Yuxarı

"Ənənəvi müxalifəti tarixin arxivinə göndərmək lazımdır, əks halda...”

"Ölkənin və 9 milyon insanın gələcəyinin etibar edildiyi bir siyasi sistem qurmaq zamanıdır. Bunun üçün ilk növbədə yaşlıların təmsil olunduğu iqtidarı, ənənəvi müxalifəti tarixin arxivinə göndərmək lazımdır. Bu dəyişikliyi etməsək, cəmiyyət çox geriləyəcək. Bu gün ənənəvi müxalifət yerini başqa qüvvələrə vermək istəmir. Onlar düşüncələrində partiyaya maliyyə bazası kimi baxırlar. Əgər siyasətdən gedərlərsə, maliyyələri ciddi şəkildə azalar və həmişəki dəbdəbəli həyat tərzindən uzaq qalarlar. Müstəqil gənclərin sayının çoxalması, yeni siyasi partiyaların yaranması ənənəvi müxalifətə sərf etmir. Bu, onların əlindən monopoliyalarının alınması deməkdir”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev deyib.

AXCP yetkilisi qeyd edib ki, perspektivi olmayan, siyasi proseslərə təsir edə bilməyən partiyalar yenilənməlidir:

"Pafoslu çıxışlar edən, monitor arxasında şirə, pələngə dönüb hakimiyyəti "yıxıb-sürüyən”, illərdir həbslər üzərindən  qrantlar alan Əli Kərimli özünü cəmiyyətə real müxalifət kimi təqdim edə bilməz. Çünki xalq satılmışları və ənənəvi müxalifətin nəyə xidmət etdiyini yaxşı görür. Seçkilərdə məğlub olmağı vərdişə çevirmiş ənənəvi müxalifət liderləri siyasi səhnədə qaldıqca, nə siyasi dəyişiklikdən, nə də inkişafdan danışmaq mümkündür. Ölkədəki bu vəziyyətə görə hakimiyyətlə yanaşı ənənəvi müxalifət də məsuliyyət daşıyır. Bu gün xalq polisdən, həbslərdən deyil, müxalifətin onları yarı yolda buraxacağından qorxur. Buna sübut olaraq 2003 hadisələrini göstərmək olar. Xalq meydanda lidersiz qalmışdı. Lidersiz ordu isə məğlubiyyətə məhkumdur. Əslində günahın bir hissəsi də bizlərin payına düşür. Çünki bu proses nə qədər uzun və ağrılı olsa da, ənənəvi müxalifəti bu illər ərzində toxunulmaz edən həm də bizlər olduq. Halbuki, yeni siyasi qruplar birlik göstərib ənənəvi müxalifət erasına son qoya bilərdi”. 

E.Mehtiyev bildirib ki, AXCP sədri Razi Nurullayev bir neçə dəfə müxalifətə birlik təklifi verib: "Bu addım yeni siyasi prosesə səbəb ola bilərdi. Amma təəssüflər olsun ki, özünü müxalifət adlandıran bəzi qüvvələr birlik nümayiş etdirə bilmədilər”. 






Həftənin ən çox oxunanları