Yuxarı

Məmmədyarovun istəyi və Qarabağ həqiqətləri

Məmmədyarovun istəyi və Qarabağ həqiqətləri

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan - Azərbaycan münaqişəsi (Dağlıq Qarabağ) haqqında danışıb. "Cümhuriyət” qəzeti xəbər verir ki, o, bu barədə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Bakıda baş tutmuş görüşündən sonra danışıb. Nazir bildirib ki, həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər, lakin görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair razılıq var. E.Məmmədyarovun sözlərinə görə görüş Avropa ölkələrindən birində baş tutacaq: "Vyanada müxtəlif fikir mübadilələri apardıq. Həmsədrlər müzakirələri dəyərləndirəcək və qərar verəcəklər. Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun”.

İki gün yox, iki il....

Azərbaycanın baş diplomatının Qarabağla bağlı açıqlamasında bir cəmi cümləsi diqqət çəkdi: "...iki gün də danışıq aparmağa razıyam”. İlk baxışda bu fikir Elmar Məmmədyarovun işgüzar bir diplomat olduğunu göstərən ibarədirsə, ikinci baxışda bu, onun hər bir azərbaycanlı kimi uzun illərdir "dondurmada” qalmış və bir addım da mövcud çərçivədən kənara kiçik də olsa, addım atmasına icazə verilməyən münaqişənin həllini tezliklə istədiyini ifadə edir. Lakin nazirimizin açıqlamasına rəğmən, nəinki iki gün, heç iki il də hazırkı şərtlər daxilində yuxusuz qalmaqla Qarabağ problemini həll etmək mümkün olmayacaq. Hazırkı status-kvoya gəlincə, protokol üzərində münaqişə tərəflərindən biri kimi görünən Ermənistan indiyədək aparılan bütün danışıqlardan əvvəl və sonra da rəsmi qaydada bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin bu bölgənin Azərbaycanın nəzarəti altına qaytarılması formasında həll formulu yoxdur. Erməni qulduru Serj Sarkisyan açıq şəkildə deyir ki, Qarabağı Azərbaycana qaytarmaq niyyətləri yoxdur və bundan kənarda olan bütün həll variantlarına razıdırlar.

Digər yandan, istər Sarkisyan, istərsə də xarici işlər naziri Edvard Nalbandyan Qarabağ problemindən danışanda həmişə Rusiya tərəfindən dəstəklənən separatçı erməni silahlı birləşmələrinin işğalına məruz qalan bu bölgənin ətrafında yerləşən rayonların qaytarıla biləcəyi ehimallarına eyham vururlar. Sarkisyan və Nalbandyan sonuncu dəfə də bu istiqamətdə verdiyi açıqlamalarla Azərbaycanın ictimai rəyini tezliklə bu münaqişənin həll ediləcəyinə dair ümidlərə köklədi. Rusiyadan da bununla bağlı açıqlamalar verildi. Hətta iddia edildi ki, Rusiya ətraf rayonları qaytarmağa görə Ermənistana təzyiqlər edir. Amma gözlənilən baş vermədi, Ermənistan tərəfi də, Rusiya da bunun üzərindən sükutla keçdi. Azərbaycanda isə hələ də bundan danışırlar. İnanırdıq ki, ən az 3 rayonun qaytarılması da Qarabağın gələcək müqəddəratına dair yaranmış ümidlərin alovlandırılmasında qızışdırıcı vasitə olacaq. Lakin heç nə baş vermədi.

Çox yaxın tarixdə nə baş vermişdi?

Protokol və sənədlər üzərində Ermənistanın "münaqişə tərəflərindən biri” kimi qeyd edilməsinə və İrəvandan verilən açıqlamalara gəlincə, bu, köhnə məsələdir. Yəni, Ermənistan özbaşına deyil ki, nəsə desin, nəsə etsin, hansısa formada Azərbaycanla razılığa gəlsin. Ötən əsrin əvvəllərində bölgədə peyda olmuş Ermənistanın Kremlin "mancanağından” Qafqaza atılmış "daş” olduğunu dünyada bilməyən yoxdur. Elə münaqişənin nizamlanması işi ilə məşğul olan ATƏT-in Minsk qrupunun Qərbdən olan həmsədrləri - Fransa və ABŞ da bilir ki, Ermənistanla danışıqlar protokol və siyasətin üzdə görünən tərəfinə uyğun olaraq aparılır. Yəni, münaqişədə son sözü deyəcək tərəf Ermənistan deyil, Rusiyadır. SSRİ parçalandıqdan sonra Rusiyanın təsir dairəsindən çıxmağa ilk real namizədlərdən olan Azərbaycan və digər respublikaların Kremlin siyasi asılılıqda saxlamaq üçün hansı formada dəridən, qabıqdan çıxdığı - Ermənistanı sürətli şəkildə necə silahlandırdığı, Ermənistandakı rus ordusunun bir göz qırpımında Azərbaycana qarşı döyüş vəziyyətinə gətirdiyi də uzaq tarixdə baş vermiş hadisə deyil. 

"Sənin, mənim söhbəti yoxdur” 

Rusiyanın da həll formulu məlumdur: ətraf rayonlar qaytarılır və Azərbaycan Kremlinin dominant rola malik olduğu ittifaqlara qoşulur - Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Gömrük Birliyinə. Bu isə ən təhlükəli gedişlərdən biridir. Vaxtilə, sovet ittifaqının qurulmasının ilk dövrlərində Zəngəzur və Göyçə mahalları da Azərbaycandan qoparılaraq Ermənistan SSR-ə o vəziyyət daxilində birləşdirilmişdi. Moskva SSRİ-nin "əbədi güc” olduğuna inanırdı və "qardaşla qardaş arasında sənin-mənim söhbəti yoxdur” prinsipi ilə Bakıda oturanların başlarının altına balış qoyub yuxuya vermişdi. Həmin dönəmdə azərbaycanlılar zorakılıqla inandırılmışdı ki, SSRİ dünyanın sonuna qədər olacaq, Ermənistan Azərbaycan, Azərbaycan da Ermənistan, hər ikisi də birlikdə SSRİ deməkdir. İndi də tarixin arxivinə gömülən SSRİ-ni oradan çıxarıb, tozunu silkələyib tamam başqa adla diriltməyə çalışan Rusiya Qarabağı da Göyçə və Zəngəzur kimi Azərbaycana unutdurmağa çalışır. Ətrafdakı rayonları Azərbaycana edilən "güzəşt” kimi qaytarıb, yenidən "sənin, mənim yoxdur” söhbətini ortaya ataraq, Qarabağı da birdəfəlik, mübahisə və müzakirə predmeti olmadan Ermənistanın himayəsinə verməyə çalışır. 

Başqa sözlə, birdəfəlik qəbul etmək lazımdır ki, Rusiya hissə-hissə, addım-addım, zərrə-zərrə Azərbaycanı yox etmək niyyətindədir. Yəni, Ermənistanla neçə gün danışıqlar aparmaq mahiyyət etibarilə bir məna kəsb etmir. Mənasızdır. Açıq şəkildə desək, Azərbaycanda buna heç kəs inanmır, heç inanmaq da istəmir!

"Nazir də hər bir azərbaycanlı kimi istəyir ki....”

Nazirin açıqlamasını "Cümhuriyət” qəzetinə şərh edən politoloq Məhəmməd Əsədullazadə də indiki şərtlər daxilində Ermənistanla aparılan danışıqların nəticə verəcəyinə ümid etmədiyini diqqətə çatdırdı:

"Artıq istər Minsk qrupu bir neçə dəfədir ki, nazirlərin görüşünü təşkil edir. Lakin bu danışıqlar konkret həll üçün işə yaramır, ancaq danışıqların davamiyyətinin qorunmasını təmin edir. Ərazilərin boşaldılmasına dair konkret sənədlər üzəzrində gedən proses də irəliləyişə gətirmir. Çünki Rusiyanın inhisarında olan konfliktin həll edilməməsi, Kremlin imperiya maraqlarından irəli gəlir. Elmar Məmmədyarovun fikirlərinə gəlincə, hər bir azərbaycanlının ən böyük arzusu işğal olunmuş ərazilərin tezliklə geri qaytarılmasıdır. Əgər belə bir müsbət irəliləyiş olacaqsa, nazirin fikirlərində həqiqət axtarmaq lazımdır. Digər yandan, Qarabağ münaqişəsi BMT-nin məlum qətnamələri əsasında həll olunmalıdır. Hesab edirəm ki, Rusiyanın regional siyasəti zəifləyərsə, münaqişənin həllində irəliləyiş əldə oluna bilər. Hazırda aparılan danışıqlar isə ümid yaratmır. AŞPA və BMT-nin qərarları isə münaqişəni obyektiv həllini nəzərdə tutur. Lakin bu prinsip də indi işə yaramır, buna görə də hesab edirəm ki, Qarabağ münaqişəsini yalnız Azərbaycan güc tətbiq edərək həll edə bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları