Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttinin açılışı Ermənistanda şok effekti yaratdı. Ermənistanın ictimai-siyasi çevrələrində və nüfuzlu KİV-lərində hələ də müzakirə edilən əsas məsələlərdən biri də budur. Müzakirələr bir sıra hallarda Ermənistan hakimiyyətinə qarşı irəli sürülən ilginc ittihamların gündəmə gətirilməsi ilə də əlamətdardır.
Erməni ekspertlərə görə Ermənistanın bu gün bölgədə reallaşan layihələrdən kənarda qalmasının birbaşa günahkarı prezident Serj Sarkisyan və komandasıdır. Erməni mənbələr qeyd edirlər ki, Sarkisyan hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla ortaq dil tapa bilsə, Ermənistan bu layihələrə qoşula bilər. Buna görə də mənbələr rəsmi İrəvana Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BTQ-nin açılışında sonra səsləndirdiyi fikirləri xatırladırlar. Qeyd edək ki, məlum açıqlamada E.Məmmədyarov işğalçılıq siyasətindən əl çəkib Azərbaycan ərazilərini azad edəcəyi halda, Ermənistanın bu layihələrə qoşula biləcəyini demişdi.
"Bu, Ermənistan üçün sərfəli olacaq”
Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Avropa Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Kaxa Qoqolaşvili də BTQ vasitəsilə erməni mallarının daşınmasından danışıb. O qeyd edib ki, hazırda Ankara və Bakı erməni mallarının Bakı-Tiflis-Qars dəmiryolu ilə daşınmasına qarşı çıxır, lakin bu, gələcəkdə tərəflərin münasibətlərinin yaxşılaşacağı təqdirdə mümkün olmayacağı anlamına gəlmir:
"Qarabağ məsələsinin həllində irəliləyişlərin olacağı təqdirdə Azərbaycan və Türkiyə də Ermənistana qoyduğu məhdudiyyətləri götürəcək. Bundan sonra Ermənistan dəmiryolu xəttindən istifadə edərək mallarını nəinki Avropaya, həm də Türkiyəyə daşıya biləcək. Bu, Ermənistan üçün sərfəli olacaq, çünki dəmiryolu xətti Gürcüstanla Ermənistan sərhəddində, Axalkalakidə bitir. Ona görə də Ermənistanın öz mallarını sərhədə gətirmək üçün böyük səy göstərməsinə ehtiyac olmayacaq. Bu dəmiryolu xətti bir günə deyil, bir neçə ilə planlaşdırılıb. Ona görə də bu layihənin fayda və zərərləri hesablanılıb. BTQ dəmiryolu xəttinin biznesin inkişafı üçün dəyəri böyükdür və o, ölkələri Avropa ilə birləşdirdiyi üçün dəhliz rolunu oynayır. Ona görə də onun perspektivləri çox böyükdür”.
"...blokadadan çıxacaq”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan işğalçılıq siyasətindən imtina edəcəyi halda, blokadadan çıxa bilər. Lakin partiya sədri ermənilərin qeyd-şərtsiz ərazilərdən geri çəkiləcəyinə inanmadığını diqqətə çatdırıb:
"Ermənilərin pis xisləti var. Ermənilər heç vaxt torpaqları qeyd-şərtsiz azad etməyəcəklər. Lakin hadisələri qabaqlasaq və düşünsək ki, ermənilər heç bir şərt olmadan ərazilərimizi boşaldıblar, bu halda Ermənistan Azərbaycanın bölgədə reallaşdırdığı beynəlxalq layihələrdə iştirak etmək imkanı qazana bilər.
Bu halda Azərbaycan Ermənistanın regional layihələrə qoşulmasına imkan yarada bilər. Məsələn, Ermənistan Bakı - Tiflis - Qars dəmir yolu xəttinə qoşula bilər, komnukasiyalar açıla bilər. Əgər işğalçılıq siyasətindən geri çəkilsə, Ermənistan çoxşaxəli inkişaf resursları əldə edəcək”.
"Azərbaycan dünyanın qapısını Ermənistanın üzünə aça bilər”
Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, əgər Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlər əsasında Qarabağ münaqişəsinin həllinə razılıq verərsə, ilk növbədə blokadadan çıxmış olacaq. Politoloq qeyd edib ki, bu halda Türkiyə Ermənistanla sərhədlərini açacaq, eyni zamanda İrəvan regional nəqliyyat infrastrukturuna çıxış imkanları əldə edəcək:
"Ermənistan Şimal-Cənib və Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizlərindən yararlanmaq imkanı qazanacaq. Başqa bir məqam isə budur ki, Türkiyənin Ermənistana investisiyaları artacaq. Həmçinin, Azərbaycan biznesi də Ermənistanda sərmayə qoymaq imkanını nəzərdən keçirə bilər. Bilirsiniz ki, qonşu Gürcüstanın ən böyük xarici sərmayədarı Azərbaycandır. Qonşu Türkiyəyədə isə Azərbaycanın 10 milyard dollar investisiya payı var. Bu halda Ermənistan İranla dəmiryolu əlaqəsinə də malik ola bilər”.
Z.İbrahimlinin sözlərinə görə, vaxtilə Xəzər neftinin Avropaya nəqli üçün ilk marşrutlardan biri kimi Ermənistan ərazisindən keçən boru kəməri də müzakirə olunub:
"Ermənistan özünün işğalçılıq siyasəti ilə bu imkandan yararlana bilməyib. Ümumiyyətlə, əgər Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlər əsasında Qarabağ münaqişəsinin həllinə razılıq verərsə, gələcəkdə regional layihələrin həyata keçirilməsində iştirak etmək imkanı qazana bilər. Hazırda Çin regiona böyük maraq göstərir və Ermənistanın blokadada olması Pekinin təklif etdiyi mümkün layihələrdən yararlanmaq fürsətlərini məhdudlaşdırır. Bu problem də həllini tapa bilər. Azərbaycanda Ələt qəsəbəsində böyük perspektiv vəd edən Azad İqtisadi Zona yaradılır. Bu, region və Xəzər hövzəsi ölkələri üçün çox yaxşı inkişaf perspektivləri vəd edir. Ermənistan bu sahədə də divident əldə edə bilər. Ən başlıcası isə Ermənistan qarşısında bir ölkədən asılılığına son qoyulması üçün çox geniş imkanlar açılır və erməni cəmiyyətini çox narahat edən bu məsələnin həlli yolu məhz Ermənistanın Azərbaycanın irəli sürdüyü şərtlər əsasında Qarabağ münaqişəsinin həllinə razılıq verməsindən keçir”.
Mənsur Rəğbətoğlu