Yuxarı

Hakimiyyət iddiası Bakıda, mitinq Avropada

Hakimiyyət iddiası Bakıda, mitinq Avropada

Avropa mitinqləri "siyasi mühacir” biznesinə hesablanıb

Ənənəvi müxalifət mitinq taktikasını  Avropada gerçəkləşdirmək qərarına gəlib. Müsavat Partiyası "siyasi məhbusların azadlığa buraxılması” tələbini ölkə hüdudlarından kənardan səsləndirib. Qeyd edək ki, aksiyanın təşkilatçısı Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) olub. Ancaq bu mitinq ölkə ictimaiyyətində və elə Avropada yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Məlumdur ki, qarşıdan seçki ili gəlir. Ancaq bu mitinqlərin seçkiyə hesablandığını və ya daxili proseslərə təsir etmək məqsədi daşıdığını demək doğru olmazdı. Açığı, heç bu mitinqin siyasi məhbusların azad olunmasına xidmət etdiyini də demək absurd olardı. Bu aksiyalar ənənəvi müxalifətin, daha doğrusu, Müsavat Partiyasının "siyasi mühacir” biznesinə rəvac verən faktordur.

Məlumdur ki, bu gün Avropa ölkələrində siyasi mühacir adı altında yaşayan azərbaycanlıların əksəriyyəti ya "Yurd”, ya da Müsavat Partiyasının xətti ilə gedir. Mühacir həyatı yaşamaq istəyənlərin nə qədər xərc çəkdiyinə, hansı proseslərdən keçdiyinə toxunmaq istəmirik. Bu haqda dəfələrlə yazılıb, sənədlər yayılıb və qiyməti də məlumdur. 3 min avro ver, siyasətdən xəbərin olmasa da, siyasi mühacir olacaqsan. Müsavat Partiyasının Avropa mitinqi bu tezisi bir daha gündəmə gətirdi. Gələn il ölkədə prezident seçkiləri keçirləcək. Müsavat Partiyası da öz namizədi ilə seçkiyə gedəcək. Normalda mitinqlər ölkə daxilində keçirilməli və narazı elektorat mitinqdə iştirak edib, öz qərarını verməlidir. Belə görünür ki, Müsavat hakimiyyətə Avropadan gəlmək istəyir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Müsavat AKM-nin keçirdiyi aksiyanın məqsədi tamamilə fərqlidir. Müsavat zamanında müəyyən məbləğ qarşısında Avropaya siyasi mühacir adı altında göndərdiyi şəxsləri "mühafizə” etməyə çalışır. Xatırladaq ki, bir müddət öncə Almaniyada siyasi mühacirlərin yenidən yoxlanılması haqqında qərar çıxdı. Həmin zamanda məhz ənənəvi müxalifətin xətti ilə mühacirətə gedənlərin kürkünə  birə düşmüşdü. Xüsusilə, sosial şəbəkələrdə bununla bağlı xeyli şərhlər, iztehzalı müraciətlər yayılırdı. Müsavat Partiyası da məhz mühacirətə göndərdiyi "siyasiləri” qorumaq üçün bu cür aksiya təşkil edib. Məqsəd isə birdir, şəkil çəkdirmək və Avropanı həmin şəxslərin həqiqətən siyasətçi olduğuna inandırmaq.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu mitinqdə iştirak edənlər özünün siyasi mühacir olduğunu təsdiqləməyə çalışanlardır: 

"Arif Hacılının başqanlığa gəlməsi ilə bu partiyada parçalanmalar geniş vüsət aldı. Demək olar ki, Müsavat  bununla öz elektoratını və dəstəyini itirmiş oldu. Partiya ətrafında müəyyən sayda ziyalı kəsimi də partiya sıralarını tərk etdi. Hazırda partiya özünün durğunluq dövrünü yaşayır. Partiya rəhbərliyində istefalar Arif Hacılının apardığı xəttə qarşı yönəlib. Müsavatın mitinq keçirə bilməməsinin əsas səbəbi yerli elektoratın narazılığı və xalqın  dəstəyini itirməsidir. Partiya öz mövcudluğunu Almaniya da daxil olmaqla Avropada siyasi mühacirlərin keçirdiyi  kiçik piketlərlə saxlamağa çalışır. Hesab edirəm ki, bu piketlər Almaniyada siyasi muhacirlərin legitimliyinə hesablanıb. Çünki, son günlərdə partiya funksionerləri Musavat rəhbərliyini siyasi muhacir və bilet alverində ittiham etməsi, partiyada ciddi narazılıqların hökm sürdüyünü göstərir. Qeyd edim ki, Almaniya və Avropada keçirilən bu mitinqlər Müsavatın verdiyi biletlərin təminat almağına hesablanıb və heç bir siyasi mahiyyəti  yoxdur. Bu mitinqlərlə özlərinin Almaniyada siyasi muhacir olduqlarını təsdiq etməyə çalışırlar”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları