Yuxarı

İmperiyanı silkələyən 18 gün

İmperiyanı silkələyən 18 gün

Sabir Rüstəmxanlı: "Meydana görə bizə hədə-qorxu gələnlər, "sabahınızı niyə fikirləşmirsiz, xalqı hara aparırsız, 37-ni unutmayın” deyənlər də var idi”

Bu gün çağdaş Milli Azadlıq Hərəkatının ən parlaq səhifəsi hesab olunan 17 noyabr Meydan hərəkatının növbəti ildönümüdür. 29 il bundan öncə Qarabağda erməni separatizmindən və Moskvanın ikiüzlü siyasətindən cana yığılmış Azərbaycan xalqı keçmiş sovet imperiyasını sarsıdan 18 günlük möhtəşəm meydan hərəkatına imza atdı. 1992-ci ildən etibarən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunub. Azərbaycan türklərini "İlin xalqı” etmiş həmin tarixi Meydan hərəkatının liderlərindən olan xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq deputat Sabir Rüstəmxanlı ilə vərəqlədik. 

"Meydan Azərbaycan ədəbiyyatının şinelindən çıxmışdı”

-Sabir bəy, necə oldu ki, uzun illər sovet ideologiyasının təsiri altında yaşayan milyonlarla insan bir gündə meydana çıxdı?
-Meydana gələn yol çox uzaq yoldur. Bu yol bəlkə də 1920-ci ildə Azərbaycanın Qızıl Ordu tərəfindən işğalından sonra başlamışdı. O, ordunun zülmünü görən, hər il 10 minlərlə ziyalısını, düşünən insanını itirən bir xalq şübhəsiz ki, o rejimlə barışmamışdı. 38-ci ilin repressiyası, müharibədə bizim xalqa qarşı olan haqsızlıqlar, azərbaycanlıların Ermənistandan-öz dədə-baba torpaqlarından çıxarılması, torpaqlarımızın parça-parça kəsilib ermənilərə verilməsi və sairə bütün bunlar hamısı xalqın yaddaşında idi, unudulmamışdı. Bütün bunların hamısı  örtülü şəkildə olsa da, bizim ədəbiyyatımızda yer tapırdı. Stalindən sonra nisbi də olsa, yeni intibah başlamışdı. 60-70-ci illərin ədəbiyyatı Azərbaycanın milli şüuruna xeyli təsir göstərmişdi. Sovet lideri Mixail Qorbaçovun 85-ci ildə başladığı ideoloji islahatlar dövründə də bunların üzə çıxmasına münbit şərait yarandı. Bu şəraitdə dərnəklər yaranırdı, əvvəllər çapına icazə verilməyən kitablar ortaya çıxırdı, mətbuatda daha cəsarətli yazılar çap olunurdu. Yəni, xalqı meydanlara hazırlayan güclər var idi. Ən üzdə olanı, açıq-aydın görünəni bizim ədəbiyyatımız idi. Yəni, meydan Azərbaycan ədəbiyyatının şinelindən çıxmışdı. Orada yetişdirilib, böyüdülmüşdü. Sonda da 88-ci ilin fevral ayında Ermənistanın Azərbaycana qarşı torpaq iddiası sadəcə olaraq gizli qalan qəzəbi ortaya çıxardı. Ondan sonra xalqın özü adı ilə bağlı düşüncələri ailə məclislərindən, jurnallardan, ədəbiyyatdan, kitabların səhifələrindən meydanlara gəldi. 88-ci ilin fevral ayında proses başlamışdı və artıq noyabra qədər bir neçə mitinq keçirilmişdi. O zaman meydanlarda ziyalılar danışırdı. Meydanlarda siyasətçilər yox idi. Siyasilər danışanda xalq onların dediklərini qəbul etmirdi. Xalq ziyalıları, yazısına, televiziyada çıxışlarını, universitetlərdə dərslərinə inandığı insanları qəbul edirdi. Yerdə qalanlar isə tədricən sıradan çıxırdı. Sonda da 1988-ci ildə ilk dəfə daha uzun, gecə-gündüz dağılmadan mitinqlər keçiriləndə çox çıxış edənlər oldu, amma sonda 2 nəfər qaldı: Şair Sabir Rüstəmxanlı və Nemət Pənahlı. Yerdə qalanların hamısı 1-2 dəfə çıxış edib gedirdilər. Amma 18 gün orada ara vermədən danışan və meydanı idarə edən bizlərdik. Dəfələrlə çıxışlar etdikdən sonra tələb etdik ki, meydan televiziya vasitəsilə transilyasiya olunsun. Meydan transilyasiya olunandan sonra "Azadlıq” meydanından bütün respublikaya yayıldı. Və Azərbaycanın ən ucqar yerlərindən də meydana axın başladı. Qarşıları kəsiləndə, nəqliyyat olmayanda piyada gəlirdilər. Bu artıq ümumrespublika hərəkatına çevrildi. Xalq gördü ki, Moskvaya ümid etmək olmaz. Bu işin arxasında elə Moskva özü dayanır. Ermənilərin torpaq iddiasını qızışdıran, onları ortaya salan da Moskvadır. Sumqayıt hadisələrinin, azərbaycanlıların Ermənsitandan çıxarılmasının və digər faciələrin müəllifi elə Moskvadır. 

"Vəzirov meydandan qorxurdu”

-Belə fikirlər var ki, Meydan hərəkatının möhtəşəm alınmasında hökumət qüvvələri də maraqlı idi. Bununla guya Moskvaya güc nümyiş etdirmək istəyirmişlər...
-Bu fikir tam şəkildə meydanı xarakerizə etmir. Meydanın mənası bütövlükdə o deyil. Hökumət dairələrində, dövlət idarələrində Moskvanın ermənipərəstliyini bilirdilər. Amma eyni zamanda Azərbaycanın siyasi rəhbəri Əbdürrəhman Vəzirov sadəlövcəsinə Qorbaçova inanırdı. Nə zaman görüşürdüksə, deyirdi ki, Qorbaçov hər şeyi bilir və həll edəcək. Ona görə də əksinə, o, meydandan qorxurdu. Biz meydanda nümayiş komitəsi yaratmışdıq, onun ilk yığıncağını kimsə xəbər vermişdi. Bir də gördük Vəzirov özü gəlib çıxdı. Dedi ki, siz nə istəyirsiz, nə deyirsiz? Yəni, hakimiyyətdəkilərin hamısı elə düşünmürdü. Amma tək-tək adamlar da var idi, düşünürdü ki, bəli, məhz bu meydan Moskvaya təsir göstərə bilər. Məsələn, orada belə bir maraqlı epizod olmuşdu. Bilmirəm, mitinqin neçənci günü idi, bir də dedilər ki, yuxarı mərtəbədə sizi gözləyirlər. O vaxt bizim bəzi yoldaşlar dincəlmək üçün ora çıxırdılar, orada Xalq Cəbhəsi ilə bağlı hələ mübahisələr gedirdi. Mən də düşündüm ki, bəlkə belə bir müzakirəyə çağırırlar. Amma çıxdım gördüm ki, otaqda Azərbaycanın o, zamankı Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Vaqif Hüseynov oturub. Vaqif Hüseynovla da mənim heç bir danışığım, ciddi əlaqəm yox idi. Mən gözləyirdim ki, desin ki, sizin meydanda danışdıqlarınıza, çıxışlarınıza görə qorxuram. Amma gördüm Vaqif müəllim məni ürəklə qarşıladı. Yanında da iki nəfər qonaq var. Baxan kimi bildim ki, onlar yerli deyil, Moskvadan gəliblər. Vaqif Hüseynov məni qonaqlara təqdim etdi və dedi ki, bu meydanın qəhrəmanıdır, nə sözünüz var, buna deyin. Vaqif Hüseynov mənə də Azərbaycan dilində dedi ki, meydanda dediyindən artığını da bunlara de. Onda artıq elə bil çiynimdən dağ götürdülər. Hiss elədim ki, meydandakı çıxışlarım mənim üçün faciəvi sonluq hazırlamır. O, zamana qədər düşünürdüm ki, meydandan sonra hər şey bitəcək, həbs olunacam, ya nəsə olacaq. Vaqif Hüseynovla görüşdən sonra bildim ki, hakimiyyətdə də bu meydanı dəstəkləyən, xalqın içində nə qəzəb olduğunu, Moskvanın siyasətindən narazı olduğunu çatdırmaq istəyən şəxslər var. Təxminən 2-3 saata yaxın mən Moskvadan gələnlərə meydanın tələbini, çıxışlarımı və bir az da daha sərt formada dedim. Mən sərt danışdıqca, Vaqif Hüseynov mənə işarə edirdi ki, bax, belə danış. Yəni, hakimiyyət nümayəndələrindən belə münasibət də var idi. Amma eyni zamanda meydana görə bizə hədə-qorxu gələnlər, sabahınızı niyə fikirləşmirsiz, xalqı hara aparırsız, 37-ni unutmayın-deyənlər də var idi. Hakimiyyətdə meydana gələn yolları bağlayan, ərzaq daşınmasının qarşısını kəsən, odun buraxmayan, polisi, ordunu çağıran qüvvələr də var idi. Dövlət necə bunu dəstəkləyə bilərdi ki, bir yandan camaatı yığsın, bir yandan da ordunu çağırsın? Belə bir məntiq ola bilməz. Amma əlbəttə, xalq meydana yığışandan sonra ondan istifadə etmək istəyən qüvvələr var idi. Meydandan ortaya çıxmaq, özünü reklam etmək üçün istifadə etmək istəyənlər də var idi. Biz bunların hamısını görürdük. Amma meydan xalqın idi və biz mümkün qədər o qüvvələrdən kənar, xalqın iradəsi ilə hərəkət edirdik.

"Ömür kitabı” o nəslin üzərində bir tufan kimi əsib keçmiş, hamını hərəkətə gətirmişdi”

-İddialar var ki, Meydan hərəkatının əsas təşəbbüskarı "Çənlibel” təşkilatı olub. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, mitinqlərin əsas təşəbbüskarı kimlər idi?
-Bu elə bir şeydir ki, hər kəs öz gördüyü işdən danışır. Mən də öz gördüyüm işdən danışıram və bunu önəmli hesab edirəm. Bu nə qədər qeyri-ciddi olsa da demək lazımdır. "Çənlibel” də var idi, "Varlıq” da. "Varlıq” daha çox siyasi qurum idi. Amma "Çənlibelin” öndəgələnləri o, meydanda idilər. Məhəmməd Hatəmi bir neçə gün bizimlə birgə çıxışlar elədi, sonra ayrıldı. Yəni, "Çənlibel” meydanda idi. Amma "Çənlibel”in ikinci yığıncağı mənim "Qan yaddaşı” kitabımın müzakirəsinə həsr olunmuşdu. Orada kimlərsə gəlirdi öyrənməyə. Bu şeir kitabı idi. Meydana gələnlərin əlində isə "Ömür kitabı” var idi. "Ömür kitabı” o nəslin üzərində bir tufan kimi əsib keçmiş, hamını hərəkətə gətirmişdi. Yəni, demək istəyirəm ki, o meydan o qədər böyük idi ki, onu hansısa təşkilatın adı ilə bağlamaq çətindir. Orada ali məktəblər, zavodlar, fəhlələr, ziyalılar, mətbuat işçiləri var idi. Yəni, kim öz xalqını sevirdisə meydanda idi. Hətta qonşu ölkələrdən, Tatarıstandan, Şimali Qafqazdan, Türkmənistandan, Cənubi Azərbaycandan, Türkiyədən gələnlər var idi. 

-Deyirlər ki, o, zaman meydanın 3 günlük ərzağını Zeynəb Xanlarova verib. Ümumiyyətlə, o, zaman kimlər meydana dəstək verirdi?
-Mən onu deyə bilmərəm. Zeynəb Xanlarova 3 gün meydanın ərzağını verə bilməzdi. Şübhəsiz ki, Zeynəb Xanlarovanın da xidmətləri var. Zeynəb xanım bizim qeyrətli sənətkarımızdı. Amma meydana elə ora yaxın olan mehmanxanalardan, hotellərdən, zavodlardan, rayonlardan, bir sözlə, hər yerdən yardım, ərzaq gəlirdi. Hətta bəzi yerlərdən pul göndərirdilər. Mən tribunada olduğuma görə bu proseslərdən xəbərim olmurdu. Amma yardımlar gəlirdi. Xalq ayağa qalxmışdı və meydanda sabaha qədər tonqallar yanırdı. Həmin tonqalların ətrafında yaşananlar bir əfsanə, nağıl idi. Milli Hərəkatın bir romantik dövrü olub. Məktub yazıb göndərmişdilər və mən həmin yazını tribunadan oxumuşdum. Həmin məktubda yazmışdılar ki, şəkili-şirvanlı, gəncəli-muğanlı, naxçıvanlı-bakılı gəlmişik, amma burada hamımız azərbaycanlıyıq. İndi onu demək istəyirəm ki, kimin nəyə gücü çatırdısa, yardım edirdi. Bəziləri açıq-aşkar, bəziləri qorxa-qorxa. İndi zaman keçib, hamı açıb danışır. Meydanda kimin nə qədər xidməti var idi, onu demək çətindir. Ümumxalq hərəkatının ümumxalq da dəstəyi var idi.

"Meydan ən böyük "universitetlərimizdəndir””

-Sabir bəy, son olaraq bir də sizin dilinizdən eşidək. Meydan hərəkatı Azərbaycana nə verdi?
-Meydan hərəkatının uğuruna kölgə salan bir məsələ varsa, o, da Qarabağ savaşında müvəqqəti uduzmağımızdır. Bu uduzmağın səbəbləri var. Əslində Qarabağla Meydan hərəkatını eyniləşdirmək olmaz. Çünki bəzi adamlar deyir ki, biz meydanlara çıxmasaydı, mitinqlər keçirməsəydik heç Qarabağı itirməzdik. Bu son dərəcədə yanlış düşüncədir. Meydan ən böyük "universitetlərimizdən” biridir. Orada xalq bir məktəb keçdi. Həmin dövrə qədər olan düşüncə tərzini, mətbuatı ondan sonrakı dövrlə müqayisə etmək olmaz. Ondan əvvəl bizim ehtiyatla yazdıqlarımız, dediklərimiz ondan sonra xalqın adi danışıq tərzinə çevrildi. Birinci dəfə üçrəngli bayrağımız o, meydanda tanındı. İlk dəfə deyildi ki, Azərbaycan bayrağından başqa bütün bayraqlar meydandan yığışdırılsın. Hətta Lelinin heykəlində əlinə Azərbaycan bayrağı vermişdik. Meydanların təmizlənməsi, Bakıda sovet, kommunist küçə və yer adlarının dəyişdirilməsi, heykəllərin götürülməsi, bizə xəyanət edənlərin rədd olub getməsi hamısı Meydanın xidmətləri idi. Və ən əsası bu Meydan SSRİ-nin dağılmasına ciddi təkan verdi. Mən onda istəyirdim ki, meydan vaxtında dağılsın və ordu Bakıya girməsin. Təəssüf ki, onda bunu bacarmadım. Amma ordu girdi, 6-7 ay əlimiz, qolumuz bağlandı, fövqəladə vəziyyət elan olundu, təşkilatlanma yubandı. Qarabağın taleyində bu acılı səhifələrdir. Gərək biz zamanında geri çəkilib, sonra yenidən meydanlara qayıdaydıq. Amma o, zaman kütlənin qarşısında dayana bilmədik. Buna baxmayaraq SSRİ-də gedən sonrakı proseslərin başlanğıcı qoyuldu. Həmin dövrdə Milli Azadlıq Hərəkatının təməli qoyuldu. Azərbaycan Moskvadan qopmasının zəruri, müstəqilliyinin qaçılmaz olduğunu gördü. Bir sözlə, bugünkü Azərbaycanın təməli 1988-ci ilin 18 günlük mitinqində qoyuldu. Sonrakı bütün proseslər bunun davamı oldu.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları