Yuxarı

Rusiyanı çökdürən sanksiya Azərbaycanı da "vurur"

Rusiyanı çökdürən sanksiya Azərbaycanı da

Avropa İttifaqı (Aİ) Ukrayna ərazilərindəki işğalçı hərəkətlərinə görə Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ayadək uzadıb."Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa Şurasının dekabrın 21-də verdiyi bəyanatda deyilir ki, Avropa İttifaqı liderlərinin ötən həftə qəbul etdikləri qərar rəsmiləşdirilib və beləliklə, Rusiya üzərindəki sanksiyaların müddəti 2018-ci ilin iyulunadək uzadılıb.Bundan əvvəl, dekabrın 14-də Brüsseldə Avropa İttifaqı liderləri bu məsələni müzakirə etmişdilər.Bu müzakirələr zamanı Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel həmkarlarını Rusiya üzərindəki sanksiyaların müddətinin uzadılması zərurətinə inandırmağa çalışırdılar.Qeyd edilir ki, müzakirələrdə Macarıstan, İtaliya və Slovakiya Rusiya sanksiyalarının uzadılmasına qarşı çıxsalar da sonda ümumi qərarlar verməklə razılaşıblar.

Dekabrın 14-də Brüsseldə keçirilən sammitdə Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, sanksiyaların Rusiyaya təsir rolu məsələsində bütün ittifaq üzvləri həmrəydirlər. Tusk bildirib ki, əslində bu dəfə sanksiyaların uzadılması uzun müzakirə və mübahisələrə səbəb olmayıb. Lakin Merkel vurğulayıb ki, liderlər sanksiyaların uzadılmasına dair intensiv müzakirə aparıblar və hamı Ukrayna münaqişəsinin çözümü prosesində irəliləyişə nail olmağın mühümlüyü məsələsində razılaşıb. Qeyd edək ki, Avropa İttifaqının Rusiyanın əsasən bank və enerji sektorlarını hədəfə alan sanksiyaları ilk dəfə 2014-cü ilin yayında elan edilib və o vaxtdan bu yana hər 6 aydan bir uzadılır. Onu da xatırladaq ki, Avropa İttifaqı ilə yanaşı, ABŞ da 2014-cü ildən - Ukraynanın Krım bölgəsi Rusiyaya ilhaq ediləndən bu yana hər il federasiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısını genişləndirir və kəskinləşdirir. Sonuncu dəfə bu ayın 17-də ABŞ Rusiyaya qarşı olan sanksiyaların daha 6 ay uzadılması barədə qərar verib.

Sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri

Son 3 ildə iqtisadiyyatdakı resessiyadan (geriləmə) sonra nəhayət, Rusiya hökuməti 2017-ci ildə iqtisadi böyümənin olacağını proqnozlaşdırmışdı.Gözlənti özünü doğrultmadı, gözlənilən 3%-lik böyümə 0.9%-lik nəticə ilə yekunlaşdı.Əlbəttə, getdikcə həcmi kiçilən Rusiya iqtisadiyyatındakı böhranın dərinləşməsində kənar təsirlərin rolu böyükdür. Rusiya 2014-cü ildən - Ukrayna ərazilərini ilhaq etdiyi tarixdən bu yana ABŞ və Avropa İttifaqının tətbiq etdiyi iqtisadi sanksiyalar və dünya bazarlarında neftin sürətlə ucuzlaşan qiymətlərinin yaratdığı fəsadları aradan qaldırmaqla məşğuldur. Milli valyuta rublun məzənnəsinin kəskin şəkildə ucuzlaşması, 2 rəqəmli inflyasiya və kənardan valyuta daxilolmalarının kəskin şəkildə aşağı düşməsi də rus hökumətinin "baş ağrısı”na çevrilib. Üstəgəl, sanksiyalara görə son 3 ildə Rusiyadan 400 milyarda yaxın valyuta çıxarılıb.Xarici investorlar səmərəsiz Rusiya iqtisadiyyatındakı sərmayələrini geri çəkirlər.

Sanksiyaların təsirləri altında olan Rusiya bankları və şirkətləri 2014-cü ildən bu günədək 200 milyarddan çox borc ödəmək məcburiyyətində qalıblar.Təxminən gəlirlərinin 50%-ni neft və qaz satışından əldə edən Rusiyanın enerji qiymətlərinin uzuzlaşması ilə bağlı apardığı mübarizə də effekt vermir. 2013-cü ildə neft qiymətləri 100 dollardan çox olarkən ixracatdan hər il 500 milyard dollar gəlir qazanan Rusiyanın bu gəlirləri bu gün 200 milyard dollardan da aşağıdır. Yəni, son 3 ildə tətbiq edilən beynəlxalq sanksiyalar Rusiya üçün xoşagəlməz vəziyyət yaradıb və hökumətin büdcə kəsirlərini bağlamaq üçün etdiyi cəhdlər də nəticə vermir.Hökumət keçən ilin büdcəsini 4%-lik kəsirlə bağlamağa məcbur oldu. 2013-cü ilədək həcmi 2 trilyon olan Rusiya iqtisadiyyatı hazırkı vəziyyətdə 2008-ci il səviyyəsinə (1.2 trilyon dollar) qayıdıb. 

Rusiyadakı böhranın Azərbaycana təsirləri

Real Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiyadakı iqtisadi vəziyyət birbaşa olmasa da dolayı yolla, ətraf ölkələrə, o cümlədən, Azərbaycana da təsir edir. İqtisadçının sözlərinə görə Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir, əsasən də qeyri-neft sektorunda ixracat istiqamətimiz kimi Rusiya ilə əməkdaşlıq edirik:

"Rusiyada iqtisadi aktivliyin zəifləməsi Azərbaycana, federasiyada yaşayan, işləyən azərbaycanlılara mənfi təsir edir. Azərbaycanlıların öz ailələrinə göndərdikləri vəsaitlərə də təsir göstərir.2013-2014-cü illərdə Rusiyadan Azərbaycana təxminən 4 milyard dollara yaxın vəsait gəlmişdi. Hər il ölkəmizə bu qədər və bir qədər də artıq pul daxil olurdu. Amma 2016-2017-ci illərdə bu rəqəm 600-700 milyon dollara qədər azaldı.Yəni, Rusiyadan Azərbaycana valyuta daxilomalarının həcmi 5 dəfəyədək azalıb. Bu da Azərbaycanda, əsasən də regionlarda iqtisadi aktivliyə mənfi təsir edir. Rusiyadakı iqtisadi aktivliyin zəifələməsi Azərbaycanda avtomobil bazarından tutmuş, daşınmaz əmlak bazarına qədər bir sıra sektorlara mənfi təsir göstərir.Yəni, Rusiyada baş verən proseslərin Azərbaycan və digər ətraf ölkələrə təsirləri qaçılmazdır”. Natiq Cəfərli hesab edir ki, Rusiya gələn ildaha sərt sanksiyalarla qarşılaşa bilər: "Rusiyanın neft-qaz sektoruna, "qan-damar sistemini” iflic edə biləcək sanksiyalar tətbiq edilməsi ehtimalları var. Həmçinin, bank və maliyyə sektoruna daha kəskin sanksiyaların tətbiq ediləcəyi ehtimalları da yüksəkdir. Bu ehtimallar reallaşsa, Rusiyanın iqtisadi vəziyyəti daha da ağırlaşa bilər.Rusiyanın iqtisadi vəziyyətinin ağırlaşması da Azərbaycan və digər ətraf ölkələrə mənfi təsir edir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları