Yuxarı

Lavrovun Bakı səfərinin gizlinləri

Lavrovun Bakı səfərinin gizlinləri

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən gözləntilər vardı. Hesab olunurdu  ki, Lavrov Bakıya yeni "həll” planı ilə gəlir və bu Qarabağ münaqişəsinin çözülməsindən müəyyən rol oynayacaq. Ancaq Lavrovun səfərindən əldə olunan nəticələrin ictimaiyyətdə yayılan hissəsindən belə məlum olur ki, Lavrov ümumiyyətlə, Qarabağla bağlı heç bir mühüm iş dalınca gəlməyib. Belə ki, Lavrovun səfərində əsas mahiyyət iki ölkə arasında qarşısılıqlı əməkdaşlığın genişləndirilməsidir. Ancaq Lavrovun Bakıdan sonra İrəvana səfərinin gözlənilməsi qaranlıq məqamların olduğundan xəbər verir. Ehtimal olunur ki, Lavrovun Bakıya və ardınca da İrəvana səfər etməsi birbaşa olaraq Ermənistanın apardığı siyasi xəttə etirazdır.

Politoloq  Elxan Şahinoğlu Lavrovun Bakı səfərini bu cür şərh edib: "Görüşün qapalı hissəsində nələrin danışıldığını ancaq ehtimal edə bilərik. Ancaq Lavrovun mətbuat üçün açıq hissədə dediyi bir neçə cümlədən gəldiyim qənaət budur: Birincisi, Lavrovun münaqişənin həlliylə bağlı yeni ideyası yoxdur. İkincisi, Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək, deməli, Azərbaycanın tələb etdiyi "mərhələli həll” planına soyuq yanaşır. Üçüncüsü, Lavrov "fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki, "əgər münaqişənin həllini istəyirsinizsə, biz deyəni qəbul etməlisiniz, ermənilərin referendum keçirmək hüququnu tanımalısınız”.

Siyasi-şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Lavrovun səfəri Ermənistana verilən mesajdır. Ekspertin fikrincə, Rusiya Qarabağ münaqişəsinin həllində heç vaxt maraqlı olmayacaq: "Məsələnin birinci tərəfi ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ üzərindəki səlahiyyətlərini tanımayan bir şəxslə Azərbaycan rəhbərliyinin danışıq aparmasının özü absurddur. Çünki bu bəyanat heç kimin yadından çıxmayıb. Hətta Azərbaycan rəhbərliyi səviyyəsində birmənalı olaraq buna etiraz bildirilmişdi. Belə bir şəxslə təzədən Dağlıq Qarabağ probleminin həlli ilə danışıqlar aparılmasını açığı ciddi qəbul etmirəm. Digər tərəfdən, Lavrovun Azərbaycana və Ermənistana səfər etməsi Rusiyanın növbəti siyasi oyunudur. Bu səfərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sonuncu Rusiya səfəri zamanı həmkarı Vladimir Putinlə Qarabağ problemini müzakirə etməsi ilə heç bir əlaqəsi yoxdur. Müəyyən ekspertlər bu yöndə fikirlər bildirirlər, ancaq birmənalı olaraq anlamaq lazımdır ki, Lavrovun səfərinin mahiyyəti tamamilə fərqlidir.

Bu Rusiyanın geosiyasi maraqlarına xidmət edən siyasi oyundur. Məsələnin mahiyyətində duran əsas məqsəd Ermənistanın yaxın zamanlarda Avropa Birliyi ilə müqavilənin imzalanmasından imtina etməsidir. Sadəcə olaraq Ermənistanı bu müqavilədən çəkindirmək üçün Dağlıq Qarabağ problemini yenidən aktivləşdirməklə, dolayısı ilə Ermənistan siyasi rəhbərliyinə siyasi təzyiq edilir. Görüntü yaradılır ki, əgər Avropa Birliyi ilə belə bir saziş imzalanarsa, o, zaman Dağlıq Qarabağ problemi aktiv şəkildə gündəmə gələr və bu problem Azərbaycanın xeyrinə həll olunar. Bütün bunlar hamısı görüntüdür, Rusiyanın siyasi oyunudur və heç bir nəticəyə hesablanmayıb. Bununla yenidən Azərbaycan və Ermənistan ictimaiyyətini aldatmaq istəyirlər. Düşünürəm ki, bu məsələdə qətiyyən aldanmaq lazım deyil. Lavrovun Bakıya səfəri heç bir siyasi nəticə məqsədi daşımır. Rusiya bütün zamanlarda olduğu kimi, yenə də Dağlıq Qarabağ problemindən təzyiq vasitəsi kimi istifadə edir. Ona görə də bu təzyiq mexanizmlərinin əbədi olması üçün Rusiya bu problemin həllində maraqlı deyil və yaxın zamanlarda da maraqlı olmayacaq”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları