Yuxarı

Ermənilər sülh istəmir: Çıxış yolu müharibədir

Ermənilər sülh istəmir: Çıxış yolu müharibədir

Ermənilərin cəmi 8 faizi Azərbaycana güzəşt tərəfdarıdır.Ermənistanda, o cümlədən, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətində yaşayanlar rəsmi Bakıya hər hansı güzəştin əleyhinə çıxırlar.Onlar sülh şanslarına getdikcə daha bədbin yanaşırlar.Müəllif Joshua Kucera aparılan yeni sorğuya istinadla qeyd edir ki, son illər Ermənistanda qarşı tərəfə münasibət sərtləşib və bu, 2016-cı ilin aprel döyüşlərindən sonra daha da güclənib. Axı, Ermənistan 1994-cü il atəşkəsindən bəri ilk dəfə həmin döyüşlərdə ərazi itirdi.

2004-cü ildə keçirilmiş bir sorğu ermənistanlıların üçdə ikisinin sülh naminə Azərbaycana bəzi güzəştlərə getməsinə dəstək bildirmişdilər. Amma 2017-ci il sorğusu "güzəştə hazırlığın ciddi azaldığını” üzə çıxarıb. Cəmi 8 faiz güzəştə dəstək bildirib.Hesabat müəllifləri qeyd edirlər ki, "Ermənistanda və Dağlıq Qarabağda barışmaz mövqe ənənəvi forma almağa başlayıb.Bu yanaşmalar münaqişənin dinc yolla həlli perspektivlərinə təhlükə yaradır”.İrəvanda yerləşən Qafqaz İnstitutu bu əhval-ruhiyyəni bəzi məlumatlarla dolğunlaşdırır: "Azərbaycanlılarla fərdi dostluq fikrində olanların sayı da azalmaqdadır. 2009-cu ildə keçirilmiş sorğulara görə, ermənilərin 30 faizi azərbaycanlıyla dostluğu mümkün sayırdı, azərbaycanlıların cəmi bir faizi ermənilər barədə belə bir düşüncədə olduğunu paylaşmışdı.Bu nəhəng fərq təəssüf ki, son illər azalmaqdadır”.

Son sorğuda bu iddianı dəstəkləyəcək rəqəm göstərilməsə də, azərbaycanlılarla biznes qurmaq istəyən ermənilərin sayında ciddi azalma olduğunu üzə çıxarır.2009-cu ildə bu rəqəm 35 faiz idi, 2015-ci ildə 17 faizə düşüb. Erməni eksperti hesab edir ki, iki il öncəki ağır döyüşlərdən sonra tendensiya daha da pisləşib: "2016-cı ilin aprelindən münasibətlər daha da radikallaşıb. Bir tərəfdən, ərazi itirmişik, digər tərəfdən, çox adam qisas almaq, məsələni müharibə yoluyla birdəfəlik həll etmək istəyir”.

Müəllif hesabatda bir sıra maraqlı məqamların olduğunu bildirir.Belə ki, Azərbaycanla, yaxud Qarabağla sərhədə daha yaxın yaşayanlar arasında müharibə sarıdan bədbinlik daha böyükdür.Ermənistanlıların çoxu Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini dəstəkləmir.Amma müharibə istəyənlər ya gənclər (18-24 yaşlılar), ya da 45-54 yaş arasında olanlardır, yəni, "1991-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etmiş nəsil.

Ermənistan əhalisinin güzəştə getmək istəməsi onu göstərir ki, ermənilərlə hər hansı dialoq mümkün deyil.Azərbaycan üçün ikinci aprel döyüşlərini təkrarlamaqdan başqa çıxış yolu qalmır.

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə bildirib ki, Ermənistanda keçirilən sosioloji sorğu və onun nəticələri ilə bağlı təqdim olunan informasiyaya güvənmək mümkün deyil:

"Çünki sosioloji sorğu bu cür avtoritar rejimlərdə başda da Rusiya olmaqla sosial manipulyasiya aləti olaraq istifadə olunur. İctimai rəy adına təqdim olunan bu cür sorğular əslində həqiqəti əks etdirmir. Çünki bu gün Ermənistanda yaşayan əhalinin əksəriyyəti məhz Dağlıq Qarabağ problemi ilə bağlı çox böyük məhdudiyyətlərə düçar olub.Ermənistanda həmin sosioloji sorğuya cavab verən əhalinin böyük əksəriyyətinin uşaqları xarici ölkələrin küçələrində böyük məhrumiyyətlərlə üz-üzədir.Belə olan halda bu necə cəmiyyətdir ki, onun üçün süni yaradılan Dağlıq Qarabağ problemində hər hansı bir güzəştə razı olmasın? Hazırda Ermənistan ictimai rəyində hakim  olan əsas fikirlərdən biri də budur ki, Dağlıq Qarabağ bütövlükdə Ermənistan cəmiyyəti üçün böyük bir yükdür və bu yükdən tədricən azad olmaq lazımdır. Ona görə də hesab edirəm ki, bu sosioloji sorğu konkret hakimiyyətdə olan Sarkisyan hərbi xuntasının maraqlarına xidmət edir.Bununla da bir növ ictimai rəy yaratmaq istəyirlər”.

Analitik hesab edir ki, Ermənistanda cəmiyyətin nə düşünüb-düşünməməsindən asılı olmayaraq ictimai rəy hakimiyyətdə olan Qarabağ klanı Sarkisyan xuntasının qərarlarına heç bir təsir etmir:

"Bu gün Minsk Qrupu həmsədr dövlətlərinin də işğalçı Ermənistana təzyiqlə bağlı hər hansı bir məhdudiyyətlər yaratdığını görmürük. Yaxın zaman çərçivəsində də bu təzyiqlərin olacağını kimsə iddia edə bilməz.Belə olan halda təbii ki, Ermənistan sülh masası ətrafında yalnız atəşkəs mexanizmlərinin yaradılması və gücləndirilməsində maraqlı olacaq.Substantiv məsələlərin müzakirə olunmasında maraqlı olmayacaq.Bunun qarşısını almaq üçün zaman-zaman cəbhədə müxtəlif təxribatlar törədəcəklər.Biz artıq bunu 10 illərdir ki, müşahidə edirik.Azərbaycan 25 ildən çoxdur onun üçün yaradılan bu dairədən də, proseslərin arxasınca sürünməkdən də çıxmalıdır. Azərbaycan elə bir proses yaratmalıdır ki, Ermənistan və onun havadarları rəsmi Bakının yaratdığı proseslərin arxasınca sürünmək məcburiyyətində qalsın. Azərbaycan getdikcə tələblərini daha da radikallaşdırmalıdır.Artıq Ermənistana hansısa güzəştlər və yaxud da bir neçə rayonun azad olunması ilə bağlı danışıqları dayandırmalı, işğalçı ölkədən qeyd-şərtsiz və dərhal zəbt etdikləri torpaqlardan çıxmağı tələb etməlidir.Bu məsələni beynəlxalq səviyyədə beynəlxalq təşkilatlara bəyan etməlidir.Azərbaycanın bu bəyanatına qarşı hər hansı bir reaksiya olmadığı təqdirdə, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilən hüquqa uyğun olaraq terrorçulardan işğal olunmuş ərazilərini təmizləmə əməliyyatına başlamalıdır”.

Natiq Mirinin qənaətincə, Azərbaycan əski siyasətdən vaz keçməli, daha qətiyyətli addımlar atmaqla qısa müddətdə hərbi əməliyyatlara başlamalıdır:

"Azərbaycan üçün bu yöndə elə çətinliklər yoxdur. Çünki Dağlıq Qarabağ ətrafında işğal olunan 7 rayonda demək olar ki, erməni əhalisi yaşamır.Belə olan halda həm havadan, həm də quru qoşunları vasitəsilə Azərbaycan qısa müddətdə bir neçə yaşayış məntəqəsini çox sürətlə azad etmək imkanına malikdir.Yalnız bundan sonra mövqeləri güclü şəkildə sülh masasına oturaraq iddiasını ortaya qoymalıdır.Bu gün yeganə çıxış yol budur.Hesab edirəm ki, Azərbaycan hakimiyyəti qorxaq siyasətinə son verərək nə vaxt bu siyasətə üstünlük verərsə, onda Dağlıq Qarabağ da dünyanın bir nömrəli prioritet siyasətinə çevriləcək”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları