Yuxarı

Ermənilər Suriyaya qayıdır

Ermənilər Suriyaya qayıdır

Suriyada hərbi əməliyyatların başa çatması ilə əlaqədar qaçqınların bir qismi geri dönməyə başlayıb. İŞİD üzərində qələbədən sonra Əsəd rejimi Rusiya və İranın dəstəyi ilə ölkənin böyük hissəsinə nəzarəti bərpa edə bilib. Rusiya rəhbərliyi Bəşər Əsəd hökumətinin artıq Suriya ərazisinin 98 faizinin tabeliyinə keçdiyini əsas gətirərək hərbi əməliyyatları dayandırmaq istədiyini bildirir. Bəzi siyasi müşahidəçilər Suriyada 2000 nəfərlik ABŞ silahlı qüvvələrinin, eləcə də İran hərbçilərinin qalmasını, ölkənin şimalının böyük hissəsinin Türkiyənin nəzarətində olduğunu da diqqətdən qaçırmır. 

Buna baxmayaraq, qaçqınlıq həyatından yorulmuş Suriya vətəndaşları sabitliyin qismən də olsa bərpa olan bölgələrə geri dönməyə başlayıb. Türkiyənin İŞİD-dən və YPG-dən azad etdiyi ərazilərdə də artıq həyat bərpa olunmağa başlayıb. BMT-nin 2017-ci ilin oktyabr ayına olan hesabatına görə, 10 ay ərzində 200 min nəfər suriyalı öz vətəninə dönüb. "Əl-Cəzirə” telekanalının 2017-ci il avqustun 1-ə aid məlumatına görə, son bir ildə 750 min nəfər suriyalı miqrant öz vətəninə qayıdıb. Onların 250 min nəfəri qaçqın şəhərciyində yerləşdirilmiş insanlardır. 

Suriyaya dönənlər arasında vətəndaş müharibəsi zamanı bu ölkədən qaçmış ermənilərin də olduğu bildirilir. Xüsusilə də Deyr əz-Zorun terrorçulardan azad edilməsindən sonra Bəşər Əsəd hakimiyyətini ölkənin əksər hissəsində bərqərar edə bilib. Ona görə də ermənilər Suriyaya qayıtmağa başlayıb. Suriyadakı erməni icmasının rəhbərlərindən biri, Suriya parlamentinin deputatı Jirayr Rəisyanın verdiyi məlumata görə, müharibə zamanı Ermənistana, Livana, Şərqi Avropa ölkələrinə, ABŞ-a və Kanadaya qaçmış ermənilərin bir qismi artıq öz evinə dönüb. Lakin döyüşlər zamanı bütün infrastruktur dağıldığından geri qayıdan qaçqınlar problemlərlə üzləşir. Xüsusilə də su və elektrik enerjisi tapılmaması yaşayış imkanlarını çətinləşdirir. Buna baxmayaraq, ermənilər Ermənistanda deyil, Suriyada yaşamağa üstünlük verir. Qeyd edək ki, rəsmi statistikaya görə, Suriyada 100 min nəfər erməninin yaşadığı bildirilir. Ermənilər bu ölkədə əsasən Hələb və Dəməşq şəhərlərində yaşayır. Bundan başqa, Kamışlı və Lazkiyə vilayətində də ermənilər daha çox məskunlaşııb. Vətəndaş müharibəsi başlandığı zaman ermənilər əsasən Əsəd rejimini dəstəklədi. Hökumət ordusunun tərkibində müxalifətə qarşı mübarizədə də ermənilər yer alırdı. Ona görə də son aylar Bəşər Əsədin qələbə çalması ermənilərin Suriyaya dönüşünü təmin edən əsas amillərdən birini təşkil edir. 

 2013-cü ildən başlayaraq Suriyadan 40 min nəfər erməninin başqa ölkələrə qaçqın kimi mühacirət etdiyi bildirilir. Onların yarısı, yəni 20 min nəfərə yaxını Ermənistana üz tutdu. Ermənistanın Diaspor Nazirliyinin layihəsi əsasında hökumət qaçqın ermənilərə kirayə ev tutmaq üçün subsidiya vermək qərarına gəldi. Eyni zamanda, rəsmi İrəvan bu prosesdən Dağlıq Qarabağın ilhaqı və demoqrafik balansı öz xeyrinə dəyişmək üçün istifadə etməyə çalışırdı. Bu məqsədlə Susiyadan gəlmiş 90 nəfərdən ibarət 26 erməni ailəsi Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilidi. Lakin həmin bölgələrdə normal həyat şəraitinin olmaması ermənilərin vəziyyətini daha da pisləşdirdi. Nəticədə, Suriya erməniləri Azərbaycan torpaqlarını tərk etməyə başladı. Ermənilər mediaya açıqlamasında Suriyadakı həyat şəraitinin Qarabağdakından dəfələrlə yaxşı keçdiyini deyirdilər. Onların geri qayıtmasının digər səbəbi cəbhə bölgəsinə göndərilmələri idi. Yəni müharibədən qaçan ermənilər Sarkisyan hakimiyyəti tərəfindən yenidən döyüş bölgəsinə yerləşdirlmişdi. Xüsusilə, 2016-cı ilin aprel ayında baş vermiş "Dörd günlük müharibə” də suriyalı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsinə mühüm təsir göstərib. 

Ermənilərin Suriyaya qayıdışı əsasən 2016-cı ildə Hələb şəhərinin Əsəd ordusunun əlinə keçməsindən sonrakı dövrə təsadüf edir. Onlar Ermənistanda qaçqın statusu ilə yaşamaqdansa Suriyada ticarətlə məşğul olmağı daha üstün tutur. Ermənistandakı yoxsulluq isə onların maddi cəhətdən təminatına mane olur. Ona görə də yaxın dövrdə Ermənistana üz tutmuş suriyalı qaçqınların hamısının geri dönəcəyi gözlənilir. Bu məlumatı J.Rəisyan da təsdiq edib. 

Məsələni şərh edən politoloq Fikrət Sadıqovun sözlərinə görə, ermənilərin Dağlıq Qarabağda məskunlaşması qeyri-mümkün olduğundan Suriyaya qayıtması qaçılmazdır: "Ermənilər qaraçılar kimidir. Onları dünyanın müxtəlif ölkələrində tapmaq olar. İkincisi, yaxşı başa düşürlər ki, onları işğal altındakı Azərbacan torpaqlarına yerləşdirsələr də normal şərait olmayacaq. Bilirlər ki, gec-tez Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edəcək və orada yaşamaq üçün heç bir perspektiv yoxdur. Ona görə də ermənilər üçün Bəşər Əsədin hakimiyyəti altında yaşamaq onlara məxsus olmayan Dağlıq Qarabağda və işğal olunmuş torpaqlarda yaşamaqdan daha faydalıdır.

Məlumdur ki, Suriyada İŞİD-ə qarşı mübarizədə Rusiya qələbə çalıb. Nəticədə Rusiyanın yaxın müttəfiqi Bəşər Əsəd də siyasi və hərbi uğur qazanıb. Belə bir şəraitdə yaşamaq ermənilər üçün dağıdılmış özgə torpaqlarda məskunlaşmaqdan daha əlverişlidir. Ermənilər elə bir xarakterə malikdir ki, Suriyada sabitlik pozulsa, yenə qaçıb dağılışacaqlar. Çünki onların konkret vətəni yoxdur. Sarkisyan rejimi isə onları yenidən münaqişə bölgəsinə göndərdi. Onlar özləri üçün sakit yer axtarır. Ona görə də Dağlıq Qarabağda da qalmayacaqlar”. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları