Yuxarı

Rusiya səfirinin geri çağırılmasının pərdəarxası

Rusiya səfirinin geri çağırılmasının pərdəarxası

Elxan Şahinoğlu:"Lavrov Doroxindən narazı idi”

Rusiya  Federasiyasının  Azərbaycandakı  fövqəladə və səlahiyyətli  səfiri Vladimir Doroxin prezident  Vladimir Putinin sərəncamı ilə  vəzifəsindən azad edilib.  2009-cu ildən Bakıda səfir kimi  fəaliyyət göstərən  V.Doroxin  Azərbaycanı yaxşı tanıyan  diplomat  hesab olunurdu.  Səlahiyyət müddəti xeyli müddətdir başa  çatsa da, Moskva  Doroxini  geri çağırmağa tələsmirdi. Ona görə də səfirin gözlənilmədən vəzifəsindən azad edilməsi siyasi rezonansa səbəb olub. Bu, ilk növbədə, adi rotasiya qaydasında həyata keçirilən bir missiya da ola bilər.

Ancaq  əldə olunan son məlumatlar V.Doroxinin təsadüfən geri çağırılmadığını göstərir. 

Qeyd edək ki, artıq Rusiya prezidenti Azərbaycana yeni səfir də təyin edib. Həmin şəxs Rusiya Xarici İşlər Nazirliyində Kadrlar İdarəsinin rəis müavini işləyən Yuri Zuyevdir. 

Sözügedən məsələni Cebhe.info-ya  şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun açıqlamasına görə, rəsmi Moskva V.Doroxinin fəaliyyətindən  razı qalmadığı üçün onu  başqası ilə əvəzləməyi  qərara alıb. Kremlə  hazırda Rusiyanın Cənubi Qafqaz və Azərbaycanla bağlı yeni siyasətini həyata keçirə bilən  bir diplomat lazımdır:

"Məndə olan məlumata görə, Moskvada Doroxinlə bağlı son vaxtlar narazılıqlar yaranmışdı. Doroxin  öz fəaliyyəti ilə Azərbaycan hakimiyyətinin maraqlarına problem yaratmırdı. Rəsmi Bakının maraqlarına tam uyğun fəaliyyət göstərən bir səfir idi.  İyul ayında bu məsələ təsdiq olunub və məndə olan məlumata görə, xarici işlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olanda bu məsələni qaldırıb.  Yeni təyin olunan  Georgi  Zuyevin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinin nədən ibarət olması barədə məlumat yoxdur. Vladimir Doroxin isə uzun müddətdir ki, Azərbaycanda səfir kimi işləyirdi və peşəkar diplomat idi. Onun səlahiyyət müddəti də çoxdan bitmişdi. Ola bilsin ki, Lavrovun Doroxindən narazılığı onun geri çağırılmasında rol oynayıb.  Fikrimcə,  Rusiyanın xarici siyasətində müəyyən korrektələr var  və Doroxin bu yeni  kursa uyğun gəlmir.  Bütün hallarda o, kifayət qədər işlədi və  geri çağırılmasının vaxtı idi”. 

Müşfiq Abdulla 






Həftənin ən çox oxunanları