Yuxarı

Şəhidlər Xiyabanında "mənəm-mənəmlik” davası

Şəhidlər Xiyabanında

20 Yanvar- Ümumxalq hüzn günü  Şəhidlər Xiyabanını  milyonlarla azərbaycanlı ziyarət edir. Hər il bir çox insan Azərbaycana müstəqllik qazandırmış qəhrəmanlara  olan borcunu bu şəkildə qaytarmağa çalışır. Ancaq bu cür milli məsələlərdə də fikir ayrılıqları yaranır ki, bu da əslində yolverilməzdir. Bu, təkcə 20 Yanvarla bağlı olan məsələ deyil.  Xocalı şəhidlərinin xatirəsi anılan gün-26 fevralda "Ana harayı” abidəsinin ziyarətində də eyni hal müşahidə olunur. 

Xüsusilə bəzi siyasi qüvvələr milli məsələlərdən istifadə edərək güc nümayiş etdirməyə çalışırlar ki, bu, heç də xoş olmayan mənzərə yaradır. 20 Yanvar günü yaşanan hadisələr də liderlər tərəfindən birmənalı qarşılanmayıb. Xatırladaq ki, ziyarət günü bəzi siyasi qüvvələr şəhidlərin xatirəsini anmaq üçün yox, öz olmayan varlıqlarını nümayiş etdirmək üçün güclərini səfərbər edir. Ortaya isə olduqca xoş olmayan mənzərə çıxır.    

 Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev 20 Yanvar və bu kimi digər milli məsələlərdə ayrıseçkilik etməyin tərəfdarı olmadığını deyərək müəyyən təkliflər irəli sürüb. Bildirib ki,  təşkilat və siyasi partiyaların ayrı-ayrılıqda ziyarətə getməsi doğru deyil.

"20 Yanvar üzərindən təbliğat, siyasət qurmaq yanlışdır. Siyasi partiyalar, təşkilatlar, birliklər ayrı-ayrılıqda getməklə xalqı parçalamış və demokratiya uğrunda mübarizə ruhuna xələl gətirmiş olurlar. Kimliyimizi, nəçiliyimizi, mövqeyimizi bir kənara qoyub birlikdə getməliyik. Nə müxalifət, nə də iqtidar ayrı-ayrılıqda getməlidir. Ən doğru seçim müxalifətin də dövlət başçısı ilə birlikdə şəhidlikləri ziyarət etməsidir”,- deyə Razi Nurullayev mövqeyini açıqlayıb.

Ancaq digər siyasi qüvvələr, xüsusilə də ənənəvi müxalifət fərqli mövqe sərgiləyir. 20 Yanvar, Xocalı soyqırımı kimi milli məsələlərdən də siyasi divident əldə etməyə çalışmaq, "mənimlə daha çox adam gəldi” demək üçün qruplaşmaq nə dərəcədə doğrudur?

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Cebhe.info-ya şərhində deyib ki, ölkədə siyasi rəqabət şərtləri dəyişməlidir:

"Bu şərtlər dəyişməsə, tərəflər bir-birini ittiham edəcək, məsafə saxlayacaq və milli məsələlərdə birlik olmayacaq. Bu baxımdan hesab edirəm ki, bu ənənənin başlanğıcı hakimiyyətdən gəlməlidir. Nəhayət etiraf olunmalıdır ki, ölkədə fərqli ideologiyaya, siyasi davranışa sahib olan kəsim var. Bu kəsimi küncə sıxmaq, nələrdənsə məhrum etmək olar, amma bunun axırına çıxmaq mümkün deyil. Çörçill deyir ki, hakimiyyətlər nə qədər güclü olursa olsun, bir şeyə gücü çatmır, o da özlərinə süni müxalifət yaratmaqdır. Bu, bütün ölkələrdə belədir. Azərbaycanda da bəzi müxaliflər qüsursuz deyil. Hakimiyyətin onlara təqdim etdiyi düşmənçilik xəttini davam etdirirlər. Hesab edirəm ki, bu cür davranış bütövlükdə cəmiyyətin ziyanınadır. Bəzi müxalif qüvvələr normal siyasi mühitdə sıradan çıxacaqlarını anlayır və ona görə də bu cür davranış sərgiləyirlər. Onlar münasibətlərin bu yerə gəlib çatmasına "nail olublar”.

Milli məsələlərdə fikir ayrılığı olmamalıdır. Bu məsələdə Türkiyəni nümunə gətirmək olar. Heç kim bir neçə il öncə düşünməzdi ki, millətçilər Ərdoğanı dəstəkləyə bilər. Ancaq MHP lideri Dövlət Baxçalının 2 il sonra keçiriləcək prezident seçkilərində AKP-nin namizədini dəstəkləyəcəyinə dair bəyanat verməsi ciddi örnəkdir.  Digər tərəfdən Afrin əməliyyatında bütün siyasi qüvvələr hakimiyyətin, ordunun  yanında olduğunu bəyan etdi. Hesab edirəm ki, oturuşmuş sistemdə iqtidar-müxalifət münasibətləri bu cür olmalıdır”.

AG Partiyanın sədri Tural Abbaslı da həmkarı ilə eyni fikirləri bölüşür. T.Abbaslı hesab edir ki, iqtidar-müxalifət münasibətləri normal səviyyədə deyil:

"Təbii ki, dünya dövlətlərində bu cür milli məsələlər məhz birlik şəklində qeyd olunur. Məsələn, Türkiyədə Atatürkün məqbərəsini iqtidar və müxalifət birgə ziyarət edir. ABŞ-da 11 sentyabr hadisələri də eynilə birlik şəklində yad edilir. Ümumiyyətlə, dünya dövlətlərinə baxdıqda görürük ki, ümummilli bayramlar və milli hüzn günlərində iqtidar- müxalifət ayrıseçkiliyi olmur. Müxalifət də iqtidar kimi ölkə siyasətinin bir qanadıdır. Bunları bir-birindən ayırmaq olmaz. Bizdə isə əvvəldən siyasi münasibətlər normal səviyyədə qurulmayıb. Əslində siyasət ideologiyanın, siyasi xəttin mübarizəsidir. Partiya sədrləri bir-biri ilə şəxsi, məişət səviyyəsində mübarizə aparırlar. Bu da  bugünki vəziyyətə gətirib çıxarıb.

Düşünürəm ki, burada ilk addımı hakimiyyət atmalıdır. Hakimiyyət istər 20 Yanvar, istər 28 May, istər 26 fevralda  keçirilən tədbirlərə müxalifət liderlərini də dəvət etməlidir. Ziyarət zamanı iqtidarla yanaşı müxalifət nümayəndələri də dayanmalıdır. Hesab edirəm ki, bu protokol qaydasına salınmalıdır. Yəni, belə olsa yaxşı olar yox, bu, onsuz da belə olmalıdır. Əlindəki resurslardan, gücdən istifadə edib iqtidar bu addımı atsa, düşünürəm ki, sağlam müxalifət də bu çağırışa müsbət cavab verəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları