Yuxarı

AXCP Qüdslə bağlı bəyanat verdi

AXCP Qüdslə bağlı bəyanat verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qüdslə bağlı bəyanat yayıb. 

AXCP-nin bəyanatını təqdim edirik:

"XX əsrin əvvəllərindən, indiki İsrail və Fələstin ərazilərinə yəhudilərin kütləvi şəkildə köçürülməsindən indiyə qədər bu ərazilərdə qarşıdurma və iğtişaşlar səngimir. Bu qarşıdurmalar nəticəsində ərazidə İsrail və qonşu ərəb dövlətləri arasında bir neçə dəfə müharibə də baş verib. Sonuncu böyük müharibə 1967-ci ildə baş verib və İsrail, Misir, İordaniya, Suriyanın iştirakı ilə 6 günlük müharibəyə Ərəb ittifaqına daxil olan İraq, Səudiyyə Ərəbistanı, Sudan, Tunis, Mərakeş və Əlcəzair kimi digər ərəb ölkələri qoşulmuşdur.

Altıgünlük müharibə İsrailin qələbəsi ilə nəticələnmiş və Fələstindən Qəzza bölgəsi , Misirdən Sinay yarımadası, Suriyadan Colan təpələri, İordaniyadan isə Şərqi Qüds və Qərb sahilləri İsrailin nəzarəti altına keçmişdir. 

Sonradan İsrail Sinay yarımadasından geri çəkilsə də, digər ərazilər özündə saxlamışdır. İsrailin bu qərarı isə BMT başda olmaqla heç bir dövlət tərəfindən tanınmamışıdır.

Bu hadisədən sonra İsrail Qüdsü öz paytaxtı olaraq elan etsə də, ABŞ başda olmaqla İsraili dövlət kimi tanıyan, demək olar ki, bütün ölkələr öz səfirliklərini Qüdsdə yox, Tel-Əvivdə açmış və paytaxt olaraq məhz bu şəhəri tanıyıblar. Eyni şəkildə Fələstini dövlət kimi tanıyan Azərbaycan, Türkiyə və İran kimi dövlətlər başda olmaqla əksər dünya ölkələri Qüdsü Fələstin ərazisi hesab etmiş və Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanımışlar.

Bu həftə açıqlandı ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Tel-Əvivdəki səfirliyinin bu şəhərdən Qüdsə köçürüləcəyini deyəcək. Rəsmi açıqlama isə bu gün ediləcək. ABŞ prezidenti artıq Fələstin lideri Mahmud Abbası da xəbərdar edib.

Bizcə əgər belə bir qərar qəbul edilərsə, bu Yaxın Şərqdə zatən səngimək bilməyən münaqişələri daha da alovlandıracaq və İsrail-Fələstin əlaqələrinə zərbə vuracaq və həmçinin bu 2 ölkə arasındakı sülh danışıqlarına da mənfi təsir edəcək.

Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq ABŞ-dan bu qərarını dəyişməsini istəyirik və partiya olaraq bu qərara qarşıyıq. Bu gün partiya sədri Razi Nurullayev də bu mövzu ilə bağlı bəyanat yayıb və bu məsələdə öz mövqeyini ortaya qoyub. Partiya sədri də öz açıqlamasında bildirib ki, "Təbii ki, bizim ABŞ-ın siyasətinə təsir etmək gücümüz yoxdur, lakin biz bu məsələdə ictimaiyyət üçün mövqeyimizi aydın edirik.”

AXCP Azərbaycan-ABŞ, Azərbaycan-İsrail, Azərbaycan-Fələstin münasibətlərinin yaxşılaşmasında, daha da inkişaf etməsində maraqlıdır. Və həmçinin ABŞ-İsrail, İsrail-Fələstin əlaqələrinin də daim sülh, dostluq şəraitində davam etməsi və beynəlxalq hüquqa əsaslanması arzusundadır. Lakin bizcə, bu cür qərarlar kifayət qədər narazılıqlar yaradacaq.

Bu həm də ABŞ-ın qlobal dünyada oynadığı rola uyğun deyil. Çünki ABŞ hökuməti sülh və əməkdaşlıq barədə daha çox danışır və əgər sözügedən qərar qəbul edilərsə, ABŞ-ın İslam dünyası, müsəlman ölkələrilə, o cümlədən ABŞ-ın müttəfiqi olan Türkiyə ilə də münasibətləri pozulacaq.

Bütün bunlara görə, biz AXCP olaraq ABŞ rəhbərliyini səfirliyini Qüdsə köçürməkdən, dolayısı ilə Qüdsü İsrailin paytaxtı olaraq tanımaqdan çəkinməyə çağırırıq".






Həftənin ən çox oxunanları