Yuxarı

Müxalifətin gündəmində seçki: Namizədlər, seçki qərargahı və hazırlıq...

Müxalifətin gündəmində seçki: Namizədlər, seçki qərargahı və hazırlıq...

Ölkədə prezident seçkilərinə hazırlıq prosesi davam edir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) rəsmi qaydada namizədini açıqlamayıb. Ancaq  partiya rəsmilərinin açıqlamalarından görünür ki, 2018-ci ildə də YAP-ın namizədi  prezident İlham Əliyev olacaq. İlkin görüntü ondan ibarətdir ki, ənənəvi müxalifət seçkiyə yenə də pərakəndə şəkildə gedəcək. Çünki bu düşərgənin tərkibində olan bir sıra qüvvələr var ki, daim müxalifətin vahid seçki taktikasını əngəlləyib, birgə iştiraka mane olublar.

Seçkidə iştirakla bağlı qərar verən partiyalar birləşmə tərəfdarı olduqlarını desələr də, hələ ki, heç bir ənənəvi müxalifət lideri bu birliyə qoşulmaq üçün təşəbbüs göstərməyib. Prezident seçkilərində iştirak edəcək müxalif namizədlər isə artıq demək olar ki, bəllidir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak edəcək. AXCP sədri Razi Nurullayev  2016-cı ilin dekabr ayında partiyasının seçkilərdə iştirak edəcəyini rəsmən bəyan edib. AXCP sədri tərəfindən hətta 2018-ci il dəyişiklik ili elan olunub. Sonradan bu istiqamətdə müxtəlif işlər aparan partiya rayonlarda və paytaxtda bir sıra görüşlər keçirib. Beynəlxalq Mətbuat Mərkəzində (BMM) müxalifət nümayəndələrinin, ziyalıların və partiya funksionerlərinin iştirakilə dəyirmi masa keçirən AXCP prezident seçkilərində iştirakını rəsmən bəyan etməklə yanaşı müxalifətə birlik təklif edib. Qeyd edək ki, Razi Nurullayev müxalifətin birləşməsi üçün dekabr ayının 31-inə qədər vaxt vermiş,  bundan sonra gələcək müraciətlərin gecikmiş hesab ediləcəyini bildirmişdi. Görünən odur ki, 2018-ci il prezident seçkilərində AXCP partiya sədri Razi Nurullayevin namizədliyi ilə iştirak edəcək.

Prezident seçkilərində iştirak edəcəyini  rəsmi şəkildə bəyan edən qurumlardan biri də Vədəndaş və İnkişaf Partiyasıdır (VİP). Qeyd edək ki, artıq VİP seçki qərargahı yaradıb və prosesə ciddi şəkildə hazırlaşır. Partiya sədri Əli Əliyev 2017-ci ilin yekunlarına dair keçirdiyi konfransda seçkidə maksimum nəticə əldə etmək üçün çalışacaqlarını bildirib. VİP sədri Əli Əliyev də müxalifətin birləşərək seçkiyə getməsinin tərəfdarı olduğunu bəyan edib, ancaq  Əli Əliyevin birlik təklifi digər müxalifər tərəfindən cavabsız qalıb. İndilik görünən odur ki, VİP seçkilərə partiya sədri Əli Əliyevin namizədliyi ilə gedəcək.

Müsavat Partiyası da prezident seçkilərində iştirak edəcəyini rəsmi şəkildə bəyan edib. Partiyanın namizədi isə sabiq başqan İsa Qəmbər olacaq. Müsavat Partiyası 2014-cü ildə keçirdiyi qurultayda bu haqda qərar qəbul edib və partiyanın namizədini qurultay müəyyənlşdirib. Müsavat Partiyasının namizədi İsa Qəmbər artıq seçki qərargahı yaratdıqlarını bəyan edib. Partiyadan verilən məlumata  görə,  seçki ilə bağlı hazırlıq işləri davam edir. Bir müddət öncə İsa Qəmbərin səhhətində müəyyən problemlər yaranması Müsavat Partiyasının namizədinin dəyişəcəyi haqqında müxtəlif söz-söhbətlərin yayılmasına rəvac verib. Ancaq partiya sədri Arif Hacılı Cebhe.info-ya  açıqlamasında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib, Müsavatın seçkiyə İsa Qəmbərin namizədliyi ilə gedəcəyini açıqlayıb.

Seçkidə iştirakla bağlı mövqeyini açıqlayan digər partiya  Klassik Xalq Cəbhəsi Partiyasıdır (KXCP). Bu haqda KXCP Ali Məclisinin 28 yanavar tarixində keçirdiyi növbəti iclasda qərar verilib. Partiyanın Ali Məclisi KXCP sədri Mirmahmud Mirəlioğlunun növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu rəhbərlik etdiyi partiyanın seçkilərdə formal olaraq iştirak edəcəyini açıqlayıb. 

AĞ Partiyanın sədri Tural Abbaslı seçki ilə bağlı müəyyən işlər görüldüyünü deyib. T.Abbaslı həmçinin seçkidə öz namizədləri ilə iştirak etməyə çalışacaqlarını bildirib.

Ənənəvi müxalifət təmsilçisi "Yurd” və Milli Şura isə hələ ki, prezident seçkilərində iştirakla bağlı heç bir rəsmi açıqlama verməyib. Məlumdur ki, Milli Şura 2013-cü il seçkilərində iflasa uğrayıb və məğlub təşkilat kimi yadda qalıb. Rusiyanın layihəsi olduğu artıq təsdiqini tapan Milli Şura görünür ki, artıq özünə başqa havadar axtarır. Seçki ilə bağlı qərarı da məhz yeni havadarın maraqlarına uyğun verəcək. Qeyd edək ki, Milli Şura layihəsinin ideya müəllifi olamsa da, icraçısı Əli Kərimli bu günə qədər heç bir seçkidə iştirak etməyib və maraqlarını digər şəxslər üzərindən həyata keçirməyə çalışıb. Ehtimal olunur ki, bu dəfə də Əli Kərimli seçkilərə yeni havadarlarla və yeni layihə ilə gedəcək.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları