Yuxarı

Köhnə rəqiblərin köhnə gedişi

Köhnə rəqiblərin köhnə gedişi

Ənənəvi müxalifət düşərgəsində fəallaşma var. Sosial şəbəkələrdə fəallaşan ənənəvi müxalifətin təmsilçiləri və bu düşərgənin lideri olmaq iddiasında olan şəxslər seçki hazırlıqlarına başlayıblar. Artıq uzun illərdir bu düşərgədə öz mütləqiyyətlərini elan etmiş həmin siyasi təşkilatlar - "Yurd” və Müsavat Partiyası qarşılıqlı ittihamlarla öz yerlərini möhkəmlətməyə çalışırlar. 1993-cü ildən bu günədək istər seçki ilində, istərsə də digər vaxtlarda biri-birinə qarşı zidd mövqedə dayanmış bu siyasi yönümlü təşkilatlar həmişə seçkilərdən əvvəl aradakı ziddiyyətləri qabarıq şəkildə önə çıxararaq, qızışdırılmış münasibətlərdən "seçki kampaniyası”, yaxud "seçki təbliğatı” kimi istifadə edirlər. 

Heç bir halda da hakimiyyətə olan iddialarını əsas götürərək bir dəfə də mübarizəni iqtidarda olan siyasi komandaya qarşı yönəltməyiblər. Seçki baş tutub, nəticələr elan olunanadək müxalifətçiliyə olan iddialarını gündəmdə saxlamağa çalışıblar.

Qeyd etdiyimiz kimi, artıq Müsavat və "Yurd” ənənəvi "müxalifətçilik davası”na start verib. Bir neçə gün əvvəl yenidən qızışan gərginlik tərəflərin bir-birlərini satqınlıqda ittiham etmələriylə müşayiət olunur. "Yurd” Müsavatı, qarşı tərəf də o birini hakimiyyətə satılmaqda, müxalifətçilik prinsiplərini pozaraq xəyanət etməkdə günahlandırır. Müsavat "Yurd”un aradakı gərginliyi körükləmək cəhdinə qarşı bir qədər səthi davransa da, Əli Kərimlinin sədrliyi altında olan təşkilat və üzvləri məsələni gündəm mövzusuna çevirməkdə israrlıdırlar.

Hər iki tərəf uduzduğunu da, yorulduğunu da, uğursuzluğunu da bilir

Artıq "Yurd” Müsavatın 2018-ci ildə keçiriləcək prezident seçkilərində dəstəkləyəcəyi keçmiş başqan İsa Qəmbərin qarşısına Əli Kərimlini çıxarmaq niyyətindədir. "Yurd”çular yenə də şakərlərinə sadiq qalaraq sosial şəbəkə üzərində özlərini və insanları inandırmağa çalışırlar ki, "müxalifətin yeganə lideri” Əli Kərimlidir və seçkilərdə müxalif düşərgənin vahid namizədi olmağa "ən layiqli” şəxs də odur. Beləliklə, illərin uğursuz siyasətçisi Əli Kərimli cəmiyyətə "xalqın xilaskarı” kimi təqdim edilir. Daha doğrusu, adamlarına özünü belə təqdim etmək əmrini verib. Əslində hər iki tərəf uduzduğunu da, yorulduğunu da, uğursuzluğunu da yaxşı bilir. Cəmiyyət isə onların bildiyindən də artığını dərk edib və ənənəvi müxalifətə bir misqal belə inanmır. Belə də, yalançı didişmələr, yalançı hay-küylər nə üçündür? Sadəcə, bütün gedişlər imitasiyadır. Müxalifət adı altında cəmiyyətdə qalmaq, var olduğunu göstərmək. 

Müsavatçılar "yurd”çularla müqayisədə o qədər də aktiv deyil. "Yurd”çuların israrlı yalanları birmənalı olaraq cəmiyyəti aldatmağa, nə qədər mümkünsə, o qədər prinsipinə hesablanıb. Bəs, cəmiyyət Əli Kərimlinin simasında ona "xilaskar” kimi təqdim edilən bu şəxsə inanırmı? Yəni, cəmiyyət yaxın tarixi bu qədər tez unudub, özünə siyasətə ən aşağı nəsnələr gətirən birindən, Elçibəyə belə xəyanət etməkdən çəkinməyən bir şəxsə nə zamansa etimad edərmi? Təbii ki, yox! Elə əsas məsələ də budur. Əlbəttə, bütün bu suallar o fikri də yaradır ki, əgər təmsil olunduğu ənənəvi düşərgədə bir əqidə yoldaşı, yaxud, adi bir şəxs və bir siyasi partiya onu dəstəkləmirsə, Əli Kərimli kimin, niyə və nə üçün xilaskarı ola bilər?

Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır

Əlbəttə, yenə də "Yurd” sədri nə xalqa, nə də həmin düşərgədə təmsil olunan siyasi partiyalara və sədrlərinə inanır. O, hələ də onu dəstəkləyən xarici qüvvələrə və ölkədəki radikal, dini kəsimə arxalanır. Xarici siyasi qüvvələr deyəndə, bu qüvvələr vaxtilə ABŞ və Avropada onu dəstəkləyən qüvvələr deyil. Əli Kərimlinin həmin qüvvələrlə işbirliyi onun hakimiyyətdə təmsil olunan bir sıra qruplar, yaxud şəxslərlə gizli işbirliyi faktlarla Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə təqdim edilən paketlə ifşa olunanda kəsilib. Daha doğrusu, həmin qüvvələr Əli Kərimlidən ona ayrılan pulları istiqamət üzrə yox, öz mənfəəti üçün xərcələməsinə görə imtina ediblər. Artıq 4 ildən çoxdur ki, Əli Kərimli Qərbə yox, Azərbaycanın yaxın qonşularına - İran və Rusiyaya üz tutub. İranın radikal dini baxışlarının Azərbaycandakı təbliğatçılarının liderinə çevrilmiş "Yurd” sədri bunun müqabilində müəyyən qazanclar əldə edir. Artıq Əli Kərimlini dəstəkləyici elektoratın mütləq hissəsini də dini radikallar təşkil edir. Rusiyaya gəlincə, Əli Kərimli artıq 4 ildir ki, Kremlin Azərbaycandakı sözçülərindən biridir. 2013-cü ildən Rusiyadakı bir sıra siyasi dairələrlə əməkdaşlıq edən Əli Kərimli artıq Kremlin Azərbaycanla bağlı bir sıra siyasi layihələrinin icraçısıdır.

Mənsur






Həftənin ən çox oxunanları