Yuxarı

Sarkisyanın "rus əzələsi” ilə güc nümayişi

Sarkisyanın

"Ermənistan bu mərhələdə Qarabağ probleminin hərbi yolla həlli niyyətində deyil”. "Cümhuriyət” qəzeti xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyi Milli Tədqiqat Universitetində yeni tədris proqramının başlanmasına həsr edilmiş iclasda bildirib. S.Sarkisyan deyib ki, problemin sülh yolu ilə nizamlanması, digər məsələlərlə yanaşı, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın əhalisi üçün istənilən hərbi təhlükəni istisna etməlidir. "Bu münaqişənin, həqiqətən, hərbi həlli yoxdur. Buna görə bir əllə atəş açmaq və başqası ilə onu həll etmək üçün danışıqlar aparmaq mümkün deyil. Biz ya danışıqlar aparır, ya da atəş açırıq. Biz hər iki varianta hazırıq”, - deyə S.Sarkisyan vurğulayıb. Onun sözlərinə görə, danışıqlar qarşılıqlı etimad mühitində və silahların ikitərəfli tətbiq edilməməsi şəraitində aparılmalıdır.

Moskvadan İrəvana uzanan "dil”

Dağlıq Qarabağ və digər bölgələrin Ermənistan tərəfindən işğalında Rusiyanın oynadığı rol artıq faktlarla sübut olunub. O da tarixi sənədlərdə öz təsdiqini tapmış faktdır ki, erməniləri Ön Asiya və Yaxın Şərqdən Azərbaycan ərazilərinə köçürüb burada onlarla dövlət quran da rus imperiyası olub. Çar Pyotr dönəmindən, bir sıra mənbələrə görə isə bundan daha da əvvəl ermənilər vasitəsilə Cənubi Qafqazda bölgə dövlətlərinə nəzarət üçün forpost yaratmaq və bu dayaq nöqtəsini hər vasitə ilə gücləndirən Rusiya bu gün həmin nəzarət mexanizmini Dağlıq Qarabağ münaqişəsi üzərində qurub. Ermənistanın dövlət sərhərlərini mühafizə edən Rusiya eyni zamanda, bu ölkəni pulsuz olaraq silahlandırır. Moskva üçün Ermənistan bu baxımdan xarici dövlət yox, bir quberniyası, hərbi bazası funksiyasını yerinə yetirir.

Başqa sözlə, işğalçı Ermənistanın zaman-zaman Azərbaycanı hədələmək üçün tapdığı "dil” İrəvana Moskvadan uzanır. Elə Sarkisyanın son açıqlamasında səsləndirdiyi fikirlərin də Kremldən mobil telefonla ötürülmüş kiçik bir mesajın təkrarı olmasına şübhə yoxdur.

"Rusiyanı neytrallaşdırmaq mümkündür”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında Ermənistanın əsas gücünü Rusiyadan aldığını bildirib. Partiya rəsmisi qeyd edib ki, Sarkisyanın Azərbaycan qarşısında "əzələ nümayişi”nin də arxasında Moskva dayanır:

"Hər kəsə bəllidir ki, Dağlıq Qarabağ münaqişəsini yaradan da, zaman-zaman bu münaqişəni qızışdıran da, işğalçıya dəstək verən də Rusiyadır. Bu münaqişənin həllinə mane olan əsas güc də Rusiyadır. Amma ortada digər oyunçular da var. Məsələn, Qərb, xüsusilə də Fransa Ermənistana olan simpatiyasını heç vaxt gizlətməyib. Yəni, münaqişəyə qlobal yanaşmaq lazımdır. Bu məsələdə din təəssübkeşliyini də diqqətdən qaçırmamalıyıq. Hər halda Sarkisyanın belə fikirlər səsləndirməsi təsadüfi deyil və bunun arxasında İrəvanın yox, Rusiyanın gücü dayanır”.

Əli Orucov hesab edir ki, Azərbaycan xalqı öz iradəsini göstərsə və sistemli xarici siyasət yürüdülsə, biz Rusiyanı da müəyyən qədər neytrallaşdıra bilərik:

"Hər halda Sarkisyan açıq formada dedi ki, heç vaxt Dağlıq Qarabağı Azərbaycana geri qaytarmayacaqlar. Yəni, açıq şəkildə bildirilir ki, Ermənistan danışıqlar naminə danışıqlara gedir. Bunlar formal görüşlərdir”.

Mənsur






Həftənin ən çox oxunanları