Yuxarı

BMT Qarabağ vədi verdi

BMT Qarabağ vədi verdi

"Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”.

"Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Qutyerreş keçirdiyi brifinqdə deyib. BMT-nin 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib bildirib ki, əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir. Qutyerreş son olaraq vurğulayıb ki, hər kəs hər yerdə dünyanı daha təhlükəsiz etmək üçün bir şeylər edə bilər: "İnsan hüquqlarının müdafiəsi dövlətləri və cəmiyyətləri möhkəmləndirir, suverenliyi gücləndirir”.

BMT-nin vasitəçilik istəyi və həqiqətlər

BMT baş katibinin açıqlamasından gəlinən məntiq budur ki, digər problemlər kimi Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həlli də 2018-ci il üçün bu təşkilatın prioritetlərindən biri olacaq. Lakin bir sıra faktorlar var ki, bunlar BMT-nin münaqişənin həllində vasitəçilik missiyasının təsir gücünü azaldır. Nəzərə alsaq ki, həmin qurumum Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 məlum qətnaməsi 30 ilə yaxındır BMT, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində rəsmi qaydada işğalçı kimi tanınan Ermənistan tərəfindən yerinə yetirilmir, bu baxımdan da bu təşkilatın problemin həll prosesinə təkan verəcəyini ehtimal belə etmək mümkün deyil. Yəni, BMT-nin burada görə biləcəyi iş yoxdur. 

Heç nə Azərbaycan, nə də Ermənistanda BMT-nin prosesdə həlledici faktor olduğuna inanan yoxdur.  Əlbəttə, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının 2 daimi üzvü və Qarabağ probleminin nizamlanması ilə bağlı ATƏT-in nəzdnində qurulmuş Minsk qrupunun 2 həmsədr dövləti - ABŞ və Rusiyanın səylərindən asılıdır. Lakin digər regional münaqişələr kimi Dağlıq Qarabağ konfliktinə baxışda da biri-birinə qarşı zidd mövqedə dayanmış ABŞ və Rusiyanın bu fərqli baxışları da prosesin dalana dirənməsində əsas pay sahibidir.

ABŞ niyə geri çəkildi? 

Corc Buş hakimiyyətinin son illərində Ermənistan - Azərbaycan münaqişəsinə marağı azalan ABŞ-ın bu regional problemə dair siyasəti Barak Obama dönəmində istiqamətini dəyişdi. Obamanın seçdiyi yeni xəttə görə ABŞ əvvəlcə Ermənistan və Türkiyə arasındakı soyuq münasibətləri normallaşdıraraq, Türkiyənin də dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinə tərəflərin maraqlarını əks etdirən həll variantı tapacaqdı. Çünki böyük ölçüdə Rusiyadan asılı olan Ermənistanın digər yandan, İranla yaxınlaşmaq səyləri ABŞ-ın maraqlarına cavab vermirdi. Lakin Vaşinqtonun Ermənistan və Türkiyəni yaxınlaşdırmaq cəhdlərinə adekvat olaraq, Rusiya İrəvan üzərində təzyiqləri artırdı. Beləliklə, Barak Obamanın Qarabağla bağlı yeni siyasəti özünə müsbət cavab tapmadan başa çatdı. 

Yəni, Dağlıq Qarabağ münaqişəsini Türkiyə - Ermənistan münasibətlərini normallaşdırmaq yolu ilə həll etməyə çalışan ABŞ-ın bu cəhdləri nəticə vermədi. Bu da ABŞ-ın Ermənistan - Azərbaycan münaqişəsinə olan marağını hiss ediləcək səviyyədə azaltdı. Bu baxımdan, Qarabağ probleminin ABŞ-ın yeni Donald Tramp hökumətinin elan etdiyi xarici siyasət prioritetlərinə daxil edilməməsi də təsadüfi deyil. Amerikanın yaxın gələcək üçün xarici hədəflərlə bağlı yeni hərbi-siyasi doktrinasında Ermənistan - Azərbaycan münaqişəsi barədə bir qeyd də yoxdur. Hazırkı vəziyyətdə ABŞ Cənubi Qafqazın digər münaqişəsi, Rusiya - Gürcüstan konfliktinə də eyni münasibəti göstərir. Vaxtilə Gürcüstanda Rusiya əleyhinə baş vermiş inqilabla hakimiyyətə gələn yeni siyasi qüvvələr Amerikanın özünə qarşı çevrilib. Əlbəttə, ABŞ-ın istər Dağlıq Qarabağ, istərsə də Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllində passiv rolunu davam etdirməsi, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin daha da güclənməsinə zəmin yaradır. Rusiyanın bölgədə yeganə supergüc kimi çıxış etməsi, keçmiş SSRİ məkanında Moskvanın dominantlığı altında yeni siyasi ittifaqın qurulması ehtimalını artırır. Ən az indiki vəziyyətə görə görünən budur ki, ABŞ meydanı Rusiyaya verərək geri çəkilib.

Rusiya məsələni niyə həll etmək istəmir?

2008-ci ildən - Rusiya Gürcüstan ərazilərini işğal edəndən sonra Cənubi Qafqazdakı bütün münaqişələrin həll prosesi birmənalı olaraq Rusiyanın əlində cəmləşdi. Lakin Rusiya Qarabağ problemi ilə yanaşı, digər münaqişələrin də həllini istəmir. Əlbəttə, Moskvanın maraqları bəllidir. Ermənistan - Azərbaycan münaqişəsinin həlli Rusiyanın bu maraqları baxımından faydalı olmayacaq. Bunlar Rusiyanın geostrateji hədəfləri ilə bağlıdır. Rusiya hansı yolla olursa-olsun, Azərbaycanı Ermənistan kimi öz təsir dairəsində salmaq istəyir və Dağlıq Qarabağ üzərindən bu ölkəyə təzyiqlər edir. Eyni addımları Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstana qarşı atır. 

Ermənistana silah yardımlarının artırılmasının səbəbi də Azərbaycanı silahlanmağa məcbur etmək və münaqişəni gərginlikdə saxlamağa xidmət edir. Rusiyanın bu maraqlarını nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsinin süni şəkildə ortaya çıxmış konflikt olduğu aydın olur. SSRİ-nin dağılma prosesinə girməsiylə bu ittifaqa daxil olan ayrı-ayrı respublikalarda separatizmi qızışdıran Rusiya bundan istifadə edərək Azərbaycan kimi digər ölkələrə də davamlı təzyiq edən, öz nəzarətində saxlamağa çalışan və Qərbə inteqrasiya xəttini əngəlləyən siyasəti izləməyə başladı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərdən də bu ölkəyə qarşı istifadə etdi. Hazırkı situasiyada da Rusiya bu siyasətini davam etdirir, bu baxımdan, Moskvanın Dağlıq Qarabağ və digər münaqişələrlə bağlı bir "həll variantı” var: həlsizlik, yaxud münaqişəni uzatmaq...

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları