Yuxarı

20 YANVAR: AXC liderləri harada idi?

20 YANVAR: AXC liderləri harada idi?

Keçmiş SSRİ ordusu tərəfindən Bakıda törədilmiş 20 Yanvar qırğınından  28 il ötür.  20 Yanvar qırğınları Qarabağda erməni separatçılığına qarşı etiraza və müstəqilllik uğrunda mübarizəyə başlamış Azərbaycan xalqını cəzalandırmaq məqsədilə törədilmişdi. O dövrdə Xalq Hərəkatına Azərbaycan Xalq Cəbhəsi rəhbərlik edirdi.

Maraqlıdır, qanlı 19 və 20 yanvar günlərində AXC rəhbərliyinə daxil olan şəxslər harda idi?

AXC İdarə Heyətinin üzvü  Vurğun Əyyub Cebhe.info-ya açıqlamasında həmin gün cəbhənin qərargahında olduğunu deyib:

"Yanvarın 19-dan 20-ə keçən gecə Sabit Bağırov, Pənah Hüseyn və mən AXC-nin qərargahında olmuşuq. Sonra Sabit Bağırov camaatı geri çəkmək üçün Sabunçu dairəsinə, Pənah Hüseyn isə keçmiş  Salyan kazarması tərəfə getdi. Yanvarın 20-sində isə Mərkəzi Komitədə olmuşam”. 

AXC İdarə Heyətinin üzvü Hikmət Hacızadə isə 20 Yanvar haqqında danışmaqdan bezdiyini deyərək, sualımızı cavablandırmaq imtina edib: "Yazın ki, qərargahda, orda-burda olmuşam. Nə bilim, fərqi yoxdur”.

Keçmiş "Laçın” alayının komandiri, AXC İdarə Heyətinin üzvü polkovnik Arif Paşa həmin gün Ali Sovetin qarşısında olduğunu deyib:

"Yanvarın 19-da mən Laçında idim. Səhər-səhər zəng elədilər və mən axşamüstü Bakıya çatdım. Axşam saat 12-yə qalmış mənə dedilər ki, artıq atışma başlayıb. 12-yə 15 dəqiqə qalmış qaldığım "Azərbaycan” mehmanxanasından çıxıb Ali Sovetin qarşısına gəldim. Orda qol-qola girib dayanmışdıq ki, tanklar gələndə camaatın qarşısını alaq. O zaman mənim yanımda Türkiyə baş nazirinin indiki baş danışmanı Aygün Attar var idi”.

"Bu, imperiyanın qanlı ssenarisi idi”

AXC İdarə Heyətinin sabiq üzvü Rəhim Qazıyev 20 Yanvar ərəfəsində küçələrdə olduğunu deyib və bir sıra məqamlara aydınlıq gətirib:

"O zaman biz küçələrdə olmuşuq. Həmin günlərdə vəziyyət çox qarışıq idi. Görürdük ki, şəhərin müxtəlif yerlərində toplantılar düzəldiblər. Amma həddindən artıq şayiələr və həqiqətə uyğun olmayan iddialar var. Şəxsən öz gözlərimlə görmüşəm ki, qara "Qaz-24” maşınlarla bəzi adamlar şəhərdə qışqıraraq camaatı küçələrə səsləyirdilər. Düzdür, o, zaman mənim də maşınım var idi, amma qəza keçirdiyim üçün sürmürdüm. Əhalinin içində çoxlu sayda təxribatçılar var idi. 20 Yanvar hadisələri zamanı gəlib Sabunçu dairəsində, "Qurd qapısı”nda əhaliyə deyirdilər ki, dağılışmayın, sizə silah gətirəcəklər. Bu həyasızlıqdır. Mən bizim xalq kimi özünə böhtan atan xalq görmədim. Axırıncı, yanvarın 19-dan 20-sinə keçən gecə 12-yə 5 dəqiqə qalmış Qabil Məmmədov (AXC hakimiyyəti zamanı daxili işlər nazirinin müavini – red.) var idi, onunla "Vaz” markalı maşınla gedirdik. Biz "Olimp” mağazasının yanına çatanda atəş başladı.

Biz ordan Salyan kazarması tərəfə qalxanda artıq ZTR-lər gəlmişdi. Yəni, bütün bunlar keçmiş DTK-nın (KQB), Rusiya imperiyasının Azərbaycanda qan tökmək üçün hazırladığı ssenari idi. Təbii ki, bu da Qorbaçovun göstərişi idi. Biz yanvarın 16-da Mərkəzi Komitəyə çağırıldıq. Çağırılanlar arasında Tofiq Qasımov, Nemət Pənahlı və mən var idim. Nemət Pənəhlı tez-tez deyir ki, Rəhim Qazıyev qoymadı, mən onları girov götürmək istəyirdim. Primakov, Qrinkov, Mixailov gəlmişdilər ki, AXC İdarə Heyəti ilə danışıqlar aparsınlar. Düzdür, onda Nemət Pənahlının üstündə F-1 qumbarası və "Naqan” tipli  tapançası var idi. Binanın bütün mərtəbələri isə silahlı  ruslarla dolu idi.

Mən doğrudan da Nemət Pənahlıya yalvardım ki, heç nə eləməsin. Çünki rus 5 generalını qurban versəydi, Azərbaycan qan su yerinə axacaqdı. İndi Nemət Pənahlı deyir ki, Rəhim Qazıyevə qulaq asdım, indi təəssüf edirəm. Amma mən deyirəm ki, yaxşı ki, Nemət Pənahlı onda mənə qulaq asdı. Amma yenə də deyirəm, mən həmin ərəfələrdə hər zaman küçələrdə olmuşam. Allahın möcüzəsidir ki, sağ qalmışam. Təsəvvür edin, Şuşada da məni vurdular, ancaq ölmədim. 20 Yanvarda da mən yara almadım. Amma bəzi hallarda deyirlər ki, niyə onlardan ölən olmadı. Ölümümü mən sifariş vermirəm ki, gülləyə deyim ona dəymə, buna dəy”.

"20 Yanvar hadisəsini qəhrəmanlıq səlnaməsidir”

R.Qazıyev həmçinin AXC haqqında səslənən fikirlərə də münasibət bildirib: "Bu faciə də olsa, Azərbaycan xalqının tarixi bir dönəmi idi. Qürur mənbəyidir. Əlizadələr  (Zərdüşt və Araz Əlizadə nəzərdə tutulur-red.) isə evdə oturub şayiələr yayırlar. Zərdüşt Əlizadə də, qardaşı da şəhərdə böyümüş iki professorun övladlarıdır. Onların imkanları bizdən daha çox idi. Bunlar da kişi kimi çıxıb xalqı təxribatdan çəkindirəydilər. Evdə oturub ibarələr yaratmaqla bu qəhrəmanlıq dastanına kölgə salmaq olmaz. Xalqın müstəqillik yolunda silahsız tank qarşısına çıxması bir möcüzə idi. Bunu xırdalayaraq qiymətdən salırlar. Şəxsən mən 20 Yanvar hadisəsini qəhrəmanlıq səlnaməsi hesab edirəm. Əksəriyyəti ermənilərdən ibarət olan rus  qoşunları Bakıda dəhşətli qırğın törətdilər. Amma təəssüflər olsun ki, biz Rusiyanın adını qabartmaq istəmirik. Bu belə deyil. Qorbaçov başda olmaqla bu Rusiyanın Azərbaycana verdiyi  "ibrət dərsi” idi”.

"Etibar Məmmədov televiziyaya çıxıb xalqı dağılışmağa səsləməli idi, imkan vermədilər”

Rəhim Qazıyev həmçinin bir tarixi faktı da açıqlayıb: "Yanvarın 19-u səhər saat 10-11 radələrində Prezident Aparatı qarşısında mitinq keçirilib. Həmin mitinqdə xalqın qarşısına Yevgeni Primakov çıxdı. Xalqın tələbi rus qoşunlarının Bakıya girməməsi idi. Primakov dedi ki, mən sizə rəsmi adam kimi deyirəm ki, Bakıya ordu yeridilməyəcək. Primakov xalqa müraciət edərək dedi ki, inanmırsız, məni girov götürün. Həmin gün axşam isə Etibar Məmmədov çıxıb televiziyadan elan etməli idi ki, camaat dağılışsın. Ancaq Etibar Məmmədovun çıxışına imkan vermədilər, televiziya blokunu partlatdılar. Bunu da AXC İdarə Heyəti etmişdimi?”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları