Yuxarı

Xəzərin status dalanı

Xəzərin status dalanı

"Xəzər dənizinin bölgü prinsipi razılaşdırılıb".

Bu açıqlamanı Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Kommersant"a müsahibəsində deyib. "Bəli. Lakin indi detallara varmaq istəməzdim",- deyə Rusiya XİN başçısının müavini "Xəzərin bölgü prinsipi razılaşdırılıbmı” sualına cavabında bildirib. Diplomat 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanıb-imzalanmayacağına dair suala da konkret cavab verməyib. 

"Qəti olaraq "hə” deməyəcəyəm. Qazaxıstanda sayca 5-ci Xəzəryanı ölkələrin sammitinin keçirilməsi planlaşdırılır. Görüşün gündəliyinin olduqca dolğun olacağını proqnozlaşdırıram. Lakin yüksək səviyyədə görüşün vaxtı yaxınlaşdıqca, əlavə razılaşdırmaya ehtiyacı ola biləcək müəyyən nüanslar ortaya çıxa bilər. Ona görə də, XİN rəhbərlərinin və ya işçi qruplarının hazırlıq görüşləri keçirəcəyini istisna etmək olmaz”, - deyə Karasin qeyd edib.

Xatırladaq ki, SSRİ-nin dağılmasından sonra İran və Türkmənistan Xəzər dənizinin 1938-ci ildə müyyən edilmiş bölgü prinsipini tanımaqdan imtina edib. İran Xəzər dənizinin 5 sahilyanı dövlət arasında bərabər zonalara bölünməsini təklif etməklə Azərbaycana ərazi iddiası irəli sürür. Hətta 2001-ci ildə İran hərbi gəmiləri Xəzər dənizinin cənubunda Azərbaycana məxsus "Araz-Alov-Şərq” neft yataqları kompleksini ələ keçirmişdi. İran hələ də həmin yataqlara iddiasından geri çəkilmək istəmir. Eləcə də rəsmi Aşqabad Azərbaycan geoloqları tərəfindən 1988-ci ildə kəşf edilmiş "Kəpəz” neft yatağının Türkmənistana məxsus olduğunu bildirir. Yəni Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi üçün İran Azərbaycana qarşı ərazi iddiasından geri çəkilməli, eyni zamanda rəsmi Bakı ilə Tehran və Aşqabad arasında mübahisəli yataqlarla bağlı razılıq əldə olunmalıdır. Qriqori Karasinin dediyi həqiqəti əks etdirirsə, o halda bu problemlərdən bəzilərinin həllini tapdığı qənaətiniə gəlmək olar. Ancaq burada hansı məsələdən söhbət getdiyi açıqlanmır.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya diplomatının fikirləri təzadlı olduğuna görə, konkret rəy söyləmək çətindir. Lakin politoloq hesab edir ki, Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması üçün İran və Türkmənistan öz mövqeyində dəyişiklik etməli, həmçinin Moskva və Tehran Aşqabadı güzəştlərdən çəkindirən siyasi təzyiqlərə son qoymalıdır:

"Bir tərəfdən deyirlər ki, bütün məsələlər razılaşdırılıb. Sonra isə məlumat verdilər ki, Azərbaycan İran və Türkmənistanla sərhəd məsələlərini əlavə müzakirə etməlidir. Əslində Azərbaycanın əsas problemi İran və Türkmənistanladır. Onsuz da Azərbaycan Rusiya və Qazaxıstanla ikitərəfli müqavilələr imzalayaraq sərhədlərini müəyyənləşdirib. İranın Xəzər dənizinin beş bərabər hissəyə bölünməsi təklifindən geri çəkilmək istəməməsi status probleminin tezliklə həllini tapacağına dair konvensiyanın imzalanacağını deməyə çətinlik yaradır.

Qriqori Karasinin açıqlamasından belə qənaətə gəlmək olar ki, məsələnin detalları ilə bağlı fikir ayrılığı qalır. Ona görə də bir çox məsələlər açıq qalır. Əgər Azərbaycan İranla razılaşmaya nail olunsa bir çox mübahisəli məsələlər öz həllini tapacaq. Burada digər problem Türkmənistanda hasil olunan təbii qazı Xəzər dənizinin dibi ilə Avropa bazarına çıxaracaq "Transxəzər” qaz kəmərinin çəkilişi ilə bağlıdır. Rusiya və İran buna mane olmağa çalışır. Xəzərin statusuna dair razılıq əldə olunsa da, konvensiyanı elə formalaşdıracaqlar ki, Xəzərin dibi ilə boru xətti çəkilməsin. İranın mövqeyində ciddi bir dəyişikliyi əks etdirən rəsmi bir açıqlama yoxdur. Karasinin fikirlərində razılaşdırılmış məqamlarla bağlı dəqiq faktlar səslənsə idi, müsbət proqnozlar vermək olardı. Ama Karasinin müsahibəsi qeyri-müəyyənliyin davam etdiyini deməyə şərait yaradır ”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları