Yuxarı

Qarabağ üçün Kataloniya presedenti

Qarabağ üçün Kataloniya presedenti

Azərbaycan xalqların öz müqəddəratını təyinetmə prinsipi və referenduma dair razılaşmadan imtina edə bilər 

İspaniya hökumətinin Kataloniya əyalətinin muxtariyyətini ləğv etməsi dünyada separatizmə qarşı mübarizədə yeni siyasi presedent yarada bilər.Rəsmi Madrid əyalətə münasibətdə ölkə Konstitusiyasının 155-ci maddəsini işə salıb.Bu maddəyə əsasən, Kataloniyanın idarəçiliyi birbaşa İspaniya hökumətinə keçib.Baş nazir Mariano Raxoy bildirib ki, Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar seçkilər keçiriləcək.

Eyni zamanda, Şimali İraqda Kürd Muxtariyyətinin özünü müstəqil dövlət elan etmək cəhdinə qarşı görülən tədbirlər nəticəsində dünyada daha bir separatizm ocağı söndürülməyə başlayıb.Bu, dövlətlərin ərazi bütövlüyü prinsipinə üstünlük verilməsi deməkdir.Lakin analoji yanaşmanı Ermənistan-Azərbaycan münaqişəsinin həllində tətbiq etmək mümkün olmur.Buna səbəb Dağlıq Qarabağın ərazi bütövlüyü prinsipi ilə yanaşı, xalqların öz müqəddəratını təyinetmə hüququnun münaqişənin nizamlanma planına daxil edilməsidir."Madrid prinsipləri”nə görə, Dağlıq Qarabağın yekun statusu referendum yolu ilə həll olunmalıdır.Referendumun keçirilməsi mexanizmi müəyyənləşməsə də, Dağlıq Qarabağın gələcək idaretmə statusu kimi alternativ variant təklif edilməyib.Ancaq son illər Ukraynada, İraqda, İspaniyada baş verən hadisələr göstərdi ki, qondarma referendumlar beynəlxalq hüququn normalarının pozulmasında əsas vasitələrdən birinə çevrilib.Yəni hər bir səsvermə referendum hesab oluna bilməz.Belə hüquqi aktlar ilk növbədə, dövlətlərin ərazi bütövlüyü prinsipinə və suverenliyinə xələl gətirlmədən həyata keçirilməlidir.Ermənistan Dağlıq Qarabağın statusunun müəyyənləşməsində Helsinki Yekun Aktının prinsiplərini əsas götürərək münaqişənin xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında həll olunması şərtini irəli sürür. Lakin nəzərə almaq lazımdır ki, Milli Azlıqların Hüquqlarına Dair Çərçivə Konvensiyasının tələblərinə görə, öz müqəddəratını təyinetmə prinsipi həmin dövlətin ərazi bütövlüyünün pozulmasına səbəb ola bilməz. Bu baxımdan, həm İraqın, həm İspaniya hökumətinin atdığı addımlar beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Azərbaycan Dağlıq Qarabağın Muxtar Vilayət statusunu hələ 1991-ci ildə ləğv etsə də, ermənilər Helsinki Yekun Aktına dayanaraq, müstəqillik əldə edəcəklərinə ümid edir.Lakin həm mərkəzi Bağdad hökumətinin, həm də Madridin qərarı Azərbaycana Lissabon sammitinin qərarında əksini tapmış xalqların öz müqəddəratını təyinetmə prinsipindən imtina etmək üçün siyasi və hüquqi nümunə yaradır.Bunun qarşılığında Azərbaycan Dağlıq Qarabağın birbaşa rəsmi Bakıya tabeliyini və vahid inzibati mərkəzdən idarə olunmasını əks etdirən qanun qəbul edə bilər.Bu yaxınlarda Ukrayna Ali Radasının Donbasın statusuna dair qəbul etdiyi qanun Azərbaycanın da oxşar addım atmağa hüquqi əsası olduğunu bir daha təsdiq etdi.

İraqda və İspaniyada baş verən proseslər deməyə əsas verir ki, Azərbaycan "Madrid prinsipləri”ndə Dağlıq Qarabağın yekun statsusunun referendum yolu ilə müəyyən edilməsinə dair müvafiq razılaşmadan çıxmaq hüququna malikdir.Artıq vaxtı çatmış belə bir qərarın qəbuluna görə, Kataloniyada və Şimali İraqdakı referendumların nəticəsini pisləyən dünya dövlətləri rəsmi Bakını qınaya bilməz.

Nə Ermənistan, nə də Dağlıq Qarabağ separatçıları birmənalı şəkildə ərazi bütövlüyü prinsipindən imtina edə bilməz. Çünki Dağlıq Qarabağ və işğal olunmuş ərazilər beynəlxalq hüququn subyekti kimi Azərbaycanın ərazisi hesab edilir.İkincisi, işğalçı tərəfin belə addım atması həm Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, həm də Dağlıq Qarabağda ermənilərin separatizm fəaliyyətini hüquqi cəhətdən təsdiqləyə bilər.Bu isə Azərbaycana öz ərazilərini azad etmək üçün beynəlxalq səviyyədə daha tutarlı arqument verə bilər.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları