Yuxarı

Qarabağ erməniləri üz-üzə gətirir

Qarabağ erməniləri üz-üzə gətirir

İrəvanda tələbələrin etiraz aksiyası davam edir. Noyabrın 8-dən başlanan etirazlarda tələbələr ordudan möhlət hüququnun ləğvinə etiraz edirlər. İrəvanda yağış yağmasına baxmayaraq, aksiya təxirə salınmayıb. "Elmin inkişafı naminə” təşəbbüs qrupu aksiyaların davam edəcəyini bəyan edib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən hazırlanan "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi parlamentdə ilk oxunuşda qəbul edilib. Yeni qanuna görə, aspirantura təhsili almaq istəyən tələbələrə ordudan möhlət hüququ verilməyəcək. Təhsilini davam etmək istəyən tələbəyə yalnız Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə icazə veriləcək. Lakin həmin şəxs təhsilini başa vurandan sonra 2 yox, 3 il hərbi xidmət keçməlidir.

Tələbələri qəbul edən baş nazir Karen Karapetyan onların fikrini dinləyib. Görüşdə müdafiə naziri Viqen Sarkisyan, elm və təhsil naziri Levon Mkrtçyan da iştirak edib. Lakin iki saatlıq görüşdən sonra hökumət binasını tərk edən gənclər danışıqların nəticəsindən narazı qaldıqlarını bəyan ediblər. Baş nazir tələbələrə "Əgər sizin təklifiniz varsa, onu qanunun qəbulundan sonra təqdim edin. Bu müzakirə oluna bilər”-deyə cavab verib. Tələbələr isə bildirib ki, irəli sürülən təkliflər qanun qəbul edilənə qədər mümkündür. Hökumət isə qanun qəbul olunduqdan sonra tələbələrin fikrini dinləməyə hazır olduğunu deyir. Danışıqlarda iştirak edən gənclərin verdiyi məlumata görə, hökumət hərbi xidmətdən möhlət hüququnu məhdudlaşdıran qanundan imtina etmək istəmir. "Yalnız Viqen Sarkisyan deyil, Karen Karapetyan və Levon Mkrtçyan da buna qarşı çıxır. Yəqin ki, söylədiklərimiz qanun qəbul olunmasa da əhəmiyyətli deyil”-deyə tələbələr bildirib.

Aksiya iştirakçıları baş nazirlə görüşün nəticəsindən razı qalmayana qədər mübarizəni davam etdirəcəklərini bəyan ediblər. Noyabrın 10-da səhər saatlarında İrəvan Dövlət Universitetinin əsas korpusundan ikinci tədris binasına doğru yürüşə başlayan tələbələr öz həmkarlarını kütləvi tətilə qoşulmağa çağırıblar. Biologiya fakültəsinin bir neçə tələbəsi binaya daxil olaraq, tətilə qoşulmaqdan imtina edənlərin olub-olmadığını yoxlamaq istəyib. Bəzi auditoriyaları gəzdikdən sonra içəridə tələbə qalmadığı müəyyən edilib. Fakültənin dekanı Emil Gevorkyan aksiyanın dərslərin gedişinə təsir göstərdiyini deyib. Onun sözlərinə görə, dərs prosesi 100 faiz təmin olunmayıb. Dekan özü möhlət hüququndan imtinanın əleyhinə olduğunu desə də, bu cür mübarizə üsulunu düzgün hesab etmədiyini söyləyib. İrəvan Dövlət Universiteti administrasiyasının rəhbəri Alik Qaribyan isə aksiya işrirakçılarına müraciət edərək, öz etirazlarını bildirməkdə sərbəst olduqlarını, buna baxmayaraq, digər tələbələrə təsir göstərməməyə çağırıb.

Yürüş iştirakçıları İqtisad və Tibb universitetlərinin tələbələrini də onlara qoşulmağa dəvət edib, "Respublika” meydanına toplaşan yüzlərlə tələbənin qarşısı polis tərəfindən kəsilib. Bundan sonra baş nazir tələbələri qəbul etməyə razılıq verib. Ancaq tələbələr hökumət rəsmiləri ilə danışıqların nəticəsindən narazı qaldıqları üçün yenidən səfərbər olmaq qərarına gəliblər. 

Baş verən prosesləri şərh edən politoloq Arzu Nağıyev hesab edir ki, Ermənistanda tələbələrin hərbi xidmətə çağırış zamanı möhlət hüququndan məhrum edilməsi ölkədə yaranmış demoqrafik problemlə bağlıdır: "Ermənistanda böyük təlatümlər yaşanır. Prezident Serj Sarkisyan çıxış edib ki, 2040-cı ilə qədər Ermənistan əhalisinin sayını 4 milyona çatdırmaq lazımdır. Yəni Ermənistan əhalisi arasında başqa ölkələrə immiqrasiya halları artıb. Eyni zamanda, erməni qadınlar Dağlıq Qarabağ münaqişəsinə görə öz övladının ölməsini istəmir.

Çağırış yaşında olan hər iki nəfər erməni gəncin biri Ermənistanı tərk edir. Onlar məqsədi və məramı bilinməyən müharibədə iştirak etməkdən imtina edir. Bilirlər ki, bu münaqişə əvvəl-axır Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Sarkisyanın verdiyi vədlər puça çıxa bilər. Ona görə də onlar öz övladlarını hərbi xidmətdən yayındırırlar. Ermənistan ordusunda artıq say çatışmazlığı yaranıb. Bu səbəbdən də hərbi xidmətə tələbələri çağırmağa başlayıblar”. 

Ekspert onu da bildirdi ki, sözügedən qanunun qəbulunda Rusiyanın da təzyiqi rol oynayıb. Moskva Ermənistanın hərbi və müdafiə məsələlərini yalnız Rusiya hərbi bazasının hesabına təmin edilməsinə qarşı çıxır. 

Eyni zamanda, Arzu Nağıyev Ermənistanda baş nazir vəzifəsi uğrunda getdikcə artan siyasi rəqabətdə iştirak edən tərəflərin istifadə edəcəyini də istisna etmir: "Serj Sarkisyanın prezidentlik müddəti başa çatır. O, gördüyü bütün işlər haqqnda, o cümlədən, Dağlıq Qarabağ probleminə dair, separatçılara verdiyi müstəqillik vədi ilə bağlı hesabat verməlidir. O, hakimiyyətdə daha çox qalmaqla bu sorğudan yayınmağa çalışır. Burada digər məqam Sarkisyanın Qərbə meyillənməsidir. Nəticədə, Qərblə Rusiyanın maraqları toqquşur. İrəvandakı aksiyalarda da siyasi motiv var və baş nazirlik uğrunda rəqabət özünü göstərir”. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları