Yuxarı

SSRİ-nin bərpası mümkün olmayacaq

SSRİ-nin bərpası mümkün olmayacaq

Qabil Hüseynli: "Sovet cəmiyyətini qurmağın yolları haqqında elmi təsəvvürlər yox dərəcəsindədir”

SSRI-nin dağılmasından 26 il ötür. 1991-ci il dekabrın 21-də Rusiya Federasiyası SSR, Belarusiya SSR və Ukrayna SSR arasında Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Belovejski müqaviləsinin imzalanması ilə SSRİ-nin dağılmasının əsası baş verdi. Sonradan bu sazişə Qazaxıstan da qoşulub. Dekabr ayının 25-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da isə SSRİ-nin bayrağı Kreml üzərindən endirildi və Sovet İttifaqı 69 ildən sonra dağıldı. Xatırladaq ki, Azərbaycan artıq 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul etməklə SSRİ-nin tərkibindən çıxdığını bəyan etmişdi. 

Sovet İttifaqına daxil olan 15 respublika 26 ildir müstəqil dövlət kimi beynəlxalq hüququn subyektinə çevrilib. Lakin hələ də "SSRİ-nin dağılmasının əsl səbəbləri nə idi”, "SSRİ-nin mövcudluğunu saxlamaq mümkün idimi” suallarına cavab axtarılır. Aparılan sorğular göstərir ki, Sovet dövrünün yetirməsi olan yaşlı və müəyyən qədər də ortayaşlı nəslin nümayəndələri SSRİ-nin saxlanılmasının tərəfdarı kimi çıxış edir. Hətta keçmiş Sovet vətəndaşları arasında yaşlı nəslin bəzi nümayəndələri SSRİ-nin bərpa olunacağına ümid edir. Xüsusilə də Rusiya prezidenti Vladimir Putinin post-sovet məkanında işğalçılıq siyasəti bir sıra insanlarda SSRİ-nin bərpa olunacağı haqda təsəvvürlərin artmasına səbəb olub. Halbuki, ekspertlər bunu mümkünsüz hesab edir. Mütəxəssislərin fikrincə, SSRİ-nin mövcudluğu marksizm-leninizm ideologiyasına əsaslanırdı. Həmin ideologiyanın iflası SSRİ-nin yenidən qurulmasını qeyri-mümkün edir. İkincisi, sovet imperiyasının iqtisadi sistemi düzgün təşkil olunmadığından çöküşü qaçılmaz idi. Ölkənin gəlirlərinin böyük əksəriyyəti silahlanmaya sərf olunur, əhalinin istehlak məhsulları ilə təminatında çətinliklər yaşanırdı. Nəhayət, 1988-ci ildən etibarən neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması SSRİ-nin parçalanmasında mühüm rol oynadı. SSRİ-nin süqutunu şərtləndirən əsas amillərdən biri isə ittifaqa daxil olan millətlər arasında milli və ərazi münaqişələrinin baş qaldırması olub. 1988-ci ildən etibarən ermənilərin Dağlıq Qarabağda başlatdığı separatçılıq hərəkatı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə nəticələndi. Eyni zamanda, Özbəkistanda, Gürcüstanda, Moldovada, Tacikistanla Özbəkistan arasında, Çeçenistanda milli və separat münaqişələrin alovlanması SSRİ-nin dağılmasına rəvac verdi. 

"Levada” sorğu mərkəzinin 1600 nəfər arasında apardığı sorğunun nəticələrinə görə, SSRİ-nin çöküşünə görə təəssüflənən rusiyalıların sayı 2009-cu ildə maksimum həddə çatıb və 58 faiz təşkil edib. Respondentlərin dörddə biri SSRİ-nin parçalanmasına təəssüflənmir, 16 faiz cavab verməyə çətinlik çəkdiyini bildirib. Sovet İttifaqının dağılmasına təəssüflənənlərin 54 faizi "vahid iqtisadi sistemin iflasından”, üçdə biri "adamların böyük dövlətə məxsusluq hissini itirməsindən”, elə o qədəri də "qarşılıqlı inamsızlıq, mərhəmətsizliyin artmasından” məyusluğunu dilə gətirib. Respondentlərin 25 faizi "hər yerin öz evi olması hissinin” yoxa çıxmasına təəssüfləndiyini deyib. 

Rəyi soruşulanların yarısının fikrincə, Sovet İttifaqının dağılmasını önləmək olardı. 29 faiz isə bu prosesin qaçılmaz olduğunu düşünür.

"Levada”nın ötən il keçirdiyi sorğu üzə çıxarmışdı ki, rusiyalıların yarıdan çoxu SSRİ-nin dağılmasından məyusluq keçirir. Ancaq respondentlərin yalnız 12 faizi Sovet İttifaqının əvvəlki formada bərpasını istəmişdi. "Reytinq” sorğu mərkəzinin 2016-cı ildə Ukraynada keçirdiyi sorğunun nəticələrinə görə respondentlərin 35 faizi SSRİ-nin süqutundan təəssüfləndiyini bildirib. Bu göstərici 2013-cü illə müqayisədə 4 faiz çoxdur. Rusiyanın SSRİ-ni Novorossiya adı ilə bərpa edəcəyinə dair apardığı təbliğatı siyasi analitiklər sosial şezofraniya adlandırır. Bununla yanaşı, SSRİ-nin geri qayıdacağı barədə nostalji hisslərə qapılanlar hələ də var. Məsələn, sorğular göstərir ki, Ukrayna prezidenti Petro Poroşenkonun seçicilərinin 21 faizi, Ukrayna Ali Radasının deputatı, sabiq müdafiə naziri Anatoli Qrisenkonun elektoratının isə 26 faizi SSRİ-nin bərpa olunacağına inanır. 

Keçmiş sovet respublikalarının əksəriyyətində Kommunist Partiyası hakim mövqeyini tamamilə itirib. Sovet dövründə formalaşmış kadrlar bir çox ölkələrdə rəhbər vəzifələrdə təmsil olunsa da Kommunist Partiyası Rusiya hakimiyyətində özünün siyasi dayaqlarını qoruyub saxlaya bilib. 1988-ci ildən başlayaraq, Azərbaycanda kommunist rejiminə qarşı başlanan milli-azadlıq hərəkatı adıçəkilən partiyanın dağılması və bir neçə hissəyə bölünməsi ilə nəticələndi. SSRİ-nin qalıqlarının da yaxın vaxtlarda tamamilə aradan qalxaraq tarixin arxivinə göndəriləcəyi gözlənilir. Bu ilk növbədə, post-sovet ölkələrinin Qərbə inteqrasiyası ilə bağlıdır. Eyni zamanda, bazar iqtisadiyyatının inkişafı, yeni nəslin kommunizm ideologiyası haqqında məlumata malik olmaması, yaşlı nəslin dünyasını dəyişməsi SSRİ-nin tərəfdarlarının sürətlə azalmasını şərtləndirən amillərdir. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, sosializm quruluşunun təcrübədən uğurla çıxa bilməməsi SSRi-nin süqutuna gətirib çıxartdı. Ancaq SSRİ-nin dağılması prosesi obyektiv amillərlə yanaşı, subyektiv səbəblərlə də bağlıdır: "Çoxları SSRİ-nin çöküşünü Mixail Qorbaçovun adı ilə bağlayır. Onun islahatlar apara bilməməsi, hətta Qərb dövlətləri qarşısında müəyyən siyasi öhdəliklər götürməsi kimi iddialar irəli sürürlər. Bildirirlər ki, Qorbaçov yenidənqurma və aşkarlıq adı altında SSRİ-ni dağıtdı. Bu deyilənlər inanılmaz görünür, amma SSRİ-ni bir dövlət kimi saxlamaq da olardı. Çində də sosialist üsul-idarəsinin mövcud olduğunu nəzərə alsaq, bu ölkə siyasi süquta uğramadı. Çin Kommunist Partiyası cəmiyyətin əsas aparıcı qüvvəsi olaraq qalır. Amma Çİn əhalinin maddi güzəranının yaxşılaşdırılması sahəsində uğurlu islahatlar həyata keçirtdi. Nəticədə, Çində xüsusi mülkiyyətlə dövlət mülkiyyəti birləşərək sözün əsl mənasında iqtisadi möcüzələr yaratdı. Amma təbii ehtiyatlar baxımından daha zəngin olan SSRİ-də bu qarışıq modeli tətbiq etməyi bacarmadılar. Zənnimcə, SSRİ-də islahatlar həyata keçirənlərin proseslərə köhnə təfəkkürlə yanaşması, bunun ardınca isə vəziyyətin düzəldilməsi zamanı yanlış üsullardan və proqramlardan istifadə edilməsi oldu. Amma SSRİ-nin çöküşündə ən böyük yeri militaristləşmə siyasəti tuturdu. Ölkənin gəlirlərinin 60 faizi sürətlə silahlanmaya sərf olunurdu ki, bu da ölkənin çöküşü ilə nəticələndi. Sovet İttifaqı Dövlət Təhlükəsizlik Komitəsi sonradan ölkəni qoruyub saxlamaq üçün millətlərarası münaqişə ssenarisini hazırladı. Bu isə əks-effekt verdi və SSRİ-nin dağılmasını daha da sürətləndirdi”.

Politoloq bildirdi ki, SSRİ-nin iflasının əsas səbəbi ictimai quruluşun xarakteri ilə bağlıdır. Bu məsələyə istehsal münasibətlərinin təkmilləşdirilə bilməməsi, düzgün iqtisadi və siyasi islahatların həyata keçirilməməsi, eləcə də Qorbaçov və Yeltsinin siyasi mövqeyi təsir göstərib. Qərbin rolu isə bu prosesdə sonuncu yeri tutur. Qabil Hüseynli deyir ki, Azərbaycan vətəndaşları hazırda SSRİ- dövründən daha yaxşı həyat tərzi keçirirlər. Lakin ekspert SSRİ-nin bərpasını qeyri-mümkün hesab edir: "Başqa ictimai quruluş bərqərar olub, xüsusi mülkiyyət qələbə çalıb, SSRİ-nin iqtisadi əsasları kökündən dağıdılıb, sosializm və kommunizm haqqında elmi-nəzəri təsəvvürlər az bir qisim adam tərəfindən mühafizə edilir. Bütövlükdə, sovet cəmiyyətini qurmağın yolları haqqında elmi təsəvvürlər yox dərəcəsindədir. Ona görə də sovet dövrünü keçmişə qapatmaq olar”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları