Yuxarı

Əli Kərimlinin stadiondan feysbuka enişi

Əli Kərimlinin stadiondan feysbuka enişi

Milli Şura və "Yurd” təşkilatının "Məhsul” stadionunda keçirdiyi piket görüntülü mitinqlərdən bir neçə gün keçir. Ard-arda 3 dəfə keçirilən nümayişlərə ümumilikdə 4 min insan qatılmamışdı. Bunlar Milli Şura və "Yurd” sədri Əli Kərimlinin gözləntilərinin əksinə olaraq, özlərini ifşa etməyin növbəti oyunu idisə, hər iki qrup əsl məyusluğu şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun səsləndirdiyi fikirlərlə yaşadı.

Qeyd edək ki, 2013-cü ildə bir müddət Milli Şuranın vahid namizədi olan, sonradan seçki prosesindən geri çəkilən Rüstəm İbrahimbəyov artıq nə şura, nə seçkilər, nə də siyasətlə maraqlandığını dedi. O, fəaliyyətini kino sahəsində davam etdirdiyini və hər şeyin arxada qaldığını bildirdi.

Abıra qısılmaq

"Məhsul” biabırçılıqlarından sonra Milli Şuranın fəxri sədrinin bu açıqlaması həm şura, həm də "Yurd” rəhbərliyi üçün əsl üzücü məqam olmalı idi. Açıqlamadan sonra sosial şəbəkələrdə saxta profillərlə İbrahimbəyova qarşı hücuma keçən "yurdçular” rejissoru istədikləri bütün formalarda söydülər. Mitinqlər ətrafında gedən söhbətlərə də son qoyuldu. Artıq hər şey əvvəlki məcrasına qayıdıb. Yenə də Əli Kərimli Feysbukda paylaşım etmək və bu paylaşımları saxta profillərlə "bəyənmək”lə məşğuldur. Dünyada və ölkədə baş verən ictimai-siyasi proseslərə münasibətlərindən danışan "Yurd” sədri ara-sıra xalqın üzləşdiyi sosial-iqtisadi ağırlıqları hakimiyyətin adından məsxərəyə qoymağı da unutmur.

Halbuki, sonuncu mitinqdə - oktyabr ayının 28-də baş tutmuş nümayişdə "Yurd” sədri hakimiyyətə qarşı mübarizədə daha əzmli yolun seçiləcəyinin anonsunu vermişdi. Lakin son paylaşımlarından görünür ki, onun üçün mübarizə meydanı da, dialoq masası da paylaşımlarını saxta profilləri, "troll”ları hesabına istədiyi kimi gözə soxa biləcəyi Feysbukdur.

Dindarlar da ondan üz döndərdilər

Yenə də müxalifətlə müxalifətçilik edən Əli Kərimli ölkənin ictimai-siyasi həyatında baş verən ciddi prosesləri görməzdən gəlir, xalqın maraqlarını ifadə edəcək hər şeyi Feysbuk müzakirəsi səviyyəsinə endirir, kiçik paylaşımlarla gözə kül üfürür. Əlbəttə, müxalifət adına təşkil etdiyi piketlərlə cəmiyyətin başının altına yastıq qoyub, müxalif düşərgəni insanların gözlərindən salan bir şəxs bundan başqa mübarizə yolu seçmək imkanına sahib olmamalıdır. Son iki ay ərzində baş tutan 3 mitinqdə də o, bu cəmiyyət üçün kimin kim olduğunu açıq formada göstərdi. Bir daha təsdiq olundu ki, Əli Kərimlinin qarşısına qoyulmuş əsas missiya, müxalifəti hakimiyyətə təsir edə biləcək formada gücləndirmək yox, hakimiyyətin və özünün maraqlarına uyğun formada cılızlaşdırmaqdır. Əlbəttə, tribunadan, elə hər gün "iş ofisi”nə çevirdiyi Feysbuk üzərindən iri iddialarla danışan bir adamın virtual yazışmalardan kənara çıxa bilməməsi də bu qəbildən olmalıdır.

Lakin mitinqlər vəziyyətin heç də Əli Kərimlinin paylaşımlarında təsvir etdiyi kimi olmadığını göstərdi. Son nümayişlərdə bir sıra məqamlarla yadda qaldı. Bir qayda olaraq, 2015-ci ildən Milli Şuranın keçirdiyi mitinqlərdə etirazçı kütlənin mütləq hissəsini təşkil edən dini radikallar, yaxud, dindarlar son mitinqlərdə meydanda görünmədilər. Gələnlər də azsaylı elektoratın heç 0.1 faizini təşkil etmirdi. Görünən bu idi ki, artıq dindarlar da Əli Kərimlinin vədlərinə inanmırlar. Şübhəsiz ki, Əli Kərimlinin həbsdə olan dindarların ailələri üçün xarici ölkələrdən "siyasi məhbus” adıyla aldıqları pulları mənimsəməsi barədə aparılan jurnalist araşdırmaları və üzə çıxan faktlar buna hisse diləcək formada təsirini göstərmişdi.

Mənsur






Həftənin ən çox oxunanları