Yuxarı

İrəvanla Moskva arasında gərginlik blefi

İrəvanla Moskva arasında gərginlik blefi

"Ermənistanla Avropa İttifaqı arasında imzalanan məlum müqavilə müəyyən qədər də olsa, İrəvanla  Rusiya arasında olan münasibətləri korlayacaq”. "Cümhuriyət” qəzeti xəbər verir ki, bu sözləri Rusiya Federasiyası İctimai Palatasının üzvü, politoloq Sergey Markov Aİ ilə Ermənistan arasında imzalanan müqavilənin doğura biləcəyi nəticələr haqda  danışarkən deyib. O qeyd edib ki, bu müqavilənin əsas məqsədinin Ermənistanı az da olsa, Rusiyanın təsirindən çıxarmaq olduğunu hamı bilir: "Lakin bu müqavilə Ukrayna ilə imzalanan müqavilədən fərqlənir. Orda azad ticarət sistemi mövcud idi, Ermənistanla bağlanan müqavilədə isə bu yoxdur.

Aİ hesab edir ki, Ermənistan iqtisadiyyatının necə qurulması, onun reqlamenti və fəaliyyət göstərəcək qanunlarının tərtibatını bilavasitə Avropa Şurası tənzimləməlidir. Avropa Birliyi keçmiş SSRİ ölkələrində Rusiyanın simasında düşmən ölkə obrazı yaratmaqla öz məqsədlərinə nail olmaq istəyir. Buna görə də baş verənlər İrəvanla Moskva arasındakı münasibətləri pisləşdirəcək.

Bundan sonra dolayısıyla Azərbaycanla Rusiya arasında olan münasibətlər üçün yaşıl işıq yanacaq.Rəsmi Bakı ilə Moskva münasibətlərinin inkişafı üçün yaranan münbit şəraiti dəyərləndirəcəklər”.

Rusiya - Ermənistan gərginliyi varmı?

Markovun iddiasının əksinə olaraq, Avropa İttifaqı ilə Ermənistan arasında sazişin imzalamasından keçən bir neçə gün ərzində tərəflər arasında gərginliyin baş verdiyinə dair hansısa hadisə baş verməyib.Heç sazişin imzalandığı gün bu məsələ Rusiyada müzakirə mövzusu deyildi.Üstəgəl, sazişdə Rusiyanın narazılığına səbəb olacaq heç bir siyasi məsələ yer almadı, bu, daha çox tərəflər arasında iqtisadi münasibətləri gücləndirən nəzəri bir anlaşma kimi görünür.

Mümkündür ki, Rusiyadan olan politoloqlar bu fikirləri Azərbaycanın hələlik Aİ ilə belə bir saziş imzalamaqdan imtina etdiyi üçün rəsmi Bakıya təşəkkür kimi səsləndirirlər.Kreml anlayır ki, Ermənistan tamamilə Rusiyanın hərbi-siyasi təsir dairəsindədir və buradan çıxmaq imkanları məhduddur.Nəzərə alsaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində də son sözü deyə biləcək tərəfdir, bu da Ermənistanın manevr imkanlarını məhdudlaşdırır.Azərbaycanın isə xarici siyasət baxımından qismən Ermənistandan müstəqil olmasına görə Rusiya ictimai rəydə o fikri yaratmağa çalışır ki, rəsmi Bakı Aİ ilə belə bir sazişi imzalasa, Moskva ona İrəvana davrandığı kimi loyal davranmayacaq.

"Ermənistan yardım üçün bu sazişi imzaladı”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan Avropa İttifaqı ilə sazişi Rusiya ilə razılaşdırılmış şəkildə imzaladı. Ermənistanın dotasiya ilə yaşayan ölkə olduğunu qeyd edən E.Mirzəbəylinin sözlərinə görə bu ölkənin bütün iqtisadi və siyasi resursları Rusiyanın əlindədir:

"Təbii ki, Avropa İttifaqı ilə ikitərəfli saziş Ermənistana ittifaq ölkələrindən yardım almağa imkan yaradacaq. Bu, Rusiyanın yükünü azaldan bir məsələdir.Qaldı ki, Avropa İttifaqı ilə anlaşmanın Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq ehtimalına, bu, absurd iddiadır.Ermənistanın özü də Rusiyanın təsir dairəsindən çıxmaq niyyətində deyil.Heç Ermənistanın belə bir imkanı da yoxdur.Faktiki olaraq, bu ölkə tamamilə Rusiyanın nəzarəti altındadır.Şübhəsiz ki, Markov Rusiyanın maraqlarından çıxış edərək Azərbaycanı ümidləndirmək üçün belə fikirlər səsləndirir.Amma onun bu iddiası reallığı əks etdirmir.Avropa İttifaqı ilə əməkdaşlıq Ermənistanın Rusiya ilə münasibətlərinin qırılmasına rəvac verməyəcək.Əvvəldə qeyd etdiyimiz kimi, bu saziş Rusiya ilə razılaşdırılmış şəkildə imzalanıb”.

"Rusiyanın istəmədiyi məsələlər çıxarıldı”

Politoloq Erkin Qədirli hesab edir ki, Ermənistanın Aİ ilə anlaşmasında Rusiyanın istəmədiyi məsələlər çıxarıldı.E.Qədirli  qeyd edib ki, bu anlaşma bundan əvvəl Gürcüstan və Ukraynanın Aİ ilə imzaladıqları anlaşmalardan daha zəifidir:

"Ermənistanla Avropa İttifaqı arasında anlaşmadan Rusiyanın bəyənmədiyi bütün müddəalar (azad ticarət, təhlükəsizlik və s.) çıxarıldı. Üstəlik, "Metsamor” Atom Elektrik Stansiyasının qapadılması üçün tədbirlər, yaxın zamanlarda gerçəkləşməsi mümkün görülməyən siyasi islahatlar, Beynəlxalq Cinayət Məhkəməsi yurisdiksiyasının altına girmək kimi məsələlər də var. Ermənistan da bu məsələlərin həllini bacardığı qədər uzatmağa çalışacağı aydındır. O da məlumdur ki, Ermənistana bu anlaşmanı imzalamağa icazə verdilər. İlk növbədə Rusiya və İranın da buna etiraz etmədiyi anlaşılandır”.

E.Qədirli hesab edir ki, anlaşmada Rusiyanın maraqlarına zidd məqamlar yer almadığı üçün Kreml buna etiraz etmir.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları