Yuxarı

Üçlük formatı: Qarabağın yolunu açacaq?

Üçlük formatı: Qarabağın yolunu açacaq?

Rusiyalı politoloqlar regionda Rusiya, Türkiyə və Azərbaycanın iştirakı ilə yeni birliyin yaranacağını iddia edirlər.Məlumdur ki, bu gün regionun ən ağrılı problemi məhz Dağlıq Qarabağdır.Rusiyanın bu məsələdə tutduğu mövqe isə hər kəsə bəllidir.Ona görə də ekspertlər hesab edir ki, sözügedən üçlük formatı yaranarsa, Qarabağ porbleminin həllinə də kömək etmiş olar.Ancaq hələ ki, belə bir üçlük formatı yoxdur və bu haqda yalnız mülahizələr səsləndirilir.

"Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Natiq Miri deyib ki,  mövcud durumda belə bir üçlük formatının yaranması mümkün deyil. N.Mirinin sözlərinə görə, bu birliyin yaranmasına Rusiyanın geosiyasi maraqları imkan vermir:

"Bu cür üçlük formatının fəaliyyətdə olması yalnız nəzəri baxımdan mümkündür. Çünki Rusiyanın geosiyasi maraqları və yürütdüyü imperiya siyasəti bu cür birliyin yaranmasını mümkünsüz edir. Ayrıca, Rusiya hakimiyyətində mövcud olan imperiya siyasətinin hələ də davam etdirilməsi digər dövlətlərlə, xüsusilə də Azərbaycan kimi post-sovet ölkəsi  ilə bərabərhüquqlu münasibətlərə imkan vermir. Rusiya hələ də Azərbaycan və digər post-sovet ölkələrini özünün "arxa bağçası” kimi görür.Ona görə də münasibətlərdə bu ölkələrlə bərabərhüquqlu səviyyədə əməkdaşlıq qurulmur.Digər məsələlər isə yalnız görüntü üçündür.Praktik olaraq bütün post-sovet ölkələrə nisbətdə Rusiya özünü dominant, nüvə ölkəsi kimi aparır.Və Azərbaycan kimi ölkələri sadəcə, öz orbitində fırlanan satelliti kimi görür.Təbii ki, Türkiyə-Rusiya münasibətləri son aylarda çox isti məcraya daşınıb.Bu istiqamətdə artıq bir çox geosiyasi nəticələr əldə olunub.Ancaq düşünmək lazımdır ki, bunlar yalnız Rusiya və Türkiyənin qısa müddətli maraqları çərçivəsində baş verir. Sözün əsl mənasında Rusiya heç bir zaman Türkiyəyə dost ölkə olmayıb və bundan sonra da olacağını gözləmək əbəsdir. Çünki Rusiya bir demokratik ölkə olmadıqca, imperiya siyasətindən imtina etmədikcə onun müsəlman dünyansının bayrağını apara biləcək, dünyanın mərkəzində yerləşən Türkiyə kimi dövlətlə strateji müttəfiq olması mümkün deyil.Doğrudur, bu yöndə uzağa gedən nəticələr çıxaran siyasətşünaslar mövcuddur. Ancaq qətiyyən yaddan çıxarmaq olmaz ki, bəlkə də 10 əsrdən çoxdur ki, Rusiya Türkiyəyə qarşı düşmənçilik mövqeyində olub və bu gün də sadəcə, qısamüddətli geosiyasi maraqlar üçün yaxınlaşmağa məcbur qalıb. Çünki bu gün Rusiya başda ABŞ olmaqla, bütün Qərb dünyası və NATO ilə qarşıdurma səviyyəsindədir.Və Qərb dünyasının qarşısında duruş gətirmək üçün regionda ən həlledici güclərdən biri olan Türkiyə kimi ölkəylə yaxınlaşmağa məcburdur.Ona görə də Rusiya-Türkiyə yaxınlaşmasını məhz bu kontektsdə dəyərləndirmək lazımdır”.

N.Miri hesab edir ki, əgər belə bir üçlük formatı yaranarsa, Dağlıq Qarabağ problemi qısa zamanda tamamilə həll olunar:

"Rusiya-Türkiyə-Azərbaycan üçlük formatı ilə hələ ki, mövcud deyil. Münasibətlər hələlik iqtisadi əməkdaşlıqdan  o tərəfə getmir. Əgər belə bir üçlük formatı siyasi, iqtisadi və hərbi yöndə olsaydı, təbii ki, Dağlıq Qarabağ problemini bir neçə həftə ərzində çox asanlıqla həll etmək olardı.Ancaq Rusiya bunu istəyirmi? İstəmir! Rusiya Türkiyə kimi regional bir gücün Qafqaza müdaxiləsini qəbul etmir.Rusiya Qafqazda olan dominantlığı hər hansı bir regional ölkə ilə bölüşmək istəmir.Ona görə bu məsələləri dəyərləndirəndə Azərbaycan-Rusiya-Türkiyə üçlük formatını düşünmək qeyri-mümkündür.Bu gün Rusiya diplomatiyasının başında duran şəxsin erməni Lavrov olması da, əslində bu cür üçlük formatının mövcudluğunu qeyri-mümkün edir.Ona görə də düşünürəm ki, Rusiya yaxın zamanlarda özünün xarici siyasətindəki prioritetlərini dəyişməsə, iddia olunan yeni Avrasiya üçlüyünün yaranması və ya mövcudluğu mümkün deyil”

Vilayət Muxtar






Həftənin ən çox oxunanları