Yuxarı

İran üçün "əcəl zəngi”

İran üçün

ABŞ 2018-ci ildə İranı cəzalandıra bilər. Belə bir açıqlama ilə ABŞ-ın dövlət katibi Reks Tillerson çıxış edib.

2017-ci ilin nəticələrini təhlil edən ABŞ xarici siyasət idarəsinin rəhbəri qarşıdan gələn ildə İranın raket proqramının zərərsizləşdirilməsini əsas prioritetlərdən biri elan edib: 

"İranla keyfiyyətsiz nüvə sazişi daha bu ölkəyə dair siyasətimizin diqqət mərkəzində deyil. Biz bu gün İran təhlükəsinə kompleks yanaşırıq. Bu cür strategiya Yaxın Şərqdəki tərəfdaşlarımızla alyansların bərpasını nəzərdə tutur. Biz nüvə sazişinin çoxsaylı qüsurlarını düzəltmək yolu axtarmaqda müttəfiqlərimizlə və Konqreslə işi davam etdirəcəyik. Eyni zamanda həmfikirlərimizlə bərabər səy göstərəcəyik ki, İranın raket-nüvə sahəsində öhdəlikləri pozduğuna və bölgənin sabitsizləşdirilməsindəki fəaliyyətinə görə İranı cəzalandıraq”. 

Siyasi ekspertlər hesab edir ki, ABŞ tezliklə İranı Yaxın Şərqdən sıxışdırıb çıxartmaq üçün bir sıra strateji addımlar atacaq.  Qeyd edək ki, 2017-ci ildə İran Yaxın Şərqdə, xüsusilə də Suriya, İraq və Yəməndə hərbi və geosiyasi mövqelərini xeyli möhkəmlədə bilib. Bu isə ABŞ-ı, İsraili  və  İranla düşmən münasibətdə olan bir sıra  Ərəb dövlətlərini ciddi narahat edir. Ona görə də ekspertlər yaxın perspektivdə Səudiyyə Ərəbistanının dəstəklədiyi üçüncü qüvvələr vasitəsilə  Yəməndə və Suriyada  İrana qarşı hərbi əməliyyatlara başlayacağını istisna etmir. 

Siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ABŞ-ın İrana yönəlik bu aqressiv hərəkəti qəbul olunacaq bir siyasət deyil: "Çünki ABŞ bu siyasəti təkcə öz dövlət maraqları kontekstində qəbul etmir. Bütün dünyaya bəllidir ki, ABŞ İrana bu şəkildə aqressiv yanaşma tərzi ilə Yaxın Şərqdəki strateji müttəfiqi olan İsraili qorumaq  istəyir.  Unutmaq lazım deyil  ki, Donald Trampın ABŞ -a prezident seçilməsində yəhudi lobbisinin çox ciddi təsiri olub. Onu də nəzərə almaq lazımdır ki, Obama dönəmində 5+1,  yəni nüvə anlaşması var ki, bu məsələ aylarla ciddi müzakirələrdən sonra əldə olundu.

Bu gün bu müqaviləni çox asanlıqla gözardı edərək, İrana qarşı bu cür aqressiv davranış regionda çox böyük bir savaşa gətirib çıxara bilər.  ABŞ-la İran arasında müharibə  olmasa da, Səudiyyə Ərəbistanı ilə də İran arasında qarşıdurma yarana  bilər.  Hesab edirəm ki, bu təkcə İranı zəiflətmək məqsədi daşımır, həm də Yaxın Şərqdə iki müsəlman ölkəsi arasında böyük bir savaşın yaradılmasına, eləcə də müsəlman dünyasının parçalanması və zəiflədilməsinə xidmət edir. Fikrimcə, bütün İslam dünyası, İran, həm də Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və onun müttəfiqləri olan  Birləşmiş Ərəb Əmirlikləri, Misir kimi ölkələr də ABŞ-ın bu yöndəki oyunlarına getməməlidirlər. Əgər belə bir savaş başlayarsa, bu Yaxın Şərqin illərlə böyük bir yanğın obyektinə çevrilməsi üçün ciddi bir səbəb olacaq. Sonra bu savaşı dayandırmaq mümkün olmayacaq. Bu yöndə də uduzan yalnız və yalnız İslam toplumu olacaq”.

Ekspertin qənaətinə görə sözügedən məsələyə əngəl olmaq üçün bu gün İslam toplumunda ən qüdrətli ölkələrdən biri olan Türkiyə də öz ağırlığını qoymaq istəyir: 

"Doğrudur, bu məsələyə əngəl törətmək istəyən ABŞ və İsrail kimi ölkələr var. O cümlədən, ABŞ-ın Yaxın Şərqdəki mütəffiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr var ki, Türkiyənin İslam dünyasındakı liderliyinə qarşı çıxırlar. Amma hər bir halda 2018-ci ilin çox çətin və ağır olacağı qaçılmazdır. Bu mənada yeni bir savaşın çıxma məsələsini bəri-başdan proqnozlaşdırmaq çox çətindir. Hər halda İslam dünyası, eləcə də İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər kontektsində bir daha düşünsələr, daha doğru olar. Çünki ortada İslam dünyası ilə xristian dünyası arasında böyük qarşıdurma  yaratmaq cəhdi var. Belə bir dinlərarası savaş ortaya çıxarsa, düşünürəm ki, bu artıq III dünya müharibəsinin yaranmasına səbəb olacaq ki, buna da qətiyyən imkan vermək olmaz”.

Alçina Amilqızı







Həftənin ən çox oxunanları