Yuxarı

"AXCP seçkiyə bir neçə partiya ilə birgə gedəcək”

"Prezident seçkilərinə 9 aydan az qalmasına baxmayaraq ölkədə siyasi müxalifətin aktivliyi son dərəcə aşağıdır. Proseslərin bu istiqamətdə davam etməsi təbii ki, iqtidarın lehinə işləyir”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə deyib. 

M.Əsədullazadə bildirib ki, iqtidar ölkədə seçki ab-havanın yaşanmamasına və siyasi aktivliyin olmamasına çalışır: "Təəssüf ki, illərdir siyasətdə olan ənənəvi müxalifətin seçkiqabağı taktikası və siyasətdəki uğursuzluğu nəticəsində seçki marafonu nəticəsiz qalır. Haqlı olaraq xalqımız da passiv siyasi proseslərə biganə qalıb və ənənəvi müxalifətin seçkiyə bir-iki gün qalmış adlarına layiq ənənəvi şousuna etinasız yanaşır. Qeyd edim ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev ötən ildən prezident seçkilərinə çox ciddi hazırlaşır və xalqın siyasi proseslərdə aktiv olması istiqamətində fəal siyasət aparır. Partiya sədri dəfələrlələ siyasi müxalifətin bir araya gəlməsi və vahid namizəd məsələsində konsensusa nail olmaq üçün təkliflərlə çıxış edib. Seçkiqabağı xalqın dəstəyini almaq üçün müxalifətin yeni birliyə ehtiyacının olduğu danılmaz faktdır. Bu gün şəxsi siyasi ambisiyaları kənara qoyub, ölkədə siyasi müxalifətin birləşməsi və seçkidə uğur qazanılması üçün ideal şansdır. Yoxsa pərakəndə siyasət iqtidarın yenidən hakimiyyətdə qalmasına xidmət edəcək”. 

AXCP yetkilisi qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiyə bir neçə partiya ilə birgə gedəcək: "Partiya sədri Razi Nurullayevlə bir neçə partiya sədri görüşüb və AXCP ilə birgə seçkiyə qatılmaq istəklərini ifadə ediblər. Bu barədə mətbuata yaxın zamanda məlumat veriləcək. AXCP-nin birlik təşəbbüsünə artıq, siyasi müxalifətdən müsbət cavablar gəlir. Digər müxalifət partiyaların da AXCP-nin bu seçkiqabağı birlik formatına qoşulmaq üçün təklifləri var. Və bu təkliflərə yaxın zamanlarda da fikir bildiriləcək. Ölkədə AXCP siyasi müxalifətin birləşməsi və seçki mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir”. 

Vilayət Muxtar 





Həftənin ən çox oxunanları