Yuxarı

Ermənilərin aprel etirafı

Ermənilərin aprel etirafı

Ermənistan ordusunun ehtiyatda olan generalı, "Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan keçən ilin aprel ayında ölkəsi və Azərbaycan arasında baş vermiş döyüşlərdən danışıb.

"Cümhuriyət” qəzeti erməni KİV-lərinə istinadən xəbər verir ki, general döyüşlərdə Ermənistanın Azərbaycan ordusu qarşısındakı ağır məğlubiyyətini etiraf edib: "O mövqelər çox ciddi mövqelər idi. Çox təəssüf ki, onları itirmişik. Azərbaycan ordusu həmin strateji əhəmiyyətli bölgələrə nəzarəti geri qaytardı və Azərbaycanın qarşısını ala bilmədik”. Ermənistanın Şirak Dövlət Universitetinin qonağı olan general-mayor Arkadi Ter-Tadevosyan aprel döyüşlərində ordumuzun düşmən işğalından azad etdiyi mövqelərin strateji və ciddi mövqelər olduğunu qəbul edib: "Bu məqamda mövqeləri geri qaytarmaq lazım deyil. O, mövqelər çox ciddi mövqelər idi. Çox təəssüf ki, onları itirmişik. Lakin mövqeləri qaytarmaq istəsək, böyük itkilərimiz olacaq. Hazırda yeni mövqelər yaratmalıyıq və yaradırıq”.

Aprel döyüşləri

2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşdə strateji əhəmiyyətli mövqelər - postlar azad edildi. Həmin dönəmdə - döyüşlərin ən qaynar vaxtında Ermənistan prezidenti Serj Sarkisyan açıqlama verərək bildirdi ki, Dağlıq Qarabağla bağlı kompromisə hazırdırlar. Lakin Sarkisyanın bu  bəyanatı inandırıcı gəlmirdi və əsəbləri tarım çəkilmiş Azərbaycan ordusu dayanmadı. Düşmənin təxribatına qarşı əks-hücuma keçmiş Azərbaycan Silahlı Qüvvələri işğal altında olan bir sıra ərazilərimizi geri qaytarmaqla yanaşı, düşmənin canlı qüvvəsi və hərbi texnikasına ağır zərbələr vurdu. Lakin proseslərə müdaxilə edən Rusiya döyüşləri dayandırmağa müvəffəq oldu. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya zəng edərək yaranmış vəziyyətdən narahatlığını dilə gətirdi. Ən az Şoyqunun zəngi ilə əlaqədar ortaya atılmış informasiya bundan ibarət idi ki, Rusiya narahatdır. Lakin qeyri-rəsmi mənbələr həmin vaxt Azərbaycanın Rusiya tərəfindən hədələndiyini iddia edirdilər. Amma vəziyyətin formasından asılı olmayaraq, Azərbaycan döyüşləri dayandırdı və geri qaytardığı postlarda qaldı. Yəni, düşmənin nəzarətinə vermədi.

Masaya qayıdış

Nəhayət, bura qədər diplomatik masadan qaçan Ermənistan yenidən dialoq mühitinə qayıtmaq məcburiyyətində qaldı. Hesab etmək olardı ki, aprel döyüşlərində gözlənilməz məğlubiyyətlə üzləşən işğalçı tərəf Rusiyanın təzyiqləri altında masada əyləşdi. Həmin vaxt Ermənistanın özünün də danışıqların bərpa edilməsinə ehtiyacı vardı. Çünki Azərvbaycan ordusu birbaşa Dağlıq Qarabağı - Xankəndini vura biləcək postları geri qaytarıb burada möhkəmlənmişdi. Üstəgəl, ordumuz sürətlə işğal edilmiş ərazilərə doğru irəliləyirdi. Həmin vaxt Ağdam, Cəbrayıl və Zəngilan rayonlarının da azad edildiyinə  dair  məlumatlar yayılırdı. Lakin bu, öz rəsmi təsdiqini tapmasa da o fakt məlum oldu ki, düşmən tərəfin işğal etdiyi Azərbaycan ərazilərindəki hərbi mövqeləri olduqca zəifdir və çox qısa zamanda məhv edilə bilər. Qısa döyüşlərdə ermənilərin saysız itkiləri də işğalçını qorxuya saldı. Buna görə də Rusiyanın təzyiqləri olmasaydı belə, Ermənistan döyüşləri dayandıran bütün təkliflərə razı olacaqdı. Belə də oldu və tərəflər yenidən masaya qayıtdılar. Amma gözlənilən baş vermədi. Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan masa ətrafında özlərinə yer edər-etməz "kompromis” ifadəsini unutdular.

Ermənilərin Lələtəpəyə qayıtmaq istəyi

Beləliklə, danışıqların növbəti raundu başladı. Qarşı tərəf bu dəfə masaya Dağlıq Qarabağın statusunun müəyyən edilməsi (referendum), ətraf rayonların qaytarılması və "Laçın dəhlizi” məsələlərini yox, tərəflərin aprel döyüşlərindən əvvəlki mövqelərə qayıtması tələbini atdı. İstər Nalbandyan, istərsə də Sarkisyanın mövqeyi bu oldu ki, əgər Azərbaycan danışıqların müsbət məcrada getməsini istəyirsə, azad etdiyi Lələtəpə postunu Ermənistanın nəzarətinə qaytarsın, bundan sonra konkret məsələlər üzərində müzakirələrə başlamaq olar. Beləliklə, artıq 2 ilə yaxındır ki, Ermənistan danışıqlar prosesində və bundan kənarda tərəflərin aprel döyüşlərindən əvvəlki mövqelərə qaytarılmasından danışır. Serj Sarkisyan da son çıxışlarından birində bunu açıq formada dilə gətirdi. Hətta, Azərbaycan prezidenti İlham Əliyevlə Cenevrədə iştirak etdiyi görüşdən sonra da açıq şəkildə dedi ki, münaqişənin Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması formasından həll variantı mümkün deyil. Yəni, Ermənistanın münaqişənin həll prosesində tutduğu rəsmi və konkret mövqeyi bəllidir: rəsmi İrəvan Dağlıq Qarabağı Azərbaycana vermək niyyətində deyil. Bu, heç İrəvanda da müzakirə mövzusu deyil, Azərbaycan ictimaiyyəti və rəsmi dairələri də buna inanmırlar. Başqa sözlə, Azərbaycan aprel döyüşləri vaxtı əldə edilmiş uğurların diplomatik masaya işğalçı tərəfə təzyiq vasitəsi kimi daşınması imkanlarını əldən verdi. Burada Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı, Rusiyanın Azərbaycanı təhdid etməsi faktoru da rol oynayır.

"Stop lövhəsi”

Rusiyaya gəlincə, rəsmi Moskvanın prosesdə tutacağı mövqenin həlledici olduğu heç kəsə sirr deyil. Elə nəzəri olaraq münaqişə tərəfi kimi görünən Ermənistanda da nə vaxtsa işğal edilmiş ərazilərin Rusiya tərəfindən Azərbaycana qaytarılacağı qorxusu var. Ermənistan KİV-ləri və siyasi dairələrinin tez-tez gündəmə gətirdikləri məsələ də bununla bağlıdır. İrəvan qorxur ki, Bakı Moskva ilə hansısa formada dil tapıb əraziləri geri qaytaracaq. Buna görə də Rusiyaya qarşı bir sıra gedişlər edirlər. Gah Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalayırlar, gah da NATO-nun təlim proqramlarında iştirak edib, xarici ölkələrin Ermənistandakı səfirləri və Qərbdən olan diplomatlarla təmasları sıxlaşdırırlar. Buna görə də yaxın günlərdə Ermənistan rus telekanallarından birində "gəzəyən qız”a, öz "ərinə” - "Rusiyaya xəyanət edən qadın”a oxşadıldı. Beləliklə, Rusiya münaqişədə həlledici faktordur və bu ölkənin prosesin hansı tərəfində yer aldığı aprel döyüşləri vaxtı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra da bir daha təsdiqləndi. Əgər Rusiya aprel döyüşlərində qarşıdurmanı dayandıran "stop lövhəsi” idisə, Ərdoğan - Putin görüşündən sonra Rusiya münaqişəni istənilən vaxt həll edə biləcək "açar” kimi ortaya çıxdı. Əlbəttə, istər aprel döyüşlərində, istərsə də digər vaxtlarda dəfələrlə sübut olunub ki, təkbətək qarşıdurma vəziyyətində Azərbaycan Ermənistan üçün dişə çəkilməyəsi rəqibdir, yəni düşməndən qat-qat güclüyük. Tadevosyan da son açıqlamasında bunu açıq şəkildə dilə gətirdi. Rusiya isə münaqişəni öz maraqları müstəvisində həll etmək istəyir, buna görə də müharibə variantı Moskvanın seçimi deyil və hər vasitəyə əl ataraq, Azərbaycanı müharibə fikrindən daşındırmağa çalışır: istər siyasi, istər təhdidedici bəyanatlar, istərsə də əlində olan digər təzyiq rıçaqları ilə...

"Qarabağın işğalı planı Parisdə hazırlanıb”

2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlamış tərcüməçi-yazar Nadir Qocabəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Qarabağ probleminin həll edilməməsi Ermənistanın mövqeyindən, Rusiya amilindən və digər amillərdən asılıdır: "Unutmayaq ki, Qarabağ münaqişəsinin fitili Parisdə çəkilib. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi fikrini ilk dəfə 1987-ci ildə Fransa paytaxtında keçirilən ümummilli erməni konqresində Qorbaçovun milliyyətcə erməni olan müşaviri Abel Aqambekyan səsləndirib. Qarabağ problemində maraqlı olan qüvvə təkcə Ermənistan hakimiyyəti deyil. Erməni diasporunun ABŞ-da, Fransada, Rusiyada çox güclü olduğunu nəzərə alsaq, problem qlobal xarakter daşıyır. 

Münaqişə aradan keçən 30 ildə çox dərinləşib, çoxlu qan axıb, Azərbaycan dövləti nəinki Dağlıq Qarabağı, onun ətrafındakı 7 rayonu da faktiki olaraq itirib. Erməni faşistləri istəklərinə nail olublar, qalıb təkcə bunun rəsmiləşdirilməsi. Bu istiqamətdə də işləyir, vaxtı uzadır, işğal etdikləri torpaqlarda möhkəmlənirlər. Rusiya və Qərb də, təbii olaraq, problemə öz maraqları prizmasından  yanaşırlar. Münaqişə Rusiyanın cənub sərhədlərinə yaxın olduğu Moskva bu problemin həllində maraqlı olmalıdır. Ancaq görünür, güclü erməni diasporunun təsiri Rusiyaya problemə ədalətli yanaşmaqda mane olur. Ədalətsiz yanaşma isə istər-istəməz Azərbaycanı qane etmir”. 

N.Qocabəyli qeyd edib ki, ədalətli və ya ədalətsiz yanaşmaya tərəflərin baxışı da fərqlidir: "Mənim bildiyimə görə, ermənilər iddia edirlər ki, Qarabağ erməni torpağıdır, orada hər zaman ermənilər yaşayıb, oradakı ermənilər Ermənistanla birlikdə olmaq istəyirlər. Odur ki, Azərbaycan bununla razılaşmalı, hətta bunun üçün Dağlıq Qarabağla Ermənistan arasındakı torpaqlardan da imtina edib, ermənilərin birlikdə olmasına şərait yaratmalıdır. Biz də bunun müqabilində işğal etdiyimiz digər rayonları qaytarırıq. Azərbaycan təbii ki, bununla razılaşmır, əvəzində Dağlıq Qarabağ ermənilərinə Azərbaycan daxilində ən yüksək müxtariyyət təklif edir, Ermənistanla mədəni-iqtisadi, kommunikativ münasibətlər vəd edir. Onlar da bunu qəbul etmir və beləcə, münaqişə acı bağırsaq kimi uzanır. Hətta aparılan danışıqlarda ola bilsin ki, müəyyən xırda formal, aldadıcı detallar nəzərə alınmaqla prinsipial razılıq əldə olunur, sadəcə, mexanizm tapılmır. Bu baxımdan  tərəflər bu mövqelərini dəyişmədikcə problemin həlli uzaq perspektivdə də görünmür”.

"Bu variant istisnadır” 

Tərcüməçi-yazar bildirib ki, ermənilərin işğalçı olduğu, hiyləgər və cığal mövqe tutmaları şəksizdir: "Ancaq bizim də doğru olmadığımız məqamlar var. Məsələn, bir tərəfdən deyirik ki, Dağlıq Qarabağa ən yüksək status veririk, ermənilər də bizim bərabər hüquqlu vətəndaşlarımızdır, amma digər tərəfdən ölkədə total anti-erməni təbliğatı aparılır. Xalqlar bir-birinə qatı, qəddar düşmənlər kimi baxırlar. Belə olduğu halda istər-istəməz sual yaranır: erməni necə bizim bərabərhüquqlu vətəndaşımız olacaq? Axı hazırda erməni ilə azərbaycanlının bir yerdə, bir ölkədə, bir dövlətdə yanaşı yaşaması nə dərəcədə realdır? Bax bu suallar ermənilərin əlində super bəhanədir? Bu durumu qısa zamanda dəyişmək də çətindir, çünki çox qan axıb. Nə qədər desək də ki, bütün ermənilər günahkar deyil, onlar da bütün azərbaycanlılar günahkar deyil desələr də, yaraların sağalması uzun sürəcək. Həm də heç sağalma prosesi başlamayıb axı. 

Hərb variantı, mənim fikrimcə, hazırkı durumda birmənalı istisnadır. Biz ordumuzu, müdafiə qabiliyyətimizi sözsüz gücləndirməliyik. Ancaq yalnız "olum-ölüm” dilemması qarşısında qaldıqda, yaxud əlverişli vəziyyət yaranarsa, bu yola əl atmalıyıq. Əks təqdirdə, fəlakətin miqyası, Allah göstərməsin, çox böyük olar. Mənim həll variantı ilə bağlı mövqeyim belədir: biz ədalətli çözüm olaraq, itkilərin əvəz-əvəz olunmasını təklif və təbliğ etməliyik. Yəni Dağlıq Qarabağın, Şuşa və azərbaycanlıların yaşadıqları digər məntəqələr xaric kiçik bir dəhliz vasitəsilə Ermənistana birləşdirilməsinə razılaşmaq olar. Əvəzində ermənilər də güzəştə gedilən ərazi bərabərində Mehri, Zəngəzur torpaqlarını bizə verməli, Naxşıvanın Azərbaycana birləşməsinə şərait yaratmalıdırlar. Eyni zamanda, Dağlıq Qarabağ ərazisindən də Şuşaya giriş üçün bizə dəhliz verməlidir. Mən ümumi ifadə etdim, amma bu məsələni mütəxəssilər detallı işləyə bilərlər. Əgər belə bir plan olsa, problem birdəfəlik ədalətli həllini tapar. Onsuz da sovet dövründə DQMV-də, Şuşa və ətraf qəsəbələri istisna olunmaqla ermənilər yaşayıblar.  Zəngəzurda da azərbaycanlılar yaşayıb və yenidən qayıdıb yaşayarlar. Sərhədlərimizi möhkəmlədər, lazım gəlsə, hündür hasarlar çəkib ermənilərin üzünü bir daha görmərik”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları