Yuxarı

Rusiya kommunistləri də Qarabağa "əl qoydu”

Rusiya kommunistləri də Qarabağa

"Rusiya Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi üzrə daha səmərəli işləməlidir”. 

"Cümhuriyət” qəzeti xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov deyib. Zyuqanov qeyd edib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur:

"Gəlin birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır. Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi. Bu, həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir”.

O, həmçinin Rusiya - Azərbaycan - İran formatının potensialından da danışıb: "Hesab edirəm ki, Rusiya - Azərbaycan - İran formatı özünü dayanıqlı və səmərəli göstərəcək. Bizim bir çox istiqamətlərdə yaxşı perspektivlərimiz var. Bu, istehsalatın inkişafı, neft-qaz sənayesi və Xəzər dənizinin sərvətlərindən istifadə olunmasına aiddir”.

Moskvadan Bakıya təzyiq?

Azərbaycanda Rusiya kommunistlərinin liderinin "Rusiya Qarabağ probleminin həllində aktiv olmalıdır” açıqlamasının təsadüfən deyilmədiyinə inananların sayı çoxdur. Lakin burada söhbət Rusiyanın rol olaraq aktivliyindən yox, həll qarşılığında Azərbaycan qarşısında qoyduğu şərtlərin tezliklə yerinə yetirilməsindən gedir. Yəni Zyuqanov dolayı yolla Kremlə çağırış edir ki, həmin şərtləri yerinə yetirməsi üçün rəsmi Bakıya təzyiqlər edilməlidir. Son zamanlarda da bir-birinin ardından Moskvadan Azərbaycan qarşısında yeni tələblər ortaya çıxır. Bunlar açıq formada gündəmə gəlməsə də bu tələblərin Azərbaycanın Avrasiya İttifaqına üzv edilməsi ilə bağlı olduğuna şübhə yoxdur.

"Onlar elə bil fil qulağında yatıblar”

2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlamış tərcüməçi-yazar Nadir Qocabəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Gennadi Zyuqanov Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirləri söz xatirinə deməyib. O, Rusiyanın son zamanlarda münaqişə ətrafında passiv olduğunu diqqətə çatdırıb:

"Əgər Zyuqanov səmimi danışırsa, onunla yüz faiz razıyam. Rusiya nəinki Qarabağ probleminin həlli ilə ciddi məşğul olmalı, ümumiyyətlə, həm Azərbaycan, həm də digər post-sovet ölkələri ilə bağlı siyasətinə ciddi korrektələr etməlidir. Çünki Azərbaycanın ictimai rəyində Şimal qonşumuzun nüfuzu çox aşağı düşüb, ona demək olar ki, inam qalmayıb. Bunun da səbəbi rusların bizə yuxarıdan aşağı münasibəti, hakimiyyətdəki bəzi vəzifəli şəxslərin xaricində heç kəslə əməkdaşlığa həvəs göstərməmələri, ümumiyyətlə, açıq siyasət aparmamaları, arabir boş və pafoslu bəyanatlar səsləndirmələridir”.

N.Qocabəyli hələlik Qarabağla bağlı Rusiya tərəfindən konkret və ciddi bir mövqe müşahidə etmədiyini diqqətə çatdırıb: "Belə açıqlamaları Rusiyanın dövlət nümayəndələri, ictimai-siyasi xadimləri əvvəllər də çox səsləndiriblər. Onlar elə bil fil qulağında yatıblar. Ya buradakı ab-havanı, bütövlükdə düzgün qiymətləndirə bilmirlər, ya da özlərini bilməzliyə vurublar. Rusiya Qarabağ problemini həll etmək istəyirsə, nəyi gözləyir? Şəraiti münaqişə başlamazdan əvvəlki statusa qaytarmaq Rusiyanın əlində çətin iş deyil. Ancaq bunun üçün heç bir iş görülmür. Sülh tərəfdarı olan qüvvələrlə iş aparılmır, bu prosesə dəstək verilmir. Zyuqanov da, Duqin də, Proxanov da, Solovyov da mənə öz xırda merkantil maraqları üçün çalışan adam təsiri bağışlayırlar. Bakıya gəlir, ancaq ictimaiyyətlə heç bir görüş keçirmir, formal, yalançı görüşlərlə baş qatırlar”.

"Münaqişəni yalnız Azərbaycan öz gücünə həll edə bilər”

"Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Gennadi Zyuqanovun Qarabağ problemi ilə bağlı açıqlaması müsbət yanaşma olsa da Rusiyadan qarşıdakı 2 il ərzində mövcud siyasətini dəyişəcəyini gözləmir. Politoloq qeyd edib ki, Rusiya aprel eskalasiyasından sonra diplomatik müstəvidə səylərini artırsa da nəticə etibarilə irəli sürdüyü təkliflər münaqişənin həll prosesini dalana dirəyib: "Sergey Lavrov Bakı və İrəvanda olarkən hər iki tərəfə həll variantlarını təqdim etdi. Amma Rusiyanın Qarabağın statusu ilə bağlı mövqeyi Azərbaycanın maraqlarını əks etdirmir. Son 4 ay ərzində Rusiyanın moderatorluğu ilə aparılan danışıqlar prosesində də heç bir müsbət irəliləyiş əldə olunmadı. Prezidentlərin oktyabr görüşü rayonların boşaldılmasına yox, atəşkəsin qorunması və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına hesablandı. Nazirlər səviyyəsində gedən görüşlər də bundan kənara çıxmır. Hesab edirəm ki, Rusiya yaxın illərə qədər mövcud status-kvonu saxlamağa çalışacaq”. 

M.Əsədullazadə bildirib ki, Azərbaycanın regionda həyata keçirdiyi iqtisadi layihələr (TANAP, TAP və Bakı -Tiflis - Qars dəmiryolu xətti) Rusiyanın maraqlarına uyğun gəlmir: "Başqa sözlə, Azərbaycan - Qərb yaxınlaşması fonunda Kremlin Qarabağla bağlı mövqe dəyişikliyinə gedəcəyi gözlənilən deyil. Kreml getdikcə, bölgədəki nüfuzunu artırır. Azərbaycan isə münaqişəni yalnız öz hərbi gücü hesabına həll etməlidir. Çünki Rusiyanın siyasəti indiki status-kvonun saxlanılmasına hesablanıb”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları