Yuxarı

Əli Kərimlinin İran sevgisi

Əli Kərimlinin İran sevgisi

"Yurd” sədri Əli Kərimli bir neçə gündür İranda davam edən antihakimiyyət mitinqləri barədə geniş bir açıqlama yayıb. Kərimli açıqlamasında mitinqlərin sosial xarakterli olduğunu iddia edərək, baş verənləri İranın dini-siyasi, teokratik rejiminin adına yazmaqdan çəkinir və qeyd edir ki, etirazların siyasi sifəti yoxdur: "Heç şübhəsiz ki, insanların kütləvi şəkildə küçələrə çıxmasının əsas səbəbi sosial narazılıqdır”.

2014-cü ildə inqilabla devrilən Ukraynanın Viktor Yanukoviç hökumətinə məsləhət verən Əli Kərimli bu dəfə də "müdrikliyini” islam respublikasının antidemokratik rejimi üçün işə salıb. Təşkilat sədri hesab edir ki, İran rəhbərliyi xeyli sayda iranlının dəyişiklik arzuladığını nəzərə almalıdır. Açıqlamada diqqətçəkən məqam isə heç şübhəsiz ki, Əli Kərimlinin Güney Azərbaycanı İran ərazisi kimi adlandırmasıyla bağlıdır. Əlbəttə, Azərbaycan Respublikası da  beynəlxalq sənədlərdə bu tarixi Azərbaycan ərazilərini İranın suverenliyi daxilində qəbul edir. Lakin Milli Azadlıq Hərəkatının şinelindən çıxmış, AXC-də, AXCP-də olan birisi olaraq, Əli Kərimli belə etməliydimi? Elçibəy ideologiyası budurmu? Elçibəyin təşkilatına iddia etmək beləmi olur? 

Əli Kərimli hər addımda özünün AXCP-dən, Elçibəydən məfkurəcə nə qədər uzaq olduğunu gün işığına çıxarır. Daxilində millət sevgisi olsaydı, ən azı bunun üzərindən başqa formada keçmək və Güneyi İran ərazisi kimi qeyd etməmək də olardı, amma Əli Kərimli bununla bir daha hansı "dəyirmana” su tökdüyünü açıq şəkildə göstərir.

Əli Kərimlinin "böyük İran sevgisi”

Açıqlamanın başlanğıcından İranda baş verənləri ölkənin teokratik, molla rejiminin adına yazmamağa çalışan Əli Kərimli sonda Azərbaycana üz tutur və burada da vəziyyətin ağırlığından bəhs edərək, problemləri Azərbaycan hakimiyyətinin adına yazır. Az qala İranda baş verənlərdə də hakimiyyəti ittiham edəcəkdi. Bununla kifayətlənməyən Kərimli Nardaran təxribatında İranın teokratik rejiminin dini-siyasi əqidəsinin təbliğatçısı kimi çıxış etmiş ilahiyyatçı Tale Bağırzadənin şərlənərək həbs edildiyini yazmaqla özünün "həftəbecər” açıqlamasına əlavə "ədviyyat” "qatır”.

Əlbəttə, Əli Kərimli vurğulamasa da, İranda baş verən hadisələr birbaşa siyasi xarakterlidir. Açıq formada ifadə etsək, iranlılar ölkəni çətin vəziyyətə salmış rejimdən qurtulmaq istəyirlər. Şübhəsiz ki, etirazlarda dini liderlərin şəkillərinin yandırılması da buna dəlalət edirdi. İrandakı böhran İran rəhbərliyinin adınadır. Amma Əli Kərimlinin yaratdığı təəssürat budur ki, İrandakı böhran öz-özlüyündən yaranıb və burada teokratik rejimin heç bir günahı yoxdur, Azərbaycanda isə sosial-iqtisadi çətinlikləri Azərbaycan hakimiyyəti yaradıb. Əlbəttə, bu nöqtədə Əli Kərimlinin Azərbaycan hakimiyyətinə qarşı tutduğu mövqenin imitasiya xarakterli olduğuna, İrandakı teokratik rejimi ittiham etməkdən qaçmasının isə şəxsi maraqlara xidmət etdiyinə  şübhə yoxdur. Hər iki məsələyə münasibətdə "Yurd” sədrinin şəxsi maraqları var. Azərbaycandakı böhranı iqtidarın adına çıxan Əli Kərimli burada hakimiyyət daxilindən dəstək aldığı məlum qrupun maraqlarını ifadə edirsə, İrandakı hadisələrə siyasi don geyindirməkdən çəkinməklə maliyyə müqabilində dini-siyasi dairələrə öz sədaqətini göstərir. 

"Demokratik teokratik molla rejimi”

Məqalədə Tale Bağırzadənin həbsini gündəmə gətirməsi və İran rejiminin Azərbaycandakı dini ideologiyasının daşıyıcılarına xüsusi vurğu ilə xitab etməsi də, Əli Kərimlinin Tehrandakı dini  rejimə hansı dərəcədə bağlı olduğunu göstərir. Artıq Əli Kərimlinin idarə etdiyi Milli Şuranın uzun zamandır İrandakı bir sıra dini-siyasi qrupların nəzarəti və maliyyə yardımı altında fəaliyyət göstərdiyi heç kəsə sirr deyil. Şuranın keçirdiyi mitinqlərin əsas elektoratını İrana bağlı dini radikalların təşkil etdiyi də göz qabağındadır. 

Nardaran hadisələri zamanı həbs edilmiş İrana meyilli təxribatçıların müdafiəsini təşkil edəndə də Əli Kərimli bunun müqabilində İranın Azərbaycandakı səfirliyindən həmin şəxslərin ailələrinə pul alıb mənimsəmişdi. Beləliklə, şəxsi qazancları Əli Kərimlidə İranın molla rejiminə o qədər "böyük sevgi” yaradıb ki, bu ölkənin teokratik rejimini "demokrat” adlandırmaqdan qaçmır və qeyd edir ki, "İran daha da demokratikləşməlidir”.

Əlbəttə, Əli Kərimlinin "demokrat” adlandırdığı teokratik rejimin öz siyasi opponentlərinə qarşı hansı cəzaları kəsdiyini dünyada hamı bilir. Məhkəməsiz edamlar, qeyri-fars millətlərinin sıxışdırılması, Azərbaycan türklərinə qarşı respressiyalar - bunların hamısı həmin rejimin ayağına yazılıb və bunlara görə İran beynəlxalq sanksiyalar altındadır. Əli Kərimli üçün isə pul və şəxsi mənfəət ön planda olduğu üçün ona pul uzadan hər əli öpməyə hazır vəziyyətdədir.

Mənsur





Həftənin ən çox oxunanları