Yuxarı

"Lavrov planı” arxivə göndərildi?

Məhəmməd Əsədullazadə: "İrəvanın təklifləri həyata keçəcəyi təqdirdə, danışıqlar prosesi fiaskoya uğrayacaq”

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ilə bağlı yeni iddia ortaya atıb. 

"Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, işğalçı ölkənin başçısı Qarabağ problemi ilə bağlı danışarkən masa üzərində "Lavrov planı” deyilən bir planın olmadığını deyib. "Lavrov Ermənistana son səfəri çərçivəsində Dağlıq Qarabağın nizamlanmasına dair yeni təkliflərlə çıxış etmədi. Nazir Lavrov əmindir ki, bu konflikti həll etmək olar və təklif edilən prinsiplər belə bir imkanı yaradır”, - deyə Serj Sarkisyan qeyd edib.

"Madrid prinsipləri” gündəmdə

Sarkisyan münaqişənin həllinin mümkünlüyünə diqqət çəksə də söhbətin hansı prinsiplər üzərində getdiyini açıqlamadı. İşğalçı ölkənin başçısının məlumat açıqlamasına qədər Ermənistanın siyasi çevrələrində müzakirə edilən əsas sənəd "Yenilənmiş Madrid prinsipləri” ilə bağlıdır. Son zamanlarda istər Ermənistan KİV-ləri, istərsə də Sarkisyanın siyasi komandasına daxil olan institutlar o düşüncəni təlqqin etməyə çalışırlar ki, rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər üzərində həllinə razıdır, Azərbaycan isə yox. Rəsmi Bakı isə tərəflər arasında bu sənədlərlə bağlı anlaşma əldə ediləndə münaqişənin bu sənəd üzərində həllinə razılığını bildirmişdi. Ermənistan hakimiyyəti də uzun zaman çalışdı ki, həll prosesi bu çərçivədən çıxdı. Lakin buna baxmayaraq, bu gün "Yenilənmiş Madrid prinsipləri” Ermənistanda yenidən gündəmə gəlib və bu, Rusiyanın son zamanlarda Qarabağ ətrafında artan fəallığı ilə bağlıdır. İrəvan Rusiya və Azərbaycanın gizli danışıqlar apardığına inanır. Erməni KİV-lərinin gündəmində o mövzu var ki, ətraf rayonlar gizli anlaşma əsasında Azərbaycana qaytarılacaq və Dağlıq Qarabağa nəzarət də Azərbaycana veriləcək.

İrəvanın narahatlığı

Son bir neçə ay ərzində ətraf rayonların Azərbaycana qaytarılacağı ilə bağlı Rusiyada müxtəlif siyasi səviyyələrdə verilən açıqlamalar  Ermənistanda narahatlıq yaradıb. Bu, iddia o fonda gündəmə gətirilib ki, Azərbaycan rəsmi Moskva tərəfindən açıq formada Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) dəvət edilir. Bir neçə gün əvvəl Ermənistan rəsmi səviyyədə etiraz etdi ki, Azərbaycan bu ittifaqlara qoşula bilməz. Bu da oradan qaynaqlanır ki, İrəvan Azərbaycanın bu ittifaqlara qoşulmaq müqabilində torpaqların azad edilməsinə razılıq vermək üzrədir. Azərbaycan tərəfi isə bu iddanı təkzib edir, Bakıdan verilən sonuncu açıqlamada da bildirildi ki, işğal edilmiş ərazilər geri qaytarılmadan bu ittifaqlara qoşulmaqdan söhbət gedə bilməz. Ermənistan da belə bir vəziyyətə razı deyil, buna görə də köhnəlmiş sənədləri ("Madrid prinsipləri”, "Kazan sənədləri”) gündəmə gətirməklə Rusiya və Azərbaycan arasında ehtimal edilən anlaşmanı poza bilsin.

Lavrovun Sarkisyana təqdim etdiyi həll paketi

"Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Sarkisyanın Qarabağla bağlı məlum açıqlaması, daxili auditoriyaya hesablanıb. O, bununla diqqəti əsas məsələlərdən yayındırmağa çalışdığını deyib: 

"Amma həqiqətən də Bakı və İrəvana səfər edən Lavrovun təkliflər paketində yeni ideya yoxdur. Ortadakı plan da Ermənistanın maraqlarına cavab verir, Sarkisyan da bunu nəzərdə tutur. Bu prinsiplər 5 rayonun qaytarılması və bundan sonra Rusiya ordusunun sülhyaratma missiyası adı altında Dağlıq Qarabağda yerləşdirilməsini ehtiva edir. Burada Azərbaycanın maraqlarına uyğun olmayan "xalqların öz müqəddaratını təyin etmək” prinsipləri əsas götürülür”. M.Əsədullazadənin sözlərinə görə, Ermənistan prezidenti çıxışında həmçinin qarşılıqlı etimad mühitinin yaradılması üçün ön xəttə nəzarət mexanizminin quraşdırılması məsələsini vurğuladı: "Ermənistan hazırda bu məsələni yenidən gündəmə gətirib və ATƏT sədrinin monitorinq üzrə köməkçilərinin sayının artırılmasına çalışır. Göründüyü kimi Ermənistanın irəli sürdüyü prinsiplər münaqişənin BMT-nin məlum qətnamələri, yaxud beynəlxalq hüquq çərçivəsində həllini nəzərdə tutmur. Bunlar tamamilə Azərbaycanın əleyhinədir. Əlbəttə, İrəvanda olarkən Sergey Lavrov Sarkisyana daha bir həll paketi təqdim edib. Məhz bu paket Azərbaycan tərəfindən etirazla qarşılanır. Bunlar guya, danışıqlar prosesinin davam etdirilməsinə, qarşılıqlı etimad mühitinin formalaşdırılmasına xidmət edir. Əlbəttə, İrəvanın təklifləri həyata keçəcəyi təqdirdə, danışıqlar prosesi fiaskoya uğrayacaq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları