt baş verir.

İnqilab mümkün deyil...

Azərbaycanda da narazılıq çoxdur. Yeni müxalifət qüvvələri narazılıq yaradan amilləri  gündəmə gətirib cəmiyyətə təsir etməyə çalışsalar da, kütlə olaraq insanlarda  tərpəniş hiss olunmur. Halbuki, oliqarxların iqtisadiyyat üzərindəki monopoliyası, iqtisadi çətinliklər, bahalaşma idarəetmədə ciddi dəyişiklikləri tələb edənlərin mövqeyini gücləndirməli idi.  Lakin narazılıqlaırn kütləvi xarakter almamasında əsas səbəb var: kütlənin inqilablara inanmaq qədər siyasiləşməməsi  və sabitliyin daha önəmli olduğunu dərk etməklə, təkamüldür. Etirazların siyasi səhnəyə daşınmadan özü-özünü "boğmasının” əsl səbəbi məhz budur. 

İnqilabların təhlükəli bir problemin başlanğıcı olması dünya düzənini analiz ediəndə aşkar görünür. Liviya, Misir, Suriya və daha artıq misallar çəkmək olar. İnformasiya məkanı əhaliyə inqilabların gətirdiyi bəlaları aşkarladığından normal cəmiyyətlər inqilablardan imtina edir. Azərbaycan əhalisi də artıq inqilablardan imtina edib. Ona görə də ifrat dağıdıcı çağırışları qəbul etmir. 

Qarabağ faktoru və...

Azərbaycan üçün daha bir arqument var ki, cəmiyyət bunu aydın dərk edir və bu faktor da daimi olaraq inqilab düşüncəsini kölgədə saxlayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi cəmiyyətdə həlli vacib olan ən birinci məsələdir. Digər bütün problemlər ondan sonar gəlir və bəzən də o problemlər hamısı Qarabağ sorunu qarşısında mikroskopla da axtarsan, gözə dəymir. 2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında döyüşlər baş verəndə xalqın könüllü şəkildə səfərbər olması bunun aşkar təzahürüdür. Elə həmin ilin əvvəlində sosial-iqtisadi zəmində başlayan etirazlara biganəlik göstərildi və şahid olduq ki, xalq ümummilli problemin həllini istəyir, lokal çətinliklərə haqlı olaraq ötəri baxır. 

Digər maraqlı məqam isə budur ki, cəmiyyət hökumətdən narazı olsa da, hazırkı vəziyyətdə ənənəvi müxalifətin  siyasi iddialarının daşıyıcısı qismində çıxış etməsi imkanlarına inanmır və bu müxalifəti qəbul etmir. Bu inamı onda məhz elə ənənəvi müxalifət özü illər əvvəl məhv edib. Sorosun ayırdığı 18 milyard dollara olan ümidlərə gəlincə, hazırkı fəallığı ona bağlamaq olar ki, ənənəvi müxalifət bu pullardan özünə də bir pay qoparmaq üçün canfəşanlıq edir. 

Digər tərəfdən, ictimai-siyasi prosesləri gərginlikdə saxlamaq istəyən ənənəvi müxalifətin özü də cəmiyyətin inandığı tərəf deyil. Belə olsaydı, ən azından 2013-cı il seçki ərəfəsində ənənəvi müxalifətin mitinqlərinə, daha sonralar 2016-cı ildə sosial-iqtisadi tələblərin dilə gətirdiyi aksiyalara xalqdan dəstək gələrdi. Qaldı ki, siyasi məsələlərə, məşhur ifadə ilə desək, hələlik cəmiyyət siyasətlə maraqlanmır, siyasət cəmiyyətlə maraqlanır. Cəmiyyətin siyasətlə maraqlanan, üstəlik də məhz öz mənafeyi üçün maraqlanan kəsimi isə problemlərin həlli üçün çalışmaqdan yox, "müxalifət” adı altında daha çox qazanc götürməkdən yanadır. Bunun üçün isə indi daha bir ünvan tapılıb- Soros. "Köhnə dost düşmən olmaz” deyirlər…  

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları