Yuxarı

Rusiyanın girovluğundakı Qarabağ

Rusiyanın girovluğundakı Qarabağ

"Rusiya üçün hazırda Donbasda aşağı intensivli atışmalarla status-kvonu saxlamaq, bununla da Qarabağda olduğu kimi vaxt udmaq və dünyanı Azərbaycan ərazilərinin işğalına alışdırdığı kimi Donbasın da işğalı ilə barışmağa məcbur etmək ən münasib variantdır”."Cümhuriyət” qəzeti xəbər verir ki, bu sözləri ukraynalı politoloq Sergey Klimovski "Obozrevatel” saytında dərc edilmiş məqaləsində yazıb. Politoloq qeyd edir ki, Ukrayna hazırda Moskvanı hərbi aspektdə Suriya və Qarabağdan daha az narahat edir. Klimovski yazır ki, Moskvanın Qarabağ məsələsində necə hərəkət edəcəyini heç kim bilmir.

"Moskvanın Qarabağda 20 il əvvəl divardan asdığı "tüfəng” Rusiyadakı seçkilərin yekununu gözləmədən elə qışda atəş aça bilər. Azərbaycan ordusu üçün Ukrayna ordusundan fərqli olaraq böyük şəhərlərə hücum etmək zərurəti yoxdur-Dağlıq Qarabağın və işğal edilmiş ətraf rayonların əhalisi 150 mindən çox deyil. Bakının böyük istəyi var ki, "aprel müharibəsi”ni təkrarlasın və mövzunu birdəfəlik bağlasın. Və fakt deyil ki, Ermənistan ordusu və Sfrkisyan buna böyük müqavimət göstərə biləcək.Noyabrın 27-də belə informasiya meydana çıxdı ki, Bakı Rusiyanın yeni səfiri qismində Georgi Zuyevin namizədliyini qəbul etməkdən imtina edib.Onun açıq-aşkar ermənipərəst mövqeyinə görə. Diplomatik münasibətlərin kəsilməsi deyil, amma aydın eyhamdır ki, Bakı gözləməkdən bezib”, - deyə müəllif yazır. Klimovskiyə görə Moskvanın "vaxt uzatmaq” strategiyası artıq Qarabağda işləmir, amma hələlik Ukraynada işləyir.

Kremlin şərtləri nədir?

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həll prosesində yekun sözü deyəcək əsas tərəf olduğunu Klimovskidən əvvəl ilk dəfə beynəlxalq səviyyədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqladı. Rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra Ərdoğdan dedi ki, Putin Qarabağ münaqişəsinin həllinə inanmır. Türkiyə başçısının açıqlamasında diqqəti çəkən məqam bu idi ki, o, problemin həllinin Rusiyanın iradəsindən asılı olduğunu gündəmə gətirmişdi.Hər halda bu barədə Putin və Ərdoğanın bağlı qapılar arxasında geniş müzakirə apardıqları da istisna deyil. Xarici işlər naziri Sergey Lavrov İrəvanda olarkən də münaqişənin həllinə ümidli olmadığını dedi.

Rusiya niyə susur?

Artıq münaqişənin həll prosesinin Rusiyadan asılı olduğu Qərbin də ayrı-ayrı siyasi institutları tərəfindən gündəmdə müzakirə olunan əsas məsələlərdən birinə çevrilib.Lakin Rusiya bu ittihamların qarşısında sakitdir və cavab vermir.Kremlin nümayiş etdirdiyi susqunluğun arxasında isə başqa məqamlar var. Bu, Rusiyanın münaqişənin həlli ilə bağlı Azərbaycan qarşısında irəli sürdüyü şərtlərlə bağlıdır. Qeyd edək ki, Lavrov Azərbaycan və Ermənistana son səfərindən əvvəl Rusiyanın Azərbaycanı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik

Müqaviləsi Təşkilatında (KTMT) görməkdən məmnun olacaqlarını dedi. 

Kremlin ideoloqlarından biri Aleksandr Duqin də Lavrovun səfəri ərəfəsində həmin məsələni gündəmə gətirmişdi.Baş verənlərin yaratdığı ehtimal budur ki, Rusiya Qarabağ münaqişəsinin həlli üçün öz şərtlərini verib və bunları Azərbaycanın yerinə yetirəcəyini gözləyir.Azərbaycan isə hələlik Kremlin tələb formasında olan bu şərtlərinə adekvat cavab vermir.Yəni, bu şərtlər yerinə yetirilməyən günədək Rusiya münaqişənin həllinə uzaq məsafədə dayanacaq.

"Rusiya ilə danışmaq mümkün deyil”

"Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya Cənubi Qafqazdakı geosiyasi maraqlarını qorumaq - Azərbaycan və Ermənistanı siyasi təsir dairəsində saxlamaq üçün Qarabağ münaqişəsinin həllini uzadır. Politoloq qeyd edib ki, avqust ayından Azərbaycan və Ermənistan arasında intensivləşən danışıqlarda Rusiyanın aktivlik nümayiş etdirməsi təsadüfi deyil: "Rusiya bu danışıqlar prosesində vaxtın uzadılmasını təmin edən təkliflər verir. Nəticədə istər Minsk qrupu, istər xarici işlər nazirləri, istərsə də prezidentlər səviyyəsində gedən danışıqlarda irəliləyiş yoxdur.Düzdür, oktyabr ayında Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş görüş həll prosesinə dinamiklik qatsa da status-kvonun dəyişməsi üçün real şərait yoxdur. Noyabrın 20-də Lavrov müzakirələrin onun təqdim etdiyi plan üzərində davam etdirilməsini təklif etdi. Bu, həmsədrlərlə də razılaşdırılıb. Plan Ermənistan tərəfindən qəbul edilib. Çünki planda Qarabağın statusu ilə bağlı yer alan müddəa Ermənistanın maraqlarına cavab verir. Rusiya başa düşürdü ki, Azərbaycan bunu qəbul etməyəcək və bu vəziyyət də həm İrəvanın, həm də Moskvanın maraqlarına uyğundur. Rusiya Federal Təhlükəsizlik Şurasının son iclaslarından birində də qeyd edildi ki, ən az yaxın 2 il ərzində Qarabağ münaqişəsinin həll ediləcəyi gözlənilən deyil. Bu da onu göstərir ki, Azərbaycan Rusiyanın şərtlərini qəbul etməyənə qədər həll mümkünsüz olacaq”. M.Əsədullazadənin sözlərinə görə, Rusiya separatizmi qızışdırmaqla və regional münaqişələr yaratmaqla keçmiş sovet respublikalarını təsir dairəsində saxlamağa çalışır: "Buna görə də Rusiya Qarabağ münaqişəsinin həll prosesində öz maraqlarını öndə saxlayacaq. Rusiya bundan sonra da çalışacaq ki, irəliləyişə səbəb ola biləcək bütün proseslərin qarşısına keçsin. Azərbaycan isə vəziyyəti lehinə dəyişmək üçün Qərbin dəstəyini qazanmağa çalışmalıdır.Çünki Rusiya ilə anlaşmaq mümkün deyil”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları