Yuxarı

Azərbaycanla bağlı "seçki planı”

Azərbaycanla bağlı

Xalq ölkəmizə bağlı qüvvələri dəstəkləyəcək

Azərbaycanda keçiriləcək seçkilərə bir ildən də az vaxt qalır. Artıq istər hakim Yeni Azərbaycan Partiyası (YAP), istərsə də müxalifəti təmsil edən bir sıra siyasi partiyalar hazırlıqlara nəzəri olaraq start veriblər. Müxalif düşərgədən namizəd kimi bir sıra şəxslərin adları  hallandırılır. Ölkədə müşahidə edilən seçki fəallığında Qərb və Rusiya tərəfdarlarının aktivliyi də nəzərdən qaçmır. Bu, hər seçki ilində aktual olan mövzunu yenidən gündəmə gətirib: Qərb, yoxsa Rusiya fəal olacaq? Bu vəziyyətdə Azərbaycanın əsas marağı sabitliyin qorunması və xalqın etibar etdiyi hakimiyyətdir.Birinci və ikinci həm də bir-birinin qarantıdır.

Qərb, yoxsa Rusiya?

Yaranmış vəziyyətə birmənalı cavab olmasa da, hər iki tərəfin ənənəvi yollarla proseslərin mərkəzində yer almağa çalışacağına şübhə yoxdur.Lakin hansı tərəfin üstün olacağı naməlumdur. Hər iki tərəfin - həm Qərb, həm də Rusiyanın istər hakimiyyət çevrələrində, istərsə də müxalifət daxilində kifayət qədər "desantlarının” olduğunu nəzərə alsaq, 2018-ci il seçkilərinin gərgin məcrada baş tutacağı gözləniləndir. Azərbaycanda hakimiyyət uğrunda mübarizədə hansı tərəfin ölkəmizin milli maraqlarına uyğun olduğu da ictimai müzakirəyə çıxarılan başqa mövzudur.

Yeni siyasi dönəmin başlanğıcı

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, nə Qərb, nə də Rusiyanın mövqeyi Azərbaycanın maraqlarına uyğundur. Partiya sədrinin sözlərinə görə, heç bir tərəfə meyilli olmayan siyasi qüvvələr hakimiyyətə gəlməlidirlər:

"Kənardan olan təsirlərin minimum səviyyəyə endirilməsi Azərbaycanın milli maraqlarına uyğundur. Qərbin maraqlarını müdafiə edən siyasi qüvvələr Qərbin, Rusiyanın maraqlarını müdafiə edən siyasi qüvvələr də Rusiyanın maraqlarını həyata keçirməyə çalışacaqlar.Bu da Azərbaycanın maraqlarına cavab vermir.Buna görə də birmənalı şəkildə Azərbaycanın maraqlarını müdafiə edən qüvvələrin hakimiyyətə gəlməsi daha məqsədəuyğundur və onların siyasi mübarizədə tərəf olmaları da bizim üçün məqbuldur.Cəmiyyət də yalnız Azərbaycana bağlı qüvvələri dəstəkləməlidir”.

Əli Əliyev hesab edir ki, qarşıdan gələn seçkilər Azərbaycanda yeni siyasi dönəmin başlanğıcı potensialına malikdir:

"Əgər mövcud hakimiyyət seçkilərə yeni namizədlə qatılsa, bu, kənar çevrələr tərəfindən birmənalı qarşılanmayacaq. Bu da hadisələrin gedişatına ciddi təsir edə bilər.Fikrimcə, bu seçkilər Azərbaycan üçün mühüm olacaq”.

Azərbaycan uğrunda gizli mübarizə

Gələn il keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcəyini açıqlamış tərcüməçi-yazar Nadir Qocabəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, seçkilərdə həmişəki kimi həm Qərb, həm də Rusiya fəal olmağa çalışacaq. O, hər iki tərəfin burada siyasi-iqtisadi, strateji maraqlarının olduğunu deyib:

"İstər ABŞ və onun uzantısı Avropa İttifaqı, istərsə də Rusiya Azərbaycanı öz nəzarətlərində saxlamaq istəyir, bu ölkənin üzərində həmişə mübarizə aparırlar, çəkişirlər. Görünən budur ki, hələ ki, heç bir tərəf tam olaraq "öz adamını” hakimiyyətə gətirə, yaxud saxlaya bilmədiyindən, kompromisə getməyə məcbur olur, müəyyən mənada hər iki tərəfi qane edən, hər iki tərəfin maraqlarına cavab verən qüvvənin, şəxsin hakimiyyətdə olması ilə razılaşırlar. Hazırda gedən gizli-aşkar proseslər növbəti seçkilər üçün bu razılığın hələ ki, əldə olunmadığını göstərir. Nəticənin necə olacağını indidən proqnozlaşdırmaq çətindir, çünki mənim bildiyimə görə, həm Qərbin, həm də Rusiyanın "stavka” etdiyi namizədlər var və ciddi gizli mübarizə gedir”.

N.Qocabəyli hesab edir ki, bu tərəflərdən heç biri Azərbaycana lazım deyil: "Birmənalı olaraq heç biri bizə lazım deyil. Bizə Qərb və Rusiya ilə siyasi, iqtisadi, mədəni əlaqələr vacibdir, ancaq bu, o demək deyil ki, onlar burada bizə rəhbər müəyyənləşdirməli, seçkilərə müxtəlif yollar və üsullarla müdaxilə etməli, onun nəticələrinə təsir etməlidirlər.Bunu onların etməsinə imkan verməməliyik.Ancaq təkcə deməklə olmaz. Azərbaycan xalqı, hakimiyyəti, müxalifəti, ziyalıları, iş adamları, milli burjuaziyamız birmənalı olaraq buna qarşı çıxmalı, mane olmalıdırlar. Bu ölkənin rəhbərliyinin müəyyən olunmasında əsas söz, iradə sahibi onun xalqı olmalıdır. Bu işdə, dediyim kimi xalqı yönəldən hakimiyyətin, müxalifətin, ziyalıların, iş adamlarının, milli burjuaziyanın rolu böyükdür. Əgər müstəqil dövlətiksə, müstəqilliyin zahiri atributları ilə kifayətlənməməli, onu tam mahiyyətinə qovuşdurmalıyıq. Mən Azərbaycanda zəif də olsa bunun cücərtilərini hiss edirəm, prezident seçkilərində müstəqil namizəd kimi çıxış etmək niyyətimi ortaya qoymaqla bu prosesə əlimdən gələn töhfəni vermək istəyirəm”. 

Namizədliyə iddialı olan yazar qeyd edib ki, proses çox ağrılıdır, insanımızı öz gücünə, öz potensialına inandırmaq cəhdləri elə də hamar görünmür:

"ABŞ və Rusiya kimi nəhənglər öz imperialist siyasətləri ilə əsrlər boyu kiçik xalqların gözünün odunu alıblar, öz güclərinə olan inamlarını sarsıda biliblər. Ancaq biz müstəqil dövlətik, artıq onu əldə etmişik.Biz artıq, necə deyərlər, müstəqillik atına minmişik, onun bayrağını əlimizdə tutub, irəliyə doğru çapmaqdayıq. O atın başını geri döndərmək, ya da o atdan düşmək bizə ayıb olardı. O atın yerində donub qalması da bizə lazım deyil. Digər tərəfdən, biz elə kiçik millət də deyilik, 50 milyonluq xalqımız dünyanın hər tərəfinə yayılıb.Ölkə ərazisində yaşayanlar 10 milyondur. Bu az qüvvə deyil. Bu qüvvə ilə ölkəmizin, xalqımızın taleyi ilə bağlı mühüm məsələləri özümüz həll edə bilərik və etməliyik”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları