Yuxarı

Moskva Ermənistanı cəzalandıracaq

Moskva Ermənistanı cəzalandıracaq

Noyabrın 24-də "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması adlı sənədi imzalayıb.

Ermənistanın Avropaya üz tutması Rusiyanın müəyyən qədər narahatçılığına səbəb ola bilər. Ekspertlər hesab edir ki, bu saziş Ermənistanı Rusyadan uzaqlaşdırılmasına hesablanıb. Məlumdur ki, "müstəqillik” dönəmindən sonra Ermənistan Rusiyanın for-postu kimi ayaqda durmağı bacarıb. Bölgənin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıqdır ki, həll olunmamasının səbəbi də məhz işğalçının Şimaldan dəstək almasıdır. Ancaq Ermənistan Avropa İttifaqı ilə saziş imzaladı və bir növ Rusiyaya arxa çevirdi. Maraqlıdır, bu saziş Ermənistanı Rusiyadan nə qədər uzaqlaşdıra biləcək? Rusiya Ermənistanı cəzalandırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin çözülməsinə Azərbaycana hansı güzəştləri edə bilər?

"Razılaşdırılmış oyundur”

Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə şərhində əslində Ermənistanın Avropa İttifaqı ilə imzaladığı sazişin razılaşdırılmış oyun olduğunu deyib: "Ermənistan elə bir ölkədir ki, hər hansı razılaşmanın qarşısını almaq üçün parlamentdə hətta terror aktı da törədilə bilər. 1999-ci ildə Qarabağ münaqişəsi ilə bağlı razılaşma əlamətləri görünən zaman konstruktiv proseslərin qarşısı məhz bu yolla alınmışdı. Türkiyə ilə imzalanmış Sürix protokolları da eyni aqibəti yaşamışdı. Bu protokollar imzalandı, sonradan parlamentdə ratifikasiya olunmadı. Hətta Sarkisyan bu yaxınlarda BMT tribunasından Türkiyəni bu protokolları zibil yeşiyinə atacağı ilə hədələdi. Demək, bu ölkənin rəhbərliyi bir sıra hallarda beynəlxalq aləmin gözündən pərdə asmaq, özünü konstruktiv göstərmək üçün müqavilələrə qol çəkir, lakin sonra bu sazişlər parlamentdə ratifikasiya olunmur”. 

"Ola bilər ki, saziş ratifikasiya edilməsin”

Politoloq Avropa İttifaqı ilə bağlanan müqavilənin də eyni aqibətlə üzləşə biləcəyini istisna etmir:

"Çünki, Sarkisyan Brüsseldə bu sənədi imzalasa da, ölkə parlamenti ratifikasiya etməyib. Ola bilər ki, Sürix protokolları kimi bu müqavilə də ümumiyyətlə, ratifikasiya edilməsin. Yəni, bu müqavilənin imzalanmasından əvvəl Ermənistanla Rusiya arasında razılaşma ola bilər ki, sənəd imzalansın, amma parlament onu təsdiq etməkdən imtina etsin. Bəs, Rusiya və Ermənistan bunu nə üçün edə bilər? Ermənistan 2018-cu ildə seçkilərə gedəcək. Lakin, bu seçkilərin fərqi ondan ibarətdir ki, ölkədə artıq Rusiyanın dəstəyi ilə konstitusiya islahatları həyata keçirilib və bundan sonra ölkənin başında prezident yox, parlament duracaq. Rusiya Sarkisyanın Ermənistan rəhbərliyində qalması üçün konstitusiyanı dəyişərək onu parlamentin rəhbərliyinə gətirmək fikrindədir. Lakin erməni diasporu, daxildəki qərbpərəst müxalifət qətiyyətlə buna qarşı çıxırlar. Ölkədə müxalifət qərbpərəst, iqtidar isə birmənalı surətdə rusiyapərəstdir”.

Moskva rəngli inqilabdan narahatdır

Nəzakət Məmmədovanın sözlərinə görə, Rusiya və Sarkisyan rejimi Qərbin Ermənistanda "rəngli inqilab” həyata keçirməsindən narahatdır: "Ona görə də Avropa Birliyi ilə saziş imzalayaraq onu arxayın sala, inqilab təhlükəsi sovuşandan sonra isə ümumiyyətlə, sazişi ratifikasiya etməkdən imtina edə bilər. Ukraynadan fərqli olaraq, Ermənistanın Avropa Birliyi ilə saziş imzalamasına Rusiyanın soyuqqanlı yanaşması bununla bağlı ola bilər. Ermənistanın Avropa Birliyi ilə bağladığı bu müqavilədə bəzi müddəaların çıxarılması Rusiyanı qane etdiyindən o, buna razılıq vermiş ola bilər. Buraya vahid ticarət zonası məsələsinin Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi nəzərə alınmaqla uzlaşdırılması, "Metsamor”un istismarına icazə verilməsi və digər məsələlər ətrafında razılaşmalar aiddir. 

Yəni, Ermənistan və Ukrayna məsələsindən sonra bir xeyli geri çəkilən Avropa Birliyi Rusiyanın mənafelərinə zidd müddəaları müqavilədən çıxarmış ola bilərlər ki, bunu nəzərə alan və sənədin həyata keçirilməsi zamanı öz maraqlarına xələl gəlməyəcəyini görən Rusiya razılıq verə bilər”.

Politoloqun fikrincə, hər bir halda Ermənistanın belə bir müqavilə imzalaması onun Rusiyadan uzaqlaşmasına və Avropanın təsir dairəsinə keçməsinə səbəb ola bilər: "Bu isə ilk növbədə artıq müəyyən müddət sonra bu ölkənin xarici siyasətinin Rusiyanın təsirindən və təzyiqindən çıxaraq Avropanın bir güc mərkəzi kimi bu ölkəyə təsir göstərə bilməsinə şərait yaradacaq. Avropanın bu ölkə üzərində təsirinin artması Qarabağ münaqişəsinin daha çox beynəlxalq hüquq prinsipləri əsasında həll olunmasına müəyyən qədər təsir göstərə bilər. Bu isə öz mövqeyini hüquq prinsipləri üzərində quran Azərbaycana daha çox uyğun olardı”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları