Yuxarı

Müsavatda növbəti dağılma

Müsavatda növbəti dağılma


Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu digər müavin Elman Fəttahın vəzifəsindən istefa verməsinə münasibət bildirib. O, keçmiş həmkarının istefasına haqq qazandırıb:

"Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim Milli Şurada olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı ilə əlaqədardır”. T.Yaqublu partiyadakı fikir ayrılığının nədən ibarət olduğunu şərh etmək istəməyib. Qeyd edək ki, E.Fəttah Mğsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarəçiliyində yaranan fikir ayrılığı ilə əsaslandırıb.

Fikir ayrılıqları nə vaxt ortaya çıxdı?

2015-ci ildə Müsavat Partiyasında keçirilən qurultaydan əvvəl başqan kimi təqdim edilən namizədlərə görə qurum daxilində ciddi fikir ayrılıqları vardı. Hazırkı başqan Arif Hacılının namizədliyi partiyanın bir qrup üzvü tərəfindən narazılıqla qarşılanmışdı. Təşkilatın gənclər qanadı Tural Abbaslını dəstəklədiyi halda, digər qism üzvlər Qubad İbadoğlunun namizədliyinə səs verəcəklərini əvvəldən açıqlamışdılar. Həmin vaxt partiyada qurultayın A.Hacılının lehinə saxtalaşdırılacağı ətrafında geniş müzakirələr gedirdi. Əksəriyyətin fikri belə idi ki, seçkilər normal qaydada keçirilsə Qubad İbadoğlu İsa Qəmbərdən sonra Müsavatın başqanı olacaq. İkinci yerdə isə Tural Abbaslı idi. Baş verənlər Arif Hacılıya heç bir şans vermirdi. Lakin İsa Qəmbərin Arif Hacılının namizədliyini dəstəkləməsi  onu rəqibləri qarşısında önə çıxarırdı. 

Qarşısı açılan istefa dalğası

Gözlənilən qurultay baş tutdu və Arif Hacılı  Müsavatın başqanı seçildi. Lakin bu, partiya daxilində qurultaydan əvvəl yaranmış "çatı” bir az da dərinləşdirdi və kütləvi istefalara səbəb oldu. Qubad İbadoğlu, Ellada Məmmədli, Vurğun Əyyub, Hüseyn Məlik  və partiyada kifayət qədər nüfuzları olan şəxslər Arif Hacılıya etiraz olaraq Müsavatdan uzaqlaşdılar. Nəticədə kəskin narazılıq və partiyadaxili qarşıdurma vəziyyətində Arif Hacılı yeni rəhbərlik formalaşdırmaq məcburiyyətində qaldı. Lakin həmin dönəmdə onun apardığı vəzifə bölgüsündə seçim imkanı da yoxdu idi. İstər siyasi, istərsə də şəxsi münasibətlər zəminində biri-birləri ilə qarşıdurma vəziyyətində olan şəxsləri rəhbər vəzifələrə gətirdi. Arif Hacılı və yaxın ətrafının "Yurd” sədri Əli Kərimli ilə münasibətləri soyuq olmasına baxmayaraq, bir sıra müavinlərinin və müşavirlərinin tələblərə baxmayaraq, Milli Şuradan çıxmamaları da yeni rəhbərlikdə qarşıdurma mühitini bir az da qızışdırdı. Gizli şəkildə gedən mübahisələr artıq partiya daxilində "çat” yaradıb və bu, növbəti istefa dalğasının qarşısını açdı.

Arif Hacılının bacarıqsızlığı

Kəskin qarşıdurma vəziyyətində Arif Hacılı partiyanı bir araya toplaya bilmədi və narazılıqların qarşısını almağı bacarmadı. İşin ilginc tərəfi də budur ki, partiyadan istefa verən şəxslər bir qayda olaraq Arif Hacılını şəxsi maraqlarına xidmət etməkdə və lider kimi siyasi bacarığa malik olmamaqda, partiyanı parçalayacaq addımlar atmaqda ittiham edirlər. Bu baxımdan Arif Hacılının Müsavatda yaratdığı narazılığın istinad nöqtələrindən birini də yaxın günlərdə partiyanın Divan üzvü Alya Yaqublu açdı. O, partiya rəhbərliyini "mühacir biznesində” və Avropaya mühacir kimi getmək istəyən şəxslərə saxta bilet və saxta arayış satmaqda ittiham etdi. Alya Yaqublunun statusuna istinadən yazılmış həmin məqaləni Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiyaya qarşı böhtan adlandırsa da, rəhbərlik bu təşkilatın uzun illərdir bu işlə məşğul olması barədə isbat edilmiş faktların heç birinə aydınlıq gətirə bilmir.

"Qurultaydan sonra Arif Hacılıya dedim ki...”

Müsavat Partiyası Gənclər Təşkilatının keçmiş sədri, Ağ Partiyanın rəhbəri Tural Abbaslı "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu gün Müsavat daxilində baş verən proseslər, gələcəkdə ortaya çıxacaq daha böyük problemlərin ilk "qaranquşlarıdır”. Rəhbərlikdə təmsil olunan şəxslərin böyük əksəriyyətini şəxsən tanıdığını deyən keçmiş müsavatçı qeyd edib ki, komanda daxilindəki fikir ayrılıqlarının partiya daxilində gərginliyə gətirib çıxaracağı gözlənilən idi:

"Düşünürəm ki, partiyanı daha ciddi proseslər gözləyir. Hazırda Müsavat rəhbərliyində heç vaxt eyni mövqedə olmayan insanlar təmsil olunurlar. Onların hər biri ayrı-ayrı fikirlərə qulluq edirlər. Buna görə də qurultaydan sonra Arif Hacılının ətrafı boşaldı. Arif Hacılı eyni mövqedə olmayan insanları rəhbərliyə gətirməyə məcbur oldu, guya ki, həmin insanlardan rəhbərlik formalaşdıracaqdı. Buna qədər o insanların xarakterlərini və siyasi fəaliyyətlərini nəzərə almadan vəzifələri aralarında paylaşdırdı. Qurultaydakı rəqiblərindən xilas olandan sonra rəhbərlik bu insanlardan quruldu. Nəticədə Qubad İbadoğlu və digər şəxslər partiyadan uzaqlaşdılar. "Daxili təhlükə” aradan qalxan kimi mübarizə öz aralarında başladı. Çünki istər siyasi, istərsə də şəxsi mənada bu insanların bir arada olmaları mümkün deyil. Mən qurultaydan sonra təkbətək görüşdə də Arif Hacılıya dedim ki, bu komandayla çox gedə bilməyəcəksiniz”.

Tural Abbaslı qeyd edib ki, Müsavatı daha çətin günlər gözləyir:

"Vəziyyət getdikcə ağırlaşacaq. Bugünkü rəhbərliyin partiya daxilində nüfuzu yoxdur. Müsavatın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin bu günədək partiya qarşısında xüsusi xidmətləri olmayıb. Rayon təşkilatları da rəhbərliyin sözünü eşitmirlər, siyasi nüfuzunu qəbul etmirlər. Yəni, Arif Hacılını qabaqda daha böyük problemlər gözləyir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları