Yuxarı

AXCP sədri: "...ABŞ-dan bu qərarını dəyişməsini istəyirik"

AXCP sədri:

"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ölkə səfirliyinin İsrailin paytaxtı Tel-Əvivdən Qüdsə köçürüləcəyini deyib və konkret addımlar atılmaqdadır. ABŞ prezidenti artıq Fələstin lideri Mahmud Abbası da xəbərdar edib”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Partiya sədri hesab edir ki, sözügedən məsələ ABŞ üçün çox təhlükəli qərardır və bu ölkənin münasibətləri bütün müsəlman ölkələri ilə pisləşəcək: 

"İkinci tərəfdən, bu İsrail-Fələstin münaqişəsinin həllinə nəinki kömək etməyəcək, həm də onu daha da gərginləşdirəcək. Bu yolverilməzdir. AXCP sədri olaraq, ABŞ-dan bu qərarını dəyişməsini istəyirəm. Şəxsən mən bu qərara qarşıyam. Bu gün partiyanın bəyanatı da yayılar. Partiya da bu məsələdə mövqeyini ortaya qoyacaq. Təbii ki, bizim ABŞ-ın siyasətinə təsir etmək gücümüz yoxdur, lakin biz bu məsələdə ictimaiyyət üçün mövqeyimizi aydın edirik. Biz Azərbaycan-ABŞ, Azərbaycan-İsrail münasibətlərinin yaxşılaşmasında, daha da inkişaf etməsində maraqlıyıq. Lakin, bu cür qərarlar təbii ki, kifayət qədər narazılıqlar yaradacaq”.

Razi Nurullayev qeyd olunan məsələni həm də ABŞ-ın qlobal dünyada oynadığı rola uyğun olmadığını vurğulayıb: 

"Çünki, ABŞ hökuməti sülh və əməkdaşlıq barədə daha çox danışır. Hazırda Şimali Koreya ilə münasibətlər ən gərgin səviyyədədir. Əgər ABŞ belə addım atarsa, bir çox ölkələrin Şimali Koreya rejiminə rəğbəti arta bilər. Bunu da unutmaq lazım deyil. İran İslam Respublikası ilə ABŞ arasında olan münasibətlər də gərginləşəcək və bir çox ölkələr İranın yanında yer alacaq. Türkiyə və Azərbaycan, o cümlədən ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə də münasibət pozulacaq. ABŞ hökumətini səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıram”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları