Yuxarı

Kremldən yeni Qarabağ formatı

Kremldən yeni Qarabağ formatı

Proses dalandan çıxacaqmı?

Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ətrafında fəallaşan Rusiyanın məsələ ilə bağlı yeni planı ortaya çıxmağa başlayıb. Özündə münaqişənin mərhələli həllini əks etdirən planın ATƏT-in Minsk qrupunun ləğvi və bu formatın əvəzinə münaqişə tərəfləri arasında regional vasitəçilik missiyasının təşkilini nəzərdə tutduğu bildirilir. 
Bir müddətdir Rusiyanın nüfuzlu KİV-lərində müzakirəyə çıxarılan həmin təklifə əsasən, Minsk qrupunun ləğvindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Rusiya, Türkiyə və İrandan formalaşdırılacaq regional vasitəçilik missiyası məşğul ola bilər. Təklifin Azərbaycan və Ermənistana xarici işlər naziri Sergey Lavrovun münaqişə tərəfləri olan ölkələrə səfəri çərçivəsində çatdırıldığı da iddia edilir. Artıq Ermənistanda rəsmi səviyyədə müzakirə edilən təklifə Azərbaycanın hansı cavab verəcəyi hələlik məlum deyil. Ermənistandan fərqli olaraq bu, Azərbaycanda hazırkı vəziyyətdə daha çox ekspertlər səviyyəsində müzakirə edilən məsələ kimi görünür.

İrəvanın narahatlığını artıran təklif

"Dağlıq Qarabağ münaqişəsinin həllində regional vasitəçilik” məsələsi Rusiyada rəsmi dairələr tərəfindən gündəmə gətirilməsə də Kremlin "sözçüləri” sayılan Sergey Markov və Maksim Şevçenko kimi nüfuzlu politoloqlar mütəmadi olaraq məsələ ətrafında müzakirələri qızışdırırlar. Bir müddət əvvəl Rusiyanın NTV telekanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı efirə verilmiş proqramda da rusiyalı ekspertlər bununla bağlı məsələyə fikirlərini bildirdilər. Bundan əvvəl isə Kremlin ideoloqu, politoloq Aleksandr Duqin də yeni həll planından danışmış və yaxın vaxtlarda problemin həll prosesində ilginc gəlişmələrin olacağını demişdi.
Qeyd etdiyimiz kimi, artıq Rusiyanın belə bir planının olduğu Ermənistan tərəfindən təsdiqlənməyə başlayıb. İrəvanda əminlik var ki, Rusiyanın yeni planı Azərbaycanın maraqlarına tamamilə cavab verir və bu, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılmasını özündə ehtiva edir. Ermənistan KİV-lərində yer alan məlumatlara görə Minsk qrupunun ləğvi və bu formatın regional vasitəçiliklə əvəzlənməsi üçün hərəkətə keçən Rusiya bununla həm Azərbaycanı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) cəlb etməyə, həm də ABŞ-ı prosesdən kənarlaşdırmağa çalışır.

Azərbaycanın razı ola biləcəyi format

Azərbaycanın Rusiya tərəfindən gündəmə gətirilmiş bu məsələyə hansı cavabı verəcəyinə gəlincə, ekspertlərə görə bu təklif rəsmi Bakı tərəfindən o halda qəbul edilə bilər ki, İran bu formatda yer almasın. Hesab edilir ki, İranın münaqişəyə yanaşmada tərəf olması, yəni, işğalçı tərəfi - Ermənistanı dəstəkləməsi balansı İrəvanın xeyrinə dəyişəcək. İran bu formatda yer alacağı halda, burada 2 dövlət (Rusiya və İran) Ermənistanın, 1 dövlət isə (Türkiyə) Azərbaycanın maraqlarından çıxış edə bilər. Bu da yeni vasitəçilik missiyasının Minsk qrupu kimi uğursuz formata çevrilməsinə və münaqişənin həll prosesinin uzanmasına yol aça bilər.

Qarabağ üçün "Şevçenko planı”

Xatırladaq ki, rusiyalı politoloq Maksim Şevçenko bir müddət əvvəl "Vestnik Kafkaza” saytına açıqlamasında bildirdi ki, yalnız Rusiya, Türkiyə və İran vasitəçi kimi Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllinə nail ola bilərlər. Politoloqun sözlərinə görə, hazırkı situasiyada Rusiya həm Bakı, həm İrəvanın nəbzini əlində saxlamalı, müdaxilə edərək, davamlı müharibənin qarşısını almalı, hər iki tərəfə konstruktiv fəaliyyət üçün təzyiq etməlidir:

"Söhbət ilk növbədə erməni tərəfindən Azərbaycan torpaqlarının azad edilməsi və vətəndaşlarının buraya qayıtmasından gedir. Azərbaycanla Ermənistanın qonşuları onlara bu problemi həll etməkdə yardım edə bilərlər. Məncə, ssenari belə olmalıdır: İlkin mərhələ Dağlıq Qarabağdakı erməni əhalisinə zəmanət verilməli və azərbaycanlı əhali işğal olunmuş ərazilərə geri qaytarılmalıdır. Ola bilsin ki, Rusiya qoşunları burada sülhməramlı kimi çıxış etsin və ya ola bilər ki, burada Rusiya, Türkiyə, İran ordularından ibarət sülhməramlılar yaradılsın. Hələlik bu, daha az real görünür. İkinci mərhələdə Azərbaycan və Ermənistandan olan qaçqınların geri dönüşü üçün daha genişmiqyaslı proses başladılmalıdır. Xatırladıram ki, Ermənistan ərazisindən 500 min azərbaycanlı qovulub, Azərbaycandakı ermənilər də əziyyət çəkiblər. Bundan sonra Azərbaycan ərazilərinin suverenliyi tanınmalı və Qarabağın statusu ilə bağlı müzakirələr başladılmalıdır”.

Maksim Şevçenko qeyd etdi ki, hazırda Rusiya, Türkiyə və İrandan başqa heç kim Qarabağ probleminin həllində maraqlı deyil: "Avropa İttifaqı da dolayı yolla maraqlıdır ki, Cənubi Qafqazda sülh olsun. Bununla Avropaya gedən enerji marşrutlarının təhlükəsizliyi təmin edilsin. Lakin Avropa İttifaqı öz sözünü deyə bilmir, çünki burada Amerika siyasəti əsas rol oynayır. Amerikalılar isə bu regionun daimi destabilizasiyasında maraqlıdırlar”.

"Əgər Rusiya problemin həllinə inanmırsa...”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu məsələ daha çox Rusiya tərəfindən hallandırılır. Lakin politoloq bunun ciddi məsələ olduğu qənaətini bölüşmür: "Bunlar rəsmi dairələrin mövqelərini əks etdirməyən təkliflərdir. Ermənistan bu məsələyə skeptik yanaşır. İranın bu prosesdə yer alması, faktiki olaraq iki dövlətin Ermənistanı dəstəkləməsi demək olacaq. Hesab edirəm ki, bu, Rusiyanın regionla bağlı planlarından qaynaqlanan faktordur. Rusiya bölgə güclərini bir arada tutmaq istəyir. Bunu da bir format şəklində həyata keçirməyə çalışır. Bunlar da ancaq, ortaq razılaşmalar əsasında ola bilər. Moskva istər Cənubi Qafqaz, istərsə də Yaxın Şərqdə gedən proseslərlə əlaqədar region dövlətləri ilə əməkdaşlıq etmək niyyətindədir. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İran - Türkiyə - Rusiya formatının da bu strategiyadan qaynaqlanan fikir olduğunu demək mümkündür. Rusiya istisna olmaqla, digər dövlətlərin Qarabağ probleminə nə qədər aidiyyatlarının olub-olmadığını da demək çətindir”.

Elçin Mirzəbəyli qeyd edib ki, Rusiya Türkiyənin Cənubi Qafqazda cərəyan edən proseslərdə bəlli bir nöqtəyə qədər rol almasına razıdır: "Digər yandan, Ərdoğan Putinlə görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin Rusiyadan asılı olduğunu dedi. Həmçinin onu da açıq şəkildə bildirdi ki, Putin bu münaqişənin həllinə inanmır. Bu baxımdan Türkiyənin münaqişənin həllində hansı formada rol ala biləcəyini demək çətindir. Əgər Rusiya münaqişənin həllinə inanmırsa, Türkiyənin burada iştirakı nə verəcək? Hesab edirəm ki, bu baxımdan ortaya atılan regional vasitəçilik məsələsi Rusiyanın ənənəvi siyasi texnologiyasından başqa heç nə deyil. Bu, diqqəti proseslərdən yayındırmağa xidmət edir. Başqa sözlə, bu formatın qurulmasının real əsası yoxdur”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları