Yuxarı

Əli Kərimli ABŞ səfirilə hansı adla görüşüb?

Əli Kərimli ABŞ səfirilə hansı adla görüşüb?

Diplomatik korpuslar "Yurd” sədrinin AXCP-ni təmsil etmədiyini bilir

"Yurd” təşkilatının sədri Əli Kərimli ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb. Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan -ABŞ münasibətləri müzakirə olunub. 

Ölkədəki siyasi məhbuslar problemi, sərbəst toplaşmaq azadlığına yaradılan maneələr, müxalifətdən olan fəallara, vətəndaş cəmiyyətinә və azad mətbuata qarşı təzyiqlər müzakirə mövzusu olub. Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri də müzakirə edilib.

Görüşün hansı tərəfin təşəbbüsü ilə keçirilməsi barədə məlumat verilməsə də, Cebhe.info bununla bağlı informasiya əldə edə bilib. "Yurd”dakı mənbədən  verilən məlumata əsasən, görüş Əli Kərimlinin öz təşəbbüsü ilə baş tutub. Belə ki, mənbə uzun müddətdir "Yurd” sədrinin amerikalı səfirlə görüşməyə çalışdığını, lakin dəfələrlə səfirliyə edilən müraciətlərə baxılmadığını diqqətə çatdırıb. Yəni, Robert Sekuta Əli Kərimli ilə görüşdən imtina edib. Lakin cəhdlərinin sayını artıran "Yurd” sədri nəhayət, son cəhdində Sekutla ilə görüşmək arzusunu həyata keçirə bilib.

Əli Kərimli görüşə hansı adla gedib?

Səfirin Əli Kərimli ilə hansı adla görüşdüyünə gəlincə, əlbəttə, bu təşəbbüsün "Yurd” sədrindən gəldiyini nəzərə alsaq, bunun Robert Sekuta üçün heç bir əhəmiyyəti yoxdur. Əli Kərimli üçün isə bunun göydəndüşmə fürsət olduğuna şübhə qalmır. Bununla o, həm hələ də Amerika, yaxud Qərb tərəfindən ciddiyə alındığını cəmiyyətə göstərməyə çalışacaq, üstəlik hələ də sədrliyinə iddia etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hüquqi təmsilçisi kimi tanındığını təlqin etməyə cəhd edəcək. Nəzərə alsaq ki, Əli Kərimli 2015-ci ildə AXCP-nin hüquqi təmsilçisi adından məhrum olub,  AXCP təmsilçiliyinin mübahisə predmeti olduğu məlumdur, bu baxımdan, onun səfirlə görüşdən öz şəxsi maraqları üçün istifadə edəcəyinə şübhə yoxdur.

Əlbəttə, Sekuta bilir ki...

Şübhəsiz ki, Azərbaycanın ən ucqar dağ kəndində belə hansı proseslərin baş verdiyindən xəbərdar olan amerikalı səfir Əli Kərimlinin üzləşdiyi acınacaqlı vəziyyətdən də xəbərdardır. Artıq 2 ildən çoxdur ki, Amerika və digər Qərb dövlətlərinin Azərbaycandakı səfirlikləri və nümayəndəlikləri, diplomatik korpuslar da Əli Kərimlinin AXCP-ni təmsil etmədiyini bilir. Elə buna görədir ki, 2 il ərzində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi onunla bütün təmasları kəsib və görüş istəklərinin hamısını geri çevirib. Qeyd etdiyimiz kimi,  Əli Kərimlinin Sekuta ilə görüşü onun öz təşəbbüsüdür və keçmiş əlaqələrini bərpa etməyə, həmçinin yenidən özünü cəmiyyətə "müxalifət lideri” kimi sırımağa xidmət edir.

"Yurd” sədrinin "nəbz yoxlanışı”

Nəzərə alsaq ki, Azərbaycanda keçiriləcək seçkilərə 1 ildən də az vaxt qalır və Əli Kərimli üçün bu seçkilər də əvvəlkilər kimi qazanc mənbəyi ola bilər. Hesab edə bilərik ki, "Yurd” sədrinin amerikalı səfirlə görüşü də buna hesablanıb. Görüşdə Əli Kərimlinin Amerikanın seçkilər üçün nəzərdə tuta biləcəyi bütün layihələrdə iştirak edə biləcəyini də Sekutanın diqqətinə çatdırdığına şübhə yoxdur. Əlbəttə, yenə də söhbət Əli Kərimlinin hakimiyyətə olan iddiasından getmir, əgər Amerika seçkilər üçün bir layihə nəzərdə tutubsa, "Yurd” sədrinin burada iştirakından və bunun müqabilində müəyyən həcmdə maddi vəsait əldə etmək istəyindən gedir. Beləliklə, Əli Kərimlinin Sekuta ilə görüşünü "nəbz yoxlanışı” kimi də təqdim etmək olar ki, "Yurd” sədri bununla Amerikanın seçkilər barədə fikrini bilmək istəyib. Şübhəsiz ki, ABŞ seçkilərə müdaxilə niyyətində deyilsə, Əli Kərimli alternativ qüvvələrlə işləmək məcburiyyətində qalacaq. Yəni, o, işini bubaşdan bilmək üçün səfirlə təmasa keçib.

Mənsur





Həftənin ən çox oxunanları